Şərur şəhərindəki “Bahar” kinoteatrında rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Şərurun səsi” qəzetinin nəzdində fəaliyyət göstərən “Şərur” ədəbi birliyinin 45 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova açıb.
Birliyin rəhbəri İbrahim Yusifoğlu birliyin yaranma tarixindən və fəaliyyətindən danışıb.
Bildirilib ki, ədəbi birlik 1970-ci ildə bir qrup yaradıcı ziyalının müraciətindən sonra təsis olunub və tanınmış pedaqoq Altay Tağızadə ədəbi birliyə rəhbər seçilib. Az vaxt ərzində birlik ədəbi yaradıcılığa maraq göstərən insanları öz ətrafında birləşdirib.
Bu gün iftixar hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, filologiya elmləri doktorları Kamran Əliyev, Vəli Nəbioğlu, Akif İmanlı, müxtəlif elm sahələri üzrə fəlsəfə doktorları Sona Vəliyeva, Vaqif Məmmədov, Seyfəddin Eyvazov, Vahid Rzayev, Həsənəli Eyvazlı, şair və yazıçılardan Asim Yadigar, Əhməd Sədərəkli, Telman Qəhrəmanov, Hüseyn Əsgərov, Budaq Təhməz, Kəmaləddin Qədim, Kəmalə Nəsrin, İnqilab Orxan, Rafiq Oday, Allahverdi Aqil… və onlarca digər qələm sahibləri “Şərur” ədəbi birliyinin yetirmələridir. Ədəbi birlik üzvlərinin 30 nəfərdən çoxu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür, onların qələmə aldıqları üç yüzdən artıq kitab nəşr olunub. Ədəbi toplularda, “Ulduz” və “Azərbaycan” jurnallarında, Naxçıvan Muxtar Respublikasında yazıb-yaradan qələm sahiblərinin əsərlərindən ibarət “Araz” almanaxlarında, “Dünyanın bəzəyi”, “Dostluq töhfəsi”, “Uşaqlar və Günəş”, “Təmsillər”, “Hekayələr”, “Poemalar və pyeslər” adlı kitablarda “Şərur” ədəbi birliyinin məşğələlərində oxunan və bəyənilən bədii əsərlər dərc edilib. İkicildlik “İlhamla çağlayır “Şərur” bu gün də” və ədəbi birliyin 35 illiyinə həsr edilmiş “Yaşadığın yaşa dəyər” adlı almanaxlar da oxucu marağını çəkən çap nümunələrindəndir.
Qeyd olunub ki, səksəninci illərin axırlarından başlayan hadisələr birlik üzvlərinin uzun illər müraciət etdikləri mövzuların səmtini dəyişdi, xain qonşuların vəhşiliyinə qarşı onların qələmi süngüyə çevrildi. Əhməd Sədərəklinin “Haray”, Vaqif Məmmədovun “Danışır torpaq”, Kamran Əliyevin “Sədərək döyüşləri”, İbrahim Yusifoğlunun “Mənim inamımı güllələdilər”, “Ölümü Tanrıdan gələnlər”, “O günü göylərdən kədər yağırdı” adlı kitabları ərsəyə gəldi.
Tədbirdə vurğulanıb ki, artıq iyirmi ildir, Şərurda yaşayan şairlərin yaradıcılığında qurub-yaradan insanlara rəğbət, ana Vətənin tərənnümü, lirik duyğular geniş yer tutur, respublikamızda, onun ayrılmaz hissəsi olan Naxçıvanda aparılan geniş quruculuq işləri və sosial-iqtisadi inkişaf ədəbi birlik üzvlərinin əsərlərində ətraflı tərənnüm olunur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, şair-dramaturq Həsənəli Eyvazlı, yazıçı-publisist Hüseyn Əsgərov, şair Elxan Yurdoğlu, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tərcüməçi Şamil Zaman, “Şərurun səsi” qəzetinin redaktoru Elman Məmmədov “Şərur” ədəbi birliyi ilə bağlı xatirələrini danışaraq birliyin üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara yeni yaradıcılıq uğurları arzulayıblar.
Ədəbi birliyin üzvlərindən İlyas Fərəməzoğlu, Sürəyya Nəsib, Qurban Məhərrəmoğlu, Püstə Gülsevən, Siyafər Xələcli, Qafar Alışarlı, Mehman Cəfərzadə və başqaları yeni şeirlərini oxuyublar.
Xəbərlər şöbəsi