Türkiyəli rəssamlar qədim diyarımızın tarixinə və bugünkü növrağına heyran qalıblar
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyə Gözəl Sənət Əsərləri Sahibləri Peşə Birliyinin (GESAM) 30 nəfər üzvünün rəsm sərgisi təşkil olunub. Rəsm əsərlərinin, fotoşəkillərin və heykəltəraşlıq nümunələrinin nümayiş etdirildiyi sərgidə 70 əsər sənətsevərlərə təqdim edilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonunda GESAM-ın idarə heyətinin üzvü və Türkiyə Respublikası Turizm Nazirliyinin əməkdaşı Nezih Demirtepe, həmin təşkilatın üzvü Erdal Bölükbaşı və Türkiyə Respublikasının Turizm Nazirliyinin nümayəndəsi və TRT-nin İdarə Heyətinin üzvü Orhan Kalkanla sərginin sonuncu günü görüşüb həmsöhbət olduq, Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.
Nezih Demirtepe: – Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan incəsənətinin nümayəndələri ölkəmizdə tanınır və sevilirlər. Türkiyə və Azərbaycan arasında mədəni-kulturoloji əlaqələr ilbəil genişləndirilir. Belə tədbirlər hər iki ölkənin mədəniyyətini daha da sıx birləşdirir. İyunun 25-dək nümayişi davam edən sərgidə Türkiyənin peşəkar rəssamlarından Leyla Afacan Kodaman, Metin İlyas Aksoy, Füsun Altuğ, Hasan Çakır, Hüsnü Kaçmaz, Saniye Doğramacı, Sevgi Kayalıoğlu, Nilufer İnaltonq ilə bərabər mənim, Can Akının, Canan Özdemirin, Ahmet Vildan Büyükekşinin, heykəltəraş Nəcməddin Yağcının əsərləri yer almışdı. Bu sərgi naxçıvanlı sənətsevərlərdə Türkiyənin gəzməli-görməli yerləri, Türkiyə insanının müasir yaşayış, düşüncə tərzi haqda aydın təsəvvürün formalaşmasına imkan yaradır. İdarə heyətinin üzvü olduğum GESAM təşkilatının xətti ilə ölkənizin paytaxtı Bakı şəhərində Türkiyənin Azərbaycandakı Səfirliyinin keçirdiyi bir neçə tədbirə qatılmışam. Naxçıvana isə ilk gəlişimdir. Naxçıvanlı rəssamlar və rəsmsevərlər sərgiyə böyük maraq göstərdi.
Orhan Kalkan: – Türkiyə Respublikasının Turizm Nazirliyində turizm üzrə mütəxəssis, təşkilatçılıq və metodologiya bölməsinin sədri, turizm təhsili üzrə baş direktor köməkçisi və digər vəzifələrdə işləmişəm. Türkiyənin bir çox universitetində turizm və otelçilik ixtisasları üzrə dərs demişəm, turizm mövzusunda dünyanın bir çox ölkələrində keçirilən tədbirlərdə məruzələr etmişəm. Buna görə də Naxçıvana gəldiyim ilk dəqiqələrdən bu diyarın turizm potensialı ilə maraqlanmağa başladım. Açığını deyim ki, muxtar respublikanın turizm imkanları məni çox heyrətləndirdi. Çünki burada turizmin istənilən növünü inkişaf etdirmək üçün geniş imkanlar, bənzərsiz tarixi və təbiət abidələri, müasir turizm infrastrukturu var. Burada turizm sahəsində mütəxəssislərlə söhbətlərdən mənə məlum oldu ki, ildən-ilə muxtar respublikaya gələn əcnəbi turistlərin sayında artım müşahidə olunmaqdadır. Qədim diyarınıza səfər edən turistlərə müasir standartlara uyğun mehmanxana və nəqliyyat xidmətləri təklif olunur. Naxçıvan müasir otelləri və yol infrastrukturu ilə dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər. Mənim qənaətim belədir ki, ilk növbədə, Naxçıvanın qədimliyi xarici turistləri cəlb edir. Məsələn, Naxçıvanda olan bir sıra qədim türbələr və ziyarətgahlar xarici turistlərdə böyük maraq oyadır. Əlavə olaraq bunu deyə bilərəm ki, bəşəriyyətin bütünlüklə qəbul etdiyi Nuh Peyğəmbərin məzarının məhz Naxçıvanda olması turistləri bu torpağa cəlb edir. “Əshabi-Kəhf”in adı müqəddəs kitabımız olan “Quran”da çəkilir. Bu səbəbdən də bir çoxlarının marağına səbəb olan bir yerdir. Bundan başqa, Naxçıvanda Turizm-İnformasiya Mərkəzinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Təəssüflə deməliyəm ki, Naxçıvanın turizm imkanları haqda Türkiyədə o qədər də ətraflı məlumat yoxdur. TRT-nin İdarə Heyətinin üzvü olaraq buraya gəldikdən sonra turizm sahəsində ortaq layihələrin həyata keçirilməsinin zəruri olduğunu bir daha hiss etdim və düşünürəm ki, buradakı məsləkdaşlarımla bərabər istər Türkiyənin, istərsə də Naxçıvan Muxtar Respublikasının tanıdılmasında kütləvi informasiya vasitələrində ortaq layihələr həyata keçirə bilərik. Turizmin bütün növlərinin inkişafı üçün diyarınızda geniş imkanlar var və inanıram ki, gələcəkdə Naxçıvan bir turizm cənnətinə çevriləcək.
Erdal Bölükbaşı: – Naxçıvanı görmək, burada açılan sərgidə iştirak etmək mənim üçün böyük xoşbəxtlikdir. Bu qədim oğuz-türk torpağında böyük qonaqpərvərliklə qarşılandıq, bizə bir sənətçiyə layiq şəkildə diqqət və hörmət göstərildi. Mübaliğəsiz deyə bilərəm ki, əsərlərimizin sərgiləndiyi bina regionun ən gözəl memarlıq nümunələri ilə müqayisə ediləcək səviyyədədir. Onu da deməyi özümə borc bilirəm ki, çox gözəl diyarınız, əsrarəngiz, təmiz və səliqəli, müasir, insanları gülərüz və mehriban şəhəriniz var. Naxçıvan rəssamlıq məktəbi ilə tanışlıq isə məni xüsusilə valeh etdi. Məncə, bu məktəbi nəinki regionda, hətta bütün dünyada tanıtmaq lazımdır. Ən böyük arzularımdan biri də odur ki, Naxçıvanın təbiəti haqda bir rəsm əsəri yaradım və onu dünyanın müxtəlif ölkələrində nümayiş etdirim. Elə bilirəm ki, bu rəsmi çəkmək mənim üçün çox asan olacaq. Çünki Naxçıvan öz dağları, çayları, meşələri, yamyaşıl düzənlikləri, tarixi abidələri, yolları, abad şəhərləri, kəndləri ilə torpaq üzərində çəkilmiş rəsm əsəridir. Naxçıvanın şux al-əlvan rənglərinin kətan üzərinə köçürülməsində təxəyyülün zənginliyinə ehtiyac yoxdur. Burada olarkən gənc rəssamlarla da görüşüb həmsöhbət oldum. Bu söhbətlərdən anladım ki, dövlətiniz incəsənətlə məşğul olan hər bir gəncə xüsusi diqqət göstərir, onun qayğısına qalır, problemləri ilə maraqlanır. Burada incəsənətə göstərilən qayğı ilə bağlı eşitdiklərim və gördüklərim məni heyrətə gətirdi. Təbii ki, incəsənət adamları üçün yaradılan şəraitin təməlində ölkənizdə hökm sürən ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, mədəni quruculuq durur. Bütün bu şəraiti yaradanlara minnətdarlıq etmək lazımdır. Çünki Azərbaycandan başqa, dünyanın heç bir ölkəsində adi bir rəssamın və ya incəsənət sahəsi ilə məşğul olan hər hansı bir vətəndaşın dövlət tərəfindən istər maddi, istərsə də mənəvi cəhətdən dəstəkləndiyini görmək mənə müyəssər olmayıb. Məncə, bütün bunlar tarixi keçmişinizi yaşatmaqla bərabər, ölkənin parlaq gələcəyi naminə atılan addımlardır və gələcək nəsillər tərəfindən layiqli qiymətini alacaq.
Səbuhi Hüseynov