24 Dekabr 2024, Çərşənbə axşamı

Mətbuat dövrün ensiklopediyasıdır. Gələcəkdə Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafı və sosial-iqtisadi həyatı ilə maraqlanmaq istəyənlər, ilk növbədə, arxivlərdə, kitabxanalarda saxlanılan, yerli həyatın salnaməsi olan qəzetlərin səhifələrini vərəqləyəcəklər; necə ki indi biz vərəqləyirik. Naxçıvan mühitində qələminin gücü ilə xalqına xidmət edən dahilərin yazıb-yaratdıqları nümunələr keçmişimizdən xəbər verib, gələcəyimizə güzgü tutub. Müxtəlif janrlarda yaradılan həmin qiymətli nümunələr mətbuatımızın bugünkü inkişafının nələr bahasına qazanıldığını göstərir.

XIX əsrdə Naxçıvanda genişlənən maarifçilik əlaqələrinin daha da inkişafı məhz o dövrün mətbu orqanları ilə bağlıdır. Müxtəlif ölkələrin mətbuat orqanları ilə tanış olan ziyalılarımız həm də bu orqanlarda geniş yaradıcılıq imkanlarını sərgiləyirdilər. Məhəmməd Tağı Sidqi, Məhəmmədağa Şahtaxtlı, Eynəlibəy Sultanov, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid belələrindən idi.

XX əsrdə Azərbaycan dilində çıxan ilk qəzet Məhəmmədağa Şahtaxtlının 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi “Şərqi-rus” qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri var idi. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. “Şərqi-rus” qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi.

Məhəmməd Tağı Sidqi: əməkdaşlıq, mətbuata münasibət

Sidqi publisistika sahəsində genişmiqyaslı fəaliyyət göstərmiş, “Tərcüman” , “Əxtər”, “Həblülmətin”, “Kaspi”, “Nasiri” kimi qəzetlərlə yaxından əməkdaşlıq etmiş, onun bu qəzetlərdə maraqlı məqalələri dərc olunmuşdur. Hətta o, ana dilində “Çıraq” adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir.
Sidqinin “Qəzet, yaxud qəzetə nədir?” adlı məqaləsində qəzet oxumaq, qəzetə o dövrdə münasibət kimi məsələlərə diqqət çəkilib. Qəzetin faydalarından, qəzet oxumağın vacibliyindən bəhs edilən bu məqalədə qəzetə və mətbuata fərqli baxışlarla yanaşı, obyektiv yanaşmalar da qələmə alınmışdır. Sənətkarın həm ironik, həm də realist fikir oyunlarının bir-birini əvəz etməsi şəklində yazılan məqaləsində qəzet oxumağa qarşı olan insanlar tənqid olunur. Dünya ölkələrindən gətirilən bir sıra nümunələrlə qəzet oxumağın faydaları və qəzetin cəmiyyətin dünyagörüşündə, təfəkküründə oynadığı əhəmiyyətli roldan bəhs olunur: “Qəzetənin mühəssənatı və əhəmiyyəti çox-çoxdur. Onun tərif və tövsifi, izzət və ehtiramı, məziyyət və lüzumu bundan ziyadədir ki, əsrimizdə hər məmləkətin müəzzilat ümurunun nəticəsi və hər millətin nətayici-əfkarının səmərəsi və hər dövlətin politikasının təğyirat və təbdilatı küllən qəzetə ilədir. Qəzetəni alıb oxumaqdan ar etməyəlim”.
Dünyanın inkişaf etmiş mədəniyyət mərkəzlərinin tərəqqisində mətbuatın rolunu vurğulayan Sidqi öz ölkəsində də mətbuata qarşı bu cür sevgi və hörmət görmək arzusu ilə çırpınır. Məqaləsini “Qəzet oxuyalım! Qəzet oxuyalım!” nidası ilə bitirən Sidqi xalqın tərəqqisini elm öyrənməkdə, mütaliə etməkdə görürdü.

Eynəlibəy Sultanov və qəzetçilik

Eynəlibəy Sultanov “Tərcüman”, “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir”, “Dan ulduzu”, “Şərqi-rus”, “Yeni yol”, “Qızıl şəfəq”, “Qığılcım”, “Kəndli”, “Gələcək” kimi qəzet, jurnal və məcmuələrdə mütəmadi olaraq bədii, publisist, tənqidi yazıları ilə çıxış etmişdir. E.Sultanovun həyat və fəaliyyətinin tədqiqatçısı Elxan Məmmədovun təqdim etdiyi E.Sultanovun “Publisist dostuma” məqaləsində maarifçi ziyalının qəzetçiliklə, publisistika ilə bağlı maraqlı fikirlərinə rast gəlirik:
“Sən publisist fəaliyyətini intixab etdin...
Əlbəttə, sənin məqsədin maddi qazanc əldə etməkdən ibarət deyildir; çünki belə olduqda bu fəaliyyətin özü naşükürlük olar!
Lakin sən əxlaqi, mənəvi və əqli cəhətdən publisist fəaliyyətinə kifayət qədər hazırlaşmısanmı?
“Başqalarını öyrətmək üçün düha lazımdır, güclü qəlb lazımdır!”
Sən öz xalqının mənəvi həyatını kifayət qədər öyrənmisənmi? Zamanın tələbatından xəbərdarsanmı?
Gözlə ki, səhv edib çörək əvəzinə özünü daş üstünə yıxmayasan...
Publisistin vəzifələri müqəddəsdir, bu vəzifələri namusla yerinə yetirmək isə ikiqat artıq zəruridir!
Şərəfini tapdalama, qardaş!
Başqalarını öyrət, özün də öyrənməkdə davam et!
Xeyirxahlıq ideyalarını cəsarətlə və açıqdan-açığa ifadə et!
Bu aləmdə güclü qarşısında qorxub titrəmə, sənin arxanda duran həqiqət ondan da güclüdür.
Qeyri-bərabər mübarizədə məğlub olmaqdan qorxma. Qorxu hissini boğmağı bacarmasan, yaxşısı budur ki, bu nəcib fəaliyyətindən əl çək! Yoxsa tərəqqi işinə ziyan yetirmiş olarsan”.

E.Sultanov
“Zaqafqaziye” qəzeti, № 170, səh.2,
23 avqust 6 sentyabr 1907-ci il

Cəlil Məmmədquluzadə və Məmməd Səid Ordubadinin qəzet haqqında fikirləri

Artıq “Şərqi-rus” qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 20-də Tiflisdə illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı – “Molla Nəsrəddin” işıq üzü görmüşdür. “Molla Nəsrəddin” jurnalı 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr edilmişdir. Jurnalın bu müddət ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çap olunmuşdur. Mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” jurnalı müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı güclü satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Cəlil Məmmədquluzadə Azərbaycan mətbuatı tarixinə Azərbaycan satirik publisistikasının yaradıcısı kimi daxil olmuşdur. Böyük ədibin “Molla Nəsrəddin” jurnalının birinci sayında çıxmış “Sizi deyib gəlmişəm” məqaləsi təkcə mollanəsrəddinçi publisistikanın deyil, bütövlükdə, milli satirik publisistikanın mayakıdır. Cəlil Məmmədquluzadənin bədii yaradıcılığı kimi, mətbu fəaliyyəti və publisistikası da Azərbaycançılıq ideyaları təməlində inkişaf etmişdir. Onun “Azərbaycan” məqaləsi bu baxımdan çox əhəmiyyətlidir.
Cəlil Məmmədquluzadə “Mətbuat bayramı, yaxud tacgüzarlıq”, “Qəzetlərdən” “İrşad”, “Tərcüman”, “Müxbirlər” kimi məqalə və felyetonlarında qəzetin, qəzetçiliyin əhəmiyyətindən danışmış, xalqın maariflənməsi ilə yanaşı, informasiyanın insanlara ümumi şəkildə tez bir zamanda çatdırılması məsələlərinə də toxunmuşdur.
“Müxbirlər”də Mirzə Cəlil xalqı yalan, yanlış fikirlərlə zəhərləyən müxbirləri ittiham etmişdir. Onun “İrşad” qəzeti haqqında yazılmış: “Sən də gedib Frəngistanı gəzib gəlib deyirsən ki, “pəh, niyə Şvetsariya Zəngəzur mahalı böyüklüyündə ola-ola oranın qəzetlərinin iki milyon müştərisi ola, “İrşad”ın beş min də olmasın? Niyə Rusetdə “Novoye vremya”nın üç milyon müştərisi, “Mşak”ın əlli beş min müştərisi olsun, “İrşad”ın beş min də olmasın?
Həyə, sən də belə fikir eləyirsən, heyif olsun sənin elminə ki, Frəngistanın xarabasında təhsil eyləyibsən!” kimi fikirlər o dövrün insanlarının qəzet haqqında düşüncələrini, onların psixologiyasını, qəzetə hansı səpkidən yanaşmalarını anlamaq baxımından bizə kömək edir.
Ədib bu yazısında Azərbaycanda qəzetlərə olan marağın az olmasını tənqid edir, şikayətlərini satirik bir dillə bildirir. O, qəzet oxuyan xalqı kinayə ilə “bikar” adlandırır, bununla demək istəyir ki, o bikarlar qəzet və mətbuat sayəsində günü-gündən inkişaf edərkən, siz bikar olmayanlar nə etmisiniz?..
Onun mütaliə etməyən, oxumaq yerinə dini xurafatı seçib milləti zəhərləyən şəxslərə ünvanlanan bu cür yazıları həmişə öz aktuallığı ilə diqqət çəkib.
C.Məmmədquluzadə hələ inqilabdan əvvəl ədəbi-bədii dilin, mətbuat dilinin təmizliyi və inkişafı, bədii dil ilə xalq dili arasındakı səddin məhv edilməsi, xalq dili söz və ifadələrinin bədii dildə üstün və aparıcı mövqeyi, dilin sadəliyi, təbiiliyi və təmizliyi uğrunda görkəmli bir jurnalist və yazıçı kimi yorulmadan mübarizə aparmışdır. Böyük ədib 20-dən artıq felyetonunda ya bilavasitə, ya da dolayı yolla dilin saflığı, əlifba və orfo­qrafiya, ədəbi-bədii dil və mətbuat dili kimi mühüm məsələlərə toxunmuşdur.
Məmməd Səid Ordubadinin yaradıcılığında isə bədii publisistikanın felyeton janrında yazılan əsərlər daha mühüm yer tutur. Ədibin “Molla Nəsrəddin” jurnalında dərc olunan felyetonlarında bir sıra mühüm ictimai problemlərə toxunulmuş, fanatizm, gerilik və nadanlıq, zülm və ədalətsizlik, imperiya siyasəti tənqid olunmuşdur. M.S.Ordubadi “Molla Nəsrəddin” jurnalının Bakı dövründə redaktor müavini vəzifəsində çalışmışdır. M.S.Ordubadi mətbuat sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə “Kommunist” və “Yeni yol” qəzetlərinin baş redaktoru olmuşdur. Azərbaycanda latın əlifbası ilə nəşr edilən ilk qəzet olan “Yeni yol” M.S.Ordubadinin redaktorluğu ilə latın əlifbasının təbliği və yayılmasında mühüm rol oynamışdır. “Yeni yol” qəzeti necə böyüdü” adlı məqaləsində ədib bunu belə izah edirdi: “Bir çox çətinliklərdən sonra Azərbaycan işçi və kəndliləri arasında yayılaraq inkişafa davam etdi”. O həmçinin bu məqalədə qəzet haqqında əhəmiyyətli fikirlər söyləmişdir. Yazıçının məqalələri “Əxbər”, “Kommunist”, “Maarif işçisi”, “Füqəra füyuzatı”, “Azərbaycan xəbərləri”, “Qızıl qələm”, “Şərq qadını”, “Yeni fikir”, “Yeni yol” və başqa qəzet-jurnallarda dərc olunmuşdur.

Hüseyn Cavid: əməkdaşlıq, oxucu mövqeyi

Mütəfəkkir şair, görkəmli dramaturq Hüsеyn Cavid Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yaradıcılıq istedadına malik ədəbi simalardan biridir. Hüseyn Cavid yaradıcılığa, əsasən, şeir və publisistik məqalələri ilə başlayıb, sonralar “Füyuzat”, “İrşad”, “Açıq söz”, “İqbal”, “Həqiqət”, “Gənc işçi”, “Ədəbiyyat”, “Maarif və mədəniyyət”, “Qızıl şəfəq”, “Yeni yol” kimi mətbuat orqanlarında müxtəlif mövzuda və müxtəlif janrda məqalələrlə çıxış etmişdir. H.Cavidin publisistikasına məqalələrindən əlavə, onun məktubları da daxildir. Qurbanəli Şərifzadəyə, Məmmədəli Sidqiyə və Əziz Şərifə yazdığı məktubları onun yaradıcılığında önəmli yer tutur.
Onun Sidqiyə yazdığı məktubdan aydın olur ki, naxçıvanlı ziyalılar qəzet və qəzetçiliyə böyük hörmət bəsləmişlər. Q.Şərifzadəyə digər məktubunda Hüseyn Cavid yazırdı: “İstanbulda çox böyük qiraətxanə və kütübxanalar var, amma layiqlərincə kitabları və qəzetələri yoqdur, çünki hər bir eyi mündəricat və mətbuat yasaqdır. Böylə anlaşılır ki, dört-beş sənə bundan əqdəm Türkiyədə hürr əsərlər var imiş və camaata da belə dəhşətli surətdə sıqı tutulmazmış, ələlxüsus Kütübxaneyi-Ümumiyi- Osmaninin bir tərəfində yedi-səkiz sandığa kibi kitab vardır ki, beş sənə bundan əqdəm yasaq və məmnu deyilmiş, amma şimdi yasaq olmuş” ...Bu fikirlərlə Cavid dünya ölkələrinin qəzetə müxtəlif mövqelərini nümayiş etdirirdi. Yaxud Cavidin “Bizdə çıxan jurnaldan və bəzi qəzetə nömrələrindən birər nömrə göndərsən, fəna olmaz” deməsi onun qəzetə verdiyi yüksək qiymətin ifadəsidir.
Dahilərin başladığı yolun davamçısı kimi, dahilərin arzusu, istəyi, amalı, məqsədi, xəyalı olan “Şərq qapısı” qəzetinin vəzifəsi böyükdür. 1921-ci il noyabr ayının 9-dan Naxçıvanda fəaliyyət göstərən və mühiti ən dəqiq, yüksək səviyyədə təsvir edən “Şərq qapısı” bu gün də Naxçıvan mühitinə ayna tutur, bugünkü inkişafımızı gələcəyə daşıyır.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR