Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovun anadan olmasının 60 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov açaraq Naxçıvan musiqi mədəniyyətinə dəyərli töhfələr vermiş Şəmsəddin Qasımovu təbrik edib və ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, Şəmsəddin Qasımov Naxçıvan şəhərindəki 1 nömrəli Uşaq musiqi məktəbini bitirdikdən sonra təhsilini Asəf Zeynallı adına Musiqi məktəbində davam etdirib, sonra isə Azərbaycan İncəsənət Universitetini bitirib. O, muxtar respublikanın bir sıra uşaq musiqi məktəblərində müəllim işləyib. Şəmsəddin Qasımov bəstəkarlıqla bərabər, bu gün də pedaqoji fəaliyyətini davam etdirir, Naxçıvan Dövlət Universitetində gənclərə musiqimizi tədris edir.
Qeyd olunub ki, Şəmsəddin Qasımov bəstəkarlığa tələbəlik illərində başlayıb, bu illərdə onlarla mahnı bəstələyib. Onun musiqi sahəsində xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, iki dəfə Prezident mükafatına, 2005-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin rəhbər və dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının məsul katibi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Kamal Əhmədov, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev və başqaları Şəmsəddin Qasımovu təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.
Çıxışlarda qeyd olunub ki, bəstəkarın musiqisində lirik əhval-ruhiyyə özünü həmişə göstərir. Onun mahnılarında bu xüsusiyyəti daha aydın görmək olar. “Unut bu sevdanı”, “Nə deyim”, “Xatirələr”, “Dedin məhəbbət hanı?”, “Anlamadın məni” və başqa çoxsaylı mahnılarında lirik əhval-ruhiyyə güclüdür. Bəstəkarın Vətənimizin gözəllikləri və şəhidlərin xatirəsinə həsr olunmuş əsərləri, romans və marşları onun yaradıcılığının əlvanlığını göstərir.
Bildirilib ki, bəstəkar çoxsaylı səhnə əsərlərinə də musiqi bəstələyib. Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Dövlət Kukla Teatrı, xalq teatrlarının tamaşalarına yazdığı musiqilər onun bu sahədə də məhsuldar işlədiyini göstərir. “Koroğlunun Çənlibelə qayıdışı”, “Araz sahilində doğan Günəş”, “Mirzə Fətəli”, “İblis”, “Hökmdar və qızı”, “Sizi deyib gəlmişəm”, “Hacı Qara”, “Ezop”, “Bəxtsiz cavan”, “Manqurt”, “Yollara iz düşür”, “Cik-cik xanım”, “Tənbəl Əhməd” və başqa tamaşalara yazılmış musiqilər Şəmsəddin Qasımovun bu sahədə istedadının göstəricisidir.
Tədbirdə bəstəkarın mahnıları səsləndirilib.
Sonda çıxış edən bəstəkar Şəmsəddin Qasımov muxtar respublikamızda mədəniyyətə və incəsənətə göstərilən dövlət qayğısından danışıb, yubileyinin qeyd edilməsi, ona göstərilən diqqət və qayğı üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib, bundan sonra da musiqi mədəniyyətimizin inkişafı üçün çalışacağını bildirib.
Əli RZAYEV