“Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən, milli mətbuatın 140 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin plana uyğun olaraq, tədbirlər keçiriləcək, milli mətbuatın keçdiyi inkişaf yolu barədə yazılar hazırlanıb oxuculara təqdim ediləcək.
“Şərq qapısı” qəzeti ölkənin qocaman mətbuat orqanlarından biridir. Qəzet ötən dövr ərzində muxtar respublikanın ictimai-siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynamış, dövrün, zamanın salnaməsinin yaradılmasında şərəfli bir yol keçmişdir. “Şərq qapısı”nda güclü jurnalistlər məktəbi yaranmış, mətbuat orqanında çalışanlar öz vəzifə borclarını ləyaqətlə yerinə yetirməyə səy göstərmiş, qəzetin regionun aynasına çevrilməsi üçün bacarıqlarını əsirgəməmiş və buna nail ola bilmişlər. Qəzetimizin bu nömrəsindən başlayaraq “Şərq qapısı”nın keçdiyi yol haqqında silsilə yazılar dərc olunacaq. “Şərq qapısı” qəzetinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyidin “Cavanlar həyatı”, “Füqəra səsi” qəzetləri “Şərq qapısı”nın sələfi kimi” adlı ilk yazısını oxuculara təqdim edirik.
Ötən əsrin 20-ci illərində Naxçıvan İnqilab Komitəsinin ilk tədbirlərindən biri mətbu orqanın yaradılması olmuşdur. İnqilabın ilk illərində Naxçıvanda İnqilab Komitəsinin orqanı olan “Kommunist” qəzeti nəşr edilməyə başlayır. Filologiya elmləri namizədi Lətif Hüseynzadə qeyd edirdi ki, qəzetin yazılmasına gözəl xətti olan məktəblilər və müəllimlər cəlb edilirdilər. O, öz məqaləsində bu qəzetin 50-60 nüsxə, 2 səhifə həcmində ərəb əlifbası ilə əlyazma şəklində buraxılması haqqında məlumat verir. Bu mətbu orqanın nəşrində Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Cümşüd Zülfüqarlı və uzun müddət məsul vəzifələrdə çalışmış Nemət Novruzovun böyük xidmətləri olmuşdur. Qəzet hazır olduqdan sonra şəhərin müxtəlif yerlərində divarlardan asılarmış. Qısa müddətdən sonra vərəqələr dövrün tələblərinə cavab vermədiyi üçün nəşri dayandırılır.
“Şərq qapısı” qəzetinin 31 mart 1925-ci il tarixli 100-cü nömrəsində bu haqda belə məlumat verilir: “1921-ci ilin əvvəllərində Ölkə İnqilab Komitəsinin daxili işlər şöbəsi tərəfindən divar qəzetəsinə oxşar əl yazısı ilə “Kommunist” nam qəzetəsinin nəşrinə şüru edildi. Bu qəzetə həftədə bir dəfə olaraq əlli nüsxə buraxılırdı. Bir neçə vaxt keçəndən həman qəzetə bir taqım səbəblərdən qapanmağa məcbur oldu. Bundan sonra mərkəz ilə əlaqə, bir növ, düzəlincə Naxçıvana rus hürufatı ilə bir Amerikanka (makina) gətirilməsindən istifadə edərək rus dilində İnqilab Komitəsi tərəfindən “Naxrespublika” namında 2 səhifəlik qəzetənin nəşrinə şüru edilsə də, yenə də göstərilən səbəblərə görə bağlanmağa məcbur oldu”.
Beləliklə, buradan aydın olduğu kimi, 1921-ci ildə Naxçıvan İnqilab Komitəsi Bakıdan ərəb və rus şriftləri olan mətbəə avadanlığı və bu avadanlığı işlətmək üçün iki mütəxəssis gətirmişdir. Görülən ilk tədbirlərdən biri də 1921-ci ildə iki qəzetin nəşrinə başlamaq olur. Bu qəzetlərdən biri İnqilab Komitəsinin və hərbi hissənin orqanı olan, çətinliklər üzündən qısa müddətdə nəşrini dayandıran “Naxrespublika” qəzeti, ikincisi həmin ilin noyabr ayının birindən, şənbə günü “Cavanlar həyatı” adı ilə nəşr olunan qəzet idi. Maraq doğuran məqamlardan biri də odur ki, qəzetin üz səhifəsində bu mətbu orqanın nəşri tarixi 9 noyabr yazılmasına baxmayaraq, bütün elmi məqalələrdə qəzetin 1 noyabrdan işıq üzü görməsi haqda məlumatlar öz əksini tapmışdır. Bu məsələyə aydınlıq gətirmək üçün Lətif Hüseynzadənin “İlk komsomol qəzeti” başlıqlı məqaləsinə müraciət etmək lazım gəlir: “Cavanlar həyatı” qəzeti 1921-ci ilin noyabr ayının 1-dən nəşrə başlamışdır. (Bəzi texniki səbəblər üzündən qəzet noyabrın 9-da nəşr olunmuşdur)”. “Cavanlar həyatı” qəzetinin nəşrində əsas məqsəd o dövrdə ictimai həyatın bütün sahələrindəki yenilikləri xalqa çatdırmaq olmuşdur.
“Cavanlar həyatı” ərəb əlifbası ilə kiçik həcmdə vərəqə şəklində çap edilirdi. Müxbirlərin və mətbəə avadanlığının çatışmaması, əhalinin savadsızlığı ucbatından tirajı 100-150-dən artıq olmayan qəzetin nəşri tez-tez dayandırılırdı. “Cümlə cahan füqərayi kasibəsi toplaşın!” şüarı altında nəşr olunan qəzetin ilk nömrəsində “1 noyabr”, “Cocuq həftəsi”, “Naxçıvan xəbərləri”, “Ərazi komissarlığının məlumatı” başlıqlı məqalələr və başqa məlumatlar verilmişdir.
“1 noyabr” adlı baş məqalədə qəzetin nəşr olunma zərurəti və gələcək fəaliyyəti haqqında məlumat verilmişdir: “Bu gündən etibarən Naxçıvanda Azərbaycan Gənclər İttifaqının Naxçıvan Ölkə Komitəsi tərəfindən bu ruznamənin nəşrinə iqdam olundu. Bu ruznamə gələcəkdə cavanlar ittifaqının nə olduğunu, cavanların gələcəkdə ümumdünya sahəsində nə kimi rol oynamalı olduqlarını fəhlə və kəndli cavanlarına bəqədri imkan bildirəcək. Əminik ki, qeyrətli və məharətli cavanlarımızın məhəbbət və məvəddətindən tutduğu yol, boynumuza aldığımız vəzifə gələcəkdə ifa olunar”.
“Cocuq həftəsi”ndə Naxçıvan Mərkəzi İnqilab Komitəsinin dekretinə əsasən, Xalq Maarif Komissarlığı tərəfindən noyabr ayının 1-də elan olunan Cocuq həftəsinin təşkili və keçirilməsində komsomol təşkilatının üzərinə düşən vəzifələrdən bəhs olunurdu. “Cocuqlar bizim amalımız olduğu üçün gərək camaat var qüvvələri ilə bu həftənin gözəl keçməsinə səy etsin” deyən komsomol təşkilatı hələ ilk gündən yeni nəslin kommunist əxlaqı ruhunda tərbiyə edilməsi işindəki rolunu qəzetin birinci nömrəsində ifadə etmişdir.
“Naxçıvan xəbərləri” rubrikası altında muxtar respublikanın aktual ictimai-siyasi məsələlərinə dair yazılar dərc edilmişdir. Məqalədə göstərilir ki, oktyabrın 29-da Azərbaycan Gənclər İttifaqının Mərkəzi Komitəsi tərəfindən Naxçıvan Ölkə Komitəsinə teleqram göndərilmişdir. Teleqramda Azərbaycan komsomolunun III ildönümünün bütün Azərbaycan rayonlarında olduğu kimi, Naxçıvan Respublikasında da təntənə ilə qeyd edilməsi göstərilir. Məqalə Naxçıvan komsomol təşkilatının respublika daxilində apardığı ictimai işləri və gənclərin mübarizə tarixini əks etdirir. Qəzetin sonunda “Baş mühərrir Həmid” sözləri yazılmışdır.
1921-ci ilin dekabr ayından qəzet həftədə bir dəfə olmaqla daha geniş həcmdə “Füqəra səsi” ilə əvəz olunur. Qəzetin üz səhifəsində “AK(b)P Naxçıvan Ölkə Komitəsinin, Naxçıvan İctimai Şura Cümhuriyyətinin, Mərkəzi İcraiyyə Komitəsinin və Həmkarlar İttifaqı Şurasının naşiri-əfkarı olan, həftədə bir dəfə çıxan türk qəzetidir” sözləri yazılmışdır.
“Şərq qapısı” qəzetinin 10 illik yubiley nömrəsində qəzetin yaranma tarixi belə təqdim olunur: “1921-ci ilin tam noyabrın 1-dən bu gün 10 yaşını keçirən “Şərq qapısı”nın ilk rüşeymi 3 sütundan ibarət “Cavanlar həyatı” adında kiçik bir qəzetdən ibarət olmuşdur. Bu qəzet bir az sonra – 1921-ci ilin son həftələrindən “Füqəra səsi” ilə əvəz edilmişdir. Bu qəzet həftədə bir dəfə çıxmaqla ölkənin iqtisadi və siyasi məsələlərini əhatə edərək günü-gündən öz nüfuzunu artırmaqla və həm də tirajı etibarilə böyüməkdə idi. 1922-ci ilin yanvar ayında Azərbaycanda lazımi qədər mətbəə ləvazimatı alındıqdan sonra “Füqəra səsi” öz mövqeyini bu gün 10 sənəlik yubileyini keçirdiyimiz “Şərq qapısı”na vermişdir”.
Lətif Hüseynzadə isə “Şərq qapısı” qəzetinin 60 illik yubiley nömrəsində bu tarixi hadisəyə qiymət verərək yazırdı: “Füqəra səsi” “Cavanlar həyatı” qəzetinin inqilabi ənənələrini davam etdirərək dil və üslub xüsusiyyətlərinə, məqalələrinin keyfiyyətinə görə əvvəlki qəzetə nisbətən daha təkmil nəşr olunurdu”.
“Füqəra səsi” qəzetinin heç bir nömrəsi arxivlərimizdə qorunmadığından bu haqda qəti fikir söyləmək çətindir. Eləcə də qəzetin dekabrın sonu, yoxsa yanvarın əvvəllərində nəşr olunması faktı ətrafında mübahisəli suallar dolaşmaqdadır. Sonrakı tarixlərdə qəzetin 50 və 60 illik yubiley nömrələrinin dekabrın son günləri və yanvarın əvvəllərində qeyd olunması, ötən dövr ərzində qəzetin heç bir yubiley tarixinin 1 noyabr günündə xatırlanmaması mövzu ətrafında təzadlı fikirlərin yaranmasına səbəb olmuşdur.
Tarixdən gətirdiyimiz digər faktlar isə yuxarıda göstərilən məlumatlarla uyğunlaşmadığından konkret olaraq “Şərq qapısı” qəzetinin sələfinin noyabrın əvvəllərində işıq üzü görən “Cavanlar həyatı”, yoxsa dekabrın son günlərində dərc edilən “Füqəra səsi” olduğunun hələ də sual altında qaldığını göstərir.
Başqa bir tarixi məlumat üzərində dayanmaq yerinə düşərdi. Qəzetin 100-cü nömrəsinə həsr olunmuş xüsusi buraxılışda əsas səhifədəki “Yüz nömrə” başlıqlı məqalədə yazılır: “1922-ci ildə Ölkə Firqə Komitəsi tərəfindən “Füqəra səsi” qəzetəsinin intişarına başlanıldı. Bir neçə nömrə çıxandan sonra makina hürufatının, ələlxüsus kağızın olmadığından bu qəzetə də əvvəlkilər kimi çox uzun ömür sürmədi” .
Daha sonra məqalə müəllifi “Şərq qapısı”nın yaranma tarixini belə xatırlayır: “1922-ci ildə yoldaş Əhməd Haşımov xalq maarif komissarı vəzifəsini ifa edən zaman Azərbaycan hökuməti ilə əlaqəyə girib və indi mövcud olan makinələri bir az miqdarda hürufat ilə Naxçıvana gətirdilər. Bundan sonra Ölkə Firqə Komitəsi və Mərkəzi İcraiyyə Komitəsi tərəfindən “Şərq qapısı” namında qəzetənin nəşrinə başlanılsa da, həman qəzetənin müdire-məsulunun ölkədən getməsi bir tərəfdən, müxbirlərin olmaması, maddi zəiflik və bu kimi səbəblər bu qəzetənin qapanmasına bais oldu”.
Qəzetin mətbəə və avadanlıq məsələsi 1922-ci il dekabr ayının 9-da Naxçıvan Xalq Komissarları Sovetinin iclasında müzakirə olunur və müvafiq qərar qəbul edilir.
Məqalədə daha sonra deyilir: “1923-cü ildə Naxçıvan hökumətinin şuralaşması günü münasibətilə Ölkə Firqə Komitəsinin məsul katibi yoldaş Tahirovun təşəbbüsü ilə yenidən “Şərq qapısı” qəzetəsinin intişarına başlanıldı. İndiyə tək bu qəzetə davam edir”.
Beləliklə, belə nəticəyə gəlmək olar ki, Gənclər İttifaqının orqanı olaraq həyata vəsiqə alan “Cavanlar həyatı”nın qısa müddət ərzində təkmilləşərək daha geniş formatda və məzmunda nəşrini davam etdirməsi siyasi baxımdan daha önəmli olduğundan hakimiyyət “Füqəra səsi”nin davamlılığında məqsədli olmuş və həmin qəzet 1922-ci ilin aprel ayından “Şərq qapısı” adı altında yenidən bərpa olunsa da, 1923-cü ilin ortalarından varlığını bu günədək qoruyub saxlaya bilmişdir.
“Şərq qapısı” qəzeti 1930-cu ilədək ərəb, 1930-1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunub. Həmin dövrdən indiyədək latın əlifbası ilə nəşr olunur.
(Ardı var)
Surə Seyid
filologiya üzrə fəlsəfə doktoru