18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbiri Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova açaraq qeyd edib ki, bu günün keçirilməsində əsas məqsəd xalqlar arasında mədəniyyətlərarası əlaqələrin inkişafına dəstək olmaqdan ibarətdir.
Nazir müavini çıxışında bildirib ki, ölkəmizdə muzeyşünaslığın inkişafı, muzey şəbəkələrinin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızda muzeylərin, xüsusilə tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların fondlarının zənginləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib. Bu illərdə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılıb. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlifprofilli muzey yaradılıb.
“Bu gün Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni muzeylərin yaradılması istiqamətində böyük işlər həyata keçirilir”, – deyən Natəvan Qədimova muxtar respublikamızda muzey şəbəkələrinin genişləndirilməsindən, yeni muzeylərin istifadəyə verilməsindən söhbət açıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında muzey şəbəkələrinin genişləndirilməsi, yeni muzeylərin yaradılması, muzey-məktəb əlaqələrinin qurulması, onlayn dərslərin təşkili mühüm əhəmiyyətə malikdir. Bütün bu tədbirlər muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğ olunmasına şərait yaradıb. Muzeylərimizin müxtəlifprofilli olması, qədim diyarın bütün bölgələrini əhatə etməsi həm də turizm potensialına təsir göstərən müsbət amillərdəndir.
Yaxın gələcəkdə muxtar respublikamızda 2 yeni muzey yaradılacaqdır. Bütün bunlar bu sahədə işlərin davamlı və ardıcıl həyata keçirildiyinin göstəricisidir.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Elçin Əliyev çıxışında bir il bundan əvvəl istifadəyə verilmiş bu muzey kompleksinin timsalında muzeylərimizdə həyata keçirilən yeniliklərdən söhbət açıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamına əsasən yaradılan bu muzey kompleksi Naxçıvan tarixinin təbliğ olunmasında, burada mövcud olmuş qədim şəhər mədəniyyətinin tanıdılmasında əhəmiyyətli rol oynayır. Naxçıvana gələn hər bir qonaq muzeylə maraqlanır, qədim tariximizi yaşadan bu qalanın qədim dövrlərin şahidi olduğunu öz gözləri ilə görür. Burada 5000 illik şəhər mədəniyyətimizin mövcud olduğu Naxçıvan şəhəri haqqında gələn qonaqlara, xarici ölkə vətəndaşlarına ətraflı məlumatlar verilir.
Sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə baxış olub.
Xəbərlər şöbəsi