Bu mövzuda rəsm sərgisi açılıb
İyunun 2-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan: inkişafın 20 ili” adlı rəsm sərgisinin açılışı olub.
38 naxçıvanlı rəssamın 106 əsərinin yer aldığı rəsm sərgisinin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva muxtar respublikanın son 20 ildə intibah dövrünü yaşadığını bildirib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının intibahı məhz 1995-ci il dekabrın 16-dan başlayır. Son 20 ildə muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar qısa dövr ərzində iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən 20 il ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikanın yarandığı 1924-cü ildən 1991-ci ilədək – yəni 67 il ərzində əldə olunanları xeyli üstələyir.
“Muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi bu qədim diyarı yeni inkişaf mərhələsinə yüksəldib. Son 20 ildə Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, o cümlədən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyini də əhatə edib”, – deyən Ülviyyə Həmzəyeva bildirib ki, Naxçıvanda mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərilir. 1999-cu ildən “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adının təsis edilməsi, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni binasının və burada Bəhruz Kəngərli adına Sərgi Salonunun istifadəyə verilməsi, “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarının yüksək səviyyədə keçirilməsi, gənc rəssamların emalatxanalarla təmin edilməsi də bunun əyani sübutudur.
Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 52 nəfər üzvünün olduğunu nəzərə çatdıran Ülviyyə Həmzəyeva qeyd edib ki, rəssamlar muxtar respublika rəhbərinin diqqət və qayğısı müqabilində səmərəli fəaliyyətlərini daha da genişləndirir, yaradılmış şəraitdən düzgün istifadə etməklə muxtar respublikada mədəniyyətin inkişafına öz töhfələrini verməyə çalışırlar.
Daha sonra sərgiyə baxış olub.
Sərgi iyunun 10-dək davam edəcək.
Xəbərlər şöbəsi