24 Dekabr 2024, Çərşənbə axşamı

Xəbər verdiyimiz kimi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, iyunun 20-də xalq teatrlarının festivalına start verilib. Dünən Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı C.Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında hazırlanmış “Yuxu” tamaşası ilə səhnəyə çıxıb.
Tamaşanın quruluşçu rejissoru və səhnə üçün işləyəni Nəsimi Məmmədzadədir. Nəsimi Məmmədzadə orijinal üsulla hazırladığı tamaşaya həm də maraqlı musiqi seçib. Tamaşada məşhur “Ölülər” əsərində İsgəndərin monoloqu üzərində dayanılaraq sanki keçmişdən bu günə nəzər salınır. Xurafatın, cahilliyin hökm sürdüyü mühitdə içkiyə qurşanan İsgəndərlə (aktyor Nemət İslamoğlu) kənd qəbiristanlığında qarşılaşırıq. Məşhur monoloqu ilə səhnədə görünən kefli İsgəndər bacısı Nazlını (aktrisa Nurbəniz Niftəliyeva) görür və onun halına, bacısı kimi cavan qızların yaşlı, qoca kişilərə ərə verilməsinə acıyır. Qəbiristanlıq səhnəsində Şeyx Nəsrullahın (aktyor Məhərrəm Əbilsoy) peyda olması hadisələrə bir az da dinamizm gətirir. Tamaşada kütləvi səhnələr də hadisələrin gərginliyini artırır.

Tamaşanın ən maraqlı səhnəsi kefli İsgəndərin qəbiristanlıqda yuxuya getməsidir. Yuxuya gedən İsgəndər ölkəmizin, xalqımızın bu gününü görür. Bu səhnənin yaradılmasında quruluşçu rejissor bu günümüzlə bağlı videoçarxdan istifadə edərək hadisələri müqayisə etməyə imkan yaradır. Yüz il bundan əvvəl baş verən bu hadisələr bu günümüzdə yoxdur. Tamaşaçı bir anlığa xalqımızın hansı inkişaf və tərəqqi yolu keçdiyini görür. Bu günün Nazlıları müəllimdir, həkimdir, xalqına layiqincə xidmət edən qadındır, eyni zamanda xoşbəxt anadır. Bu gün ölkəmiz də, xalqımız da o illərin avamlığından qurtulmuş xoşbəxt ölkədir, xalqdır. Tamaşanın əsas məqsədi keçmişlə bu günü müqayisə etməkdir.
Xatırladaq ki, iyunun 30-da Şahbuz Rayon Xalq Teatrı “O olmasın, bu olsun” tamaşası ilə səhnəyə çıxacaq.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR