24 Dekabr 2024, Çərşənbə axşamı

15 İyun – Milli Qurtuluş Gününü muxtar respublikamız rəngarəng bayram libasında və yüksək ovqatda qeyd etdi. Elə həmin gün şəhər və rayonlarımızda rəngarəng konsert proqramları təşkil olundu. Konsertlərdə paytaxt Bakı şəhərindən dəvət olunmuş müğənnilərin ifa etdikləri mahnılar muxtar respublika sakinlərinin bayram sevincinə əlavə sevinc qatdı, onların könüllərini oxşadı. Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımova da dəvət olunanlar içərisində idi. Sevincimizə sevinc qatmağa gələn sevimli müğənnimizi bayram münasibətilə təbrik etdik, həm də səfər təəssüratlarını öyrəndik. Müğənni Naxçıvan insanlarına, Naxçıvan torpağına vurğunluğunu belə ifadə etdi:

 – Naxçıvana ikinci gəlişimdir. Birinci dəfə 2012-ci ildə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etmişəm. Belə təmiz və səliqəli şəhəri mən başqa yerdə görməmişəm. Şəhərin sakitliyi insanı valeh edir. Doğrudan da, füsunkar və əsrarəngiz diyarınız var. Hərdən söz düşəndə tanışlarıma deyirəm ki, Naxçıvana köçüb orada yaşamaq istəyirəm. 

Mədəniyyət adamı kimi deyə bilərəm ki, burada konsert verməkdən zövq alıram. 2012-ci ildə Heydər Əliyev Sarayındakı konsertdə arada istirahət etməyim üçün fasilələr ayrılmışdı. İnanın, mənimlə naxçıvanlı tamaşaçılar arasında elə gözəl ünsiyyət yaranmışdı ki, səhnədə vaxtın necə keçdiyini hiss etməmişdim. Onu demək istəyirəm ki, naxçıvanlılar sənətə və sənətçiyə dəyər verirlər. Mən Naxçıvana birinci dəfəki səfərimin təəssüratından uzun müddət ayrıla bilməmişdim. Bu gün isə mən Babək rayonunda, özü də əlamətdar gündə konsert proqramı ilə çıxış etdim. Yenə də həmin təəssüratlar içərisindəyəm. Konsertdən əvvəl Babək qəsəbəsi ilə qısa tanış oldum. Burada gördüyüm mədəniyyət müəssisələri məni valeh etdi. Gördüm ki, təkcə Naxçıvan şəhərində deyil, rayonlarda da mədəniyyətin inkişafı üçün böyük tədbirlər görülür.
– Aybəniz xanım, siz Milli Qurtuluş Günü münasibətilə babəklilərin qonağısınız. Bu tarixi gün sizin üçün hansı dəyəri daşıyır?
– Bu gün müqəddəs tarixə çevrilən, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bir gündür. Bu günü əziz bayram kimi qeyd edən xalqımız müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Vətən yolunda fədakar­lığını və siyasi hünərini sonsuz minnətdarlıq hissi ilə xatırlayır. Ulu öndər Heydər Əliyev canını fəda etdi xalqına. Vətəni parçalanmaqdan qurtardı. İnsanların üzünə təbəssüm gətirdi, gülüş bəxş etdi. İndi budur, Azərbaycan dünyada tanınır. Onun Azərbaycanın daha xoş gələcəyi üçün hesablanmış siyasəti bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha bir qürurverici məqam isə ondadır ki, biz bu günlərdə yazdığımız tarixlə varlığımızı dünyaya sübut etdik. Birinci Avropa Oyunlarını deyirəm. Dünya bizi bir daha tanıdı. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu Milli Qurtuluşun bəhrələridir. Azərbaycanın hər bir vətənsevər övladı böyük qürur hissi keçirir ki, dahi Heydər Əliyevin siyasəti uğurla davam etdirilir: həm Azərbaycanda, həm də onun ayrılmaz bir parçası olan Naxçıvanda...

Müsahibəni apardı:
Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR