28 May – Respublika Günü münasibətilə muxtar respublikada keçirilən silsilə tədbirlər sırasında regionun uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri kollektivlərinin ayrı-ayrı ünvanlarda konsertlərinin təşkili də diqqət çəkir.
Dünən təşkil olunan muxtar respublikanın 4 uşaq musiqi məktəbi kollektivlərinin konsertləri də tamaşaçılarda xoş ovqat yaradıb. Ordubad Şəhər Uşaq musiqi məktəbinin musiqi kollektivlərinin Yuxarı Əylis Kənd Mərkəzində konserti olub. Məktəbin müəllim və şagirdlərdən ibarət nağaraçalanlar və qarmonçalanlar ansambllarının, xalq çalğı alətləri üçlüyünün, solo ifaçıların, saz müəllimi Məmməd Baxşıyevin tamaşaçılara təqdim etdikləri musiqi nömrələri alqışlarla qarşılanıb.
Həmin gün Babək rayonunun Zeynəddin Kənd Uşaq musiqi məktəbinin Zeynəddin kənd mədəniyyət evində, Şərur rayonunun Çərçiboğan Kənd Uşaq musiqi məktəbinin Dərəkənd Mərkəzində, Şahbuz rayonunun Kolanı Kənd Uşaq musiqi məktəbinin Biçənək Kənd Mərkəzində konsertləri təşkil olunub. Konsertlərdə ölkəmizə, müstəqilliyimizə həsr olunmuş mahnılar səsləndirilib. Rəqs kollektivlərinin ifasında milli rəqslərimiz oynanılıb.
Xəbərlər şöbəsi