Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, xalq teatrlarının festivalına start verilib. Festivalın ilk günü Babək Rayon Xalq Teatrı görkəmli dramaturqumuz Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını göstərib.
Tamaşanın nümayişindən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov çıxış edərək teatrsevərləri festival münasibətilə təbrik etdi. Azərbaycan teatr sənətinin və xalq teatrının inkişafı tarixindən danışan nazir xalqımızın yaratdığı qədim xalq oyun və meydan tamaşalarından geniş söhbət açdı. Bildirdi ki, bu tamaşalar xalq yaradıcılığımızın, folklorumuzun qədim və zəngin ənənələrini yaşadır. Muxtar respublikamızda xalq yaradıcılığına göstərilən qayğı və diqqət öz bəhrəsini verməkdədir.
Nazir bildirdi ki, xalq teatrlarının və dram dərnəklərinin fəaliyyətinin canlandırılmasında, peşəkar teatrlara yeni istedadlı yaradıcı qüvvələrin cəlb edilməsində, onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılmasında bu cür festivalların da mühüm əhəmiyyəti vardır.
Sonra Babək Rayon Xalq Teatrı Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını təqdim etdi. Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılsa da, muxtar respublikanın tanınmış kollektivlərindəndir. Bu illərdə xalq teatrının hazırladığı “ Ezop”, “Yollara iz düşür”, “ İkinci səs”, “ Şeyx Rəhmətullah”, “Məhəbbət nişanəsi”, “Solğun çiçəklər”, “Durna” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Görkəmli dramaturq Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Səyyad Məmmədovdur.
Peşəkar teatrlarımız tərəfindən dəfələrlə səhnəyə qoyulan bu komediyanın mövzusu XIX əsrin 70-90-cı illərində Azərbaycan tacirlərinin həyatından götürülüb. Pula hərisliyi ifşa edən, caniliyin hökm sürdüyü mühiti tənqid edən komediya gülüş doğuran tip və obrazlarla zəngindir. Tamaşaçı bu surətlərin komik situasiyalara düşməsinin şahidi olur. Hacı Qənbər, Hacı Salman, Molla Şəfi və başqa obrazlar daha çox gülüş hədəfinə çevrilirlər. Tamaşadakı qadın obrazları – Yetər, Dilbər, Cəvahir o dövrdəki Azərbaycan qadınlarının həyatını əks etdirir. Bu və başqa obrazların canlandırılmasında aktyorlar Yusif Əliyev, Akif Əsədov, İsmayıl Qurbanov, Firdovsi Səfərov, Kənan Feyzullayev, Səbinə Corayeva, Stella Babayeva, Şölə Novruzbəyli maraqlı ifa tərzi ilə yadda qalırlar. Tamaşaçı rolların canlı və təbiiliyinə inanmaqla dövrün mənzərəsinin səhnə həllinin şahidi olur.
Xalq teatrlarından Şərur Rayon Xalq Teatrının hazırladığı “Yuxu” tamaşası iyunun 25-də göstəriləcəkdir.
Əli RZAYEV