15 İyun – Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kollektivləri konsert proqramları ilə çıxış edirlər. İyunun 8-də Şərur Şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin Sərxanlı Kənd Mərkəzində keçirilən konsertindən əvvəl məktəbin direktoru Sədi İsmayılov çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi siyasətinin bəhrələri yurdumuzun hər yerində olduğu kimi, Şərur rayonunda da öz möhtəşəmliyi ilə görünməkdədir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Şərurda iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, müstəqillik illərində ulu öndərin uzaqgörən siyasəti nəticəsində bu rayonun da həyatında yeni mərhələ – inkişaf və tərəqqi dövrü başlayıb.
Sonra məktəbin musiqi kollektivlərinin ifasında mahnılar səsləndirilib.
Həmin gün Babək Rayon Uşaq musiqi məktəbi şagirdlərinin Nehrəm kənd mədəniyyət evində, Culfa Şəhər Uşaq musiqi məktəbinin musiqi ansambllarının Yaycı Kənd Mərkəzində, iyunun 9-da isə Naxçıvan Şəhər Qaraçuq Kənd Uşaq musiqi məktəbi şagirdlərinin Şəkərabad Kənd Mərkəzində, Şahbuz Rayon Uşaq musiqi məktəbi şagirdlərinin Badamlı Qəsəbə Mərkəzində, Şərur Rayon Çərçiboğan Kənd Uşaq musiqi məktəbi şagirdlərinin Aşağı Daşarx Kənd Mərkəzində, Naxçıvan Şəhər 1 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin Qaraçuq kənd mədəniyyət evində rəngarəng repertuarla çıxışları olub.
Xəbərlər şöbəsi