Naxçıvan Dövlət Universitetində növbəti fərdi rəsm sərgisinin açılışı olub. Universitetin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Turanə Hüseynovanın müxtəlif janrlarda yaratdığı 30 əsər sərgidə nümayiş etdirilir.
Fərdi yaradıcılıq sərgisində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov təhsil ocağında muxtar respublika rəhbərinin böyük qayğısı sayəsində güclü maddi-texniki bazanın yaradıldığını diqqətə çatdırıb. Bu, ali təhsil ocağında yüksək intellektli, müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanmasına geniş imkanlar açır.
Rektor universitetdə dəfələrlə fərdi rəsm sərgilərinin təşkil olunduğunu bildirib, təhsil ocağında artıq peşəkar rəssamlıq məktəbinin formalaşdığını qeyd edib. O, fərdi üslubu ilə seçilən növbəti rəsm sərgisinin müəllifi Turanə Hüseynovaya bu yolda nailiyyətlər arzulayıb.
Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mübariz Əsgərov və digərləri çıxış edərək qeyd ediblər ki, muxtar respublikada mədəniyyətə, incəsənətə göstərilən diqqət və qayğı nəticəsində rəssamlar da fəaliyyətlərini genişləndirir, yaradılmış şəraitdən düzgün istifadə etməklə Naxçıvanda mədəniyyətin inkişafına öz töhfələrini verirlər. Çıxışlarda ilk fərdi sərgisi keçirilən gənc rəssama yeni-yeni yaradıcılıq uğurları arzulanıb.
Sonda müəllif Turanə Hüseynova yaradıcı gənclərə göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Sərgi universitetin konservatoriya binasının sərgi salonunda iyunun 13-dək sənətsevərlərin ixtiyarında olacaq.
Mina Qasımova