24 Dekabr 2024, Çərşənbə axşamı

Tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Faiq Sücəddinov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində may ayının 16-da Naxçıvan Dövlət Universitetində, Bəstəkarlar Təşkilatında və bir sıra mədəniyyət müəssisələrində olmuşdur.
Mayın 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tanınmış bəstəkarla görüş keçirildi. Əvvəlcə konsert pro­qramı oldu. Konsertdə Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin, filarmoniyanın solistləri Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Elçin Nağıyevin, müğənnilər Yaşar Qurbanovun, Qəribə Həsənovanın ifalarında Azərbaycan və Avropa bəstəkarlarının mahnı və musiqiləri, xalq mahnıları səsləndirildi.

Sonra görkəmli bəstəkar səhnəyə dəvət edildi. Xalq artisti, professor Faiq Sücəddinov çıxış edərək muxtar respublikada həyata keçirilən quruculuq və abadlıq işlərindən danışdı, burada yaradılan gözəllikdən böyük zövq aldığını vurğuladı. Faiq Sücəddinov qonaqpərvərliyə, onunla görüşlərin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını bildirdi. Naxçıvandakı gözəlliyin, təmizliyin onda böyük təəssürat yaratdığını qeyd edən Xalq artisti bugünkü görüşdə özünün bir neçə əsərini ifa edəcəyini dedi. Bu əsərlər içərisində Naxçıvana həsr olunmuş mahnı və musiqilər də var idi.
Bəstəkarın pianoda ifa etdiyi “Vətən balladası” tamaşaçılarda xoş ovqat yaratdı. Sonra bəstəkar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Rekviyem” əsərini səsləndirdi. Tamaşaçını düşüncələrə qərq edən bu musiqi əsəri haqqında Xalq artisti məlumat verərək bildirdi ki, ulu öndərə həsr olunmuş bu musiqi bəstələnərkən bütün dünya ölkələrinin vətəndaşları tərəfindən başa düşülən formada nota alınmasına çalışılıb.
Bundan sonra bəstəkar Naxçıvan mövzusunda bəstələdiyi “Naxçıvan mahnısı”nı ifa etdi. Bəstəkarın ifasında Birinci Avropa Oyunlarına həsr olunmuş musiqi də maraqla qarşılandı.
Görüşdə iştirak edən gənclər üçün də mahnı səsləndirən Faiq Sücəddin­ovun “Düşürsən yada” və “Mən olacağam” mahnıları alqışlarla qarşılandı.
Sonda keçirilən görüşə görə bəstəkar, Xalq artisti, professor Faiq Sücəddinov bir daha dərin minnətdarlığını bildirdi.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov iştirak edirdi.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR