Bu mövzuda keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb
Mayın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar “İntibahın şəfəqlərilə böyüyürük biz” mövzusunda məktəbəqədər təhsil müəssisələrinin uşaqları və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən rəsm, əl işləri və musiqi müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, eləcə də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təşkil olunan müsabiqədə məktəbəqədər müəssisələrin uşaqları, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlar iştirak ediblər.
Əvvəlcə sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Naxçıvan Muxtar Respublikasında uşaqların hüquqlarının qorunması, təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə müəyyənləşdirilən tədbirlər, həmçinin bu kateqoriyadan olan uşaqların təhsilə cəlbi və onların hərtərəfli inkişafı üçün müxtəlif müsabiqələrin keçirilməsi bu uşaqları erkən yaşlarında cəmiyyətə qoşur.
Qeyd olunub ki, müsabiqənin “İntibahın şəfəqlərilə böyüyürük biz” mövzusunda keçirilməsinin də xüsusi əhəmiyyəti var. Çünki son 20 ildə muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, bu inkişafın nəticəsində yaradılan hərtərəfli şərait bütün uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcək taleyini müəyyənləşdirir, onları təhsilli, bilikli və müəyyən peşə sahibi kimi formalaşdırır. Ramilə Seyidova vurğulayıb ki, müsabiqəyə təqdim olunan rəsm əsərlərində, əl işlərində, eləcə də musiqi nömrələrində muxtar respublikanın intibah və tərəqqisi öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva da qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, müsabiqənin önəmli cəhətlərindən biri də kiçikyaşlı uşaqların Vətənə məhəbbət, böyüyə hörmət, milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması və formalaşdırılmasıdır.
Sonra Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin nümunəvi çıxışları yenidən tamaşaçılara təqdim olunub.
Sonda qaliblərin mükafatlandırma mərasimi olub. Rəsm, əl işləri, musiqi müsabiqəsinin, eləcə də uşaq bağçalarının qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Tədbirdə iştirak edən digər uşaqlara da hədiyyələr verilib.
Xəbərlər şöbəsi