Bu günlərdə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən solo konsertdə 17 yaşlı gənc qızın fortepianoda müxtəlif bəstəkarların əsərlərini peşəkarlıqla səsləndirməsi və yüksək səhnə mədəniyyəti nümayiş etdirməsi tamaşaçıları heyran qoydu.
Bu gənc qız sanki bir imtahan, sınaq qarşısında idi. Solo konsertlə gənc istedadımız zəhmət, məsuliyyət adlı körpüdən uğurla keçərək tamaşaçı ilə öz arasında canlı körpü yaratdı. Tamaşaçı alqışları onu daha ruhlandırdı, daha böyük uğurlar qazanmağa sövq etdi. Bu gənc istedadı oxucularımızla yaxından tanış etmək üçün onu redaksiyamıza dəvət etdik. Öyrəndik ki, həssas və gözəl musiqi duyumu və qavrayışı hələ onda uşaq yaşlarından özünü büruzə verib. Valideynləri onun musiqi həvəsinin keçici olduğunu zənn edirdilər. Ancaq Rövşanə İsmayılxanlı böyüdükcə musiqiyə olan həvəs də onunla bərabər böyüyürdü. Bu həvəs Rövşanəni 2007-ci ildə Naxçıvan şəhər 2 nömrəli Uşaq musiqi məktəbinə gətirib çıxarır. O, burada musiqi sənətinin ilkin sirlərinə yiyələnir.
Musiqi təhsili prosesinin yüksək səviyyəyə çatmasında müsabiqələrin və baxışların keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir; belə yarışlarda iştirak edənlərə rəqabət hissi aşılanır, əsl sənət mübarizəsi onların ifaçılıq səviyyəsinin yüksəlməsinə, daxilən zənginləşməsinə səbəb olur. Rövşanə də təhsil almaqla yanaşı, keçirilən müsabiqələrdə tez-tez çıxışlar edir.
Onun ilk uğuru 2009-cu ildə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasında keçirilən müsabiqədə olub. Həmin müsabiqədə II dərəcəli diploma layiq görülüb. Bu uğuru Rövşanə növbəti illərdə də təkrarlayıb.
2012-ci ildə Bakı şəhərində keçirilən gənc pianoçuların II respublika müsabiqəsində tərifnaməyə layiq görülüb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin arasında keçirilən müsabiqədə I dərəcəli diplomla təltif olunub. Rövşanənin belə uğurları çoxdur.
Ümumiyyətlə, hər bir gəncin istedadlı musiqiçi kimi yetişməsində müəllimin rolu danılmazdır. Şübhəsiz ki, Rövşanənin müvəffəqiyyətinin mühüm bir hissəsi onun müəllimləri Natəvan Qədimova və Solmaz Axundovanın payına düşür.
Rövşanə İsmayılxanlı ilə Milli Qurtuluş Günü ərəfəsində görüşmüşdük. O, söhbətimizə Milli Qurtuluş Günü ilə başladı. Dedi ki, biz gənclər 15 iyunun yaşıdlarıyıq. Biz o dövrün ağrı-acılarını görməmişik. Ancaq valideynlərim, demək olar ki, hər gün 1990-1993-cü illərin çətinliklərindən danışır, bugünkü xoş günlərimiz üçün ulu öndər Heydər Əliyevə borclu olduğumuzu bildirirlər. Biz gənclər də artıq dərk edirik ki, əgər Milli Qurtuluş Günü olmasaydı, bu gün müstəqil ölkəmiz də olmayacaqdı və mənim kimi gənclər azad bir ölkənin vətəndaşı olaraq belə mükəmməl təhsil almayacaqdı, müasir bir mərkəzdə konsert proqramı ilə çıxış etməyəcəkdi.
Rövşanə daha sonra gənclərə muxtar respublikamızda göstərilən qayğıdan danışdı:
– Mən bu sənətlə məşğul olmağa başlayandan görmüşəm ki, istedadlı gənclər daim diqqət mərkəzindədirlər. Onların istedadının üzə çıxarılması və düzgün istiqamətləndirilməsinə ciddi önəm verilir. Mən bunu öz timsalımda da görürəm. Ona görə də musiqi təhsili aldığım uşaq musiqi məktəbində yaradılan şəraitdən ruhlanıb bu sahədə inamlı addımlar atmağa çalışmışam. Keçirilən müsabiqələr də biz gənclərin musiqiçi kimi yetişməyimizə böyük təkan verir. Hər dəfə səhnəyə çıxanda insanların alqışları məni çox sevindirir. Solo konsertimin təşkil olunması mənim həyatımın dönüş nöqtəsi oldu. İlk dəfə idi ki, belə böyük konsertlə tamaşaçılar qarşısında çıxış edirdim.
Söhbətimizin sonunda Rövşanə gələcək planları ilə də bizi tanış etdi:
– Bu il Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdən məzun oldum. Ən böyük arzum ali təhsil almaqdır. Bunun üçün də var qüvvəmlə çalışıram. İstəyirəm ki, ali təhsil alıb gələcəkdə uşaqlara və yeniyetmələrə Azərbaycanın zəngin mədəniyyətinin və yüksək yaradıcı gücünün göstəricisi olan muğamlarımızın incəliklərini öyrədim.
Püxtələşməyə doğru can atan gənc musiqiçi Rövşanə həm də mahnılar bəstələyir. Gənc ifaçının məqsədi hərtərəfli və professional musiqiçi kimi yetişməkdir. İnanırıq ki, gənc musiqiçinin arxada qalan illərdə açdığı yaradıcılıq cığırı onu sənət zirvələrinə aparan yola qovuşduracaq.
Sara Əzimova