24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan milli teatr tarixinə parlaq səhifələr yazmış Naxçıvan teatrının yaranmasından 132  il ötür. Bu münasibətlə mayın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmişdir. 

Tədbiri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov açaraq bu sənət ocağının keçdiyi inkişaf yolundan danışmışdır. Bildirilmişdir ki, işıqlı amallar carçısı olan Naxçıvan teatrı Azərbaycan səhnə sənətinə qüdrətli sənətkarlar bəxş etmişdir. Milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində, mütərəqqi ideyaların yayılmasında, yeni tamaşaçı nəslinin formalaşmasında, maariflənməsində teatrımızın xidmətlərindən danışan nazir vurğulamışdır ki, buna görə teatrımızın inkişafında xidmətləri olan görkəmli sənət korifeylərimizi ehtiramla xatırlayır və onların Naxçıvan teatrında yaratdıqları ənənələri yaşadır və zəngin yaradıcılıq irslərindən bəhrələnirik.

Nazir qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayğısı nəticəsində Naxçıvan teatrı ötən əsrin 70-ci illərindən başlayaraq yeni inkişaf mərhələsi yaşamış, mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən dolğun tamaşalar yaratmışdır. Ümummilli liderimiz Naxçıvan teatrına yüksək qiymət verərək demişdir: “Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”.
Ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev teatr sənətimizin inkişafını diqqət mərkəzində saxlayır. Dövlət başçısının 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. Yubiley ərəfəsində teatr kollektivinin əməyi yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətinə görə bir qrup sənət adamı Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident mükafatı və təqaüdlərinə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Xalq artisti, teatrın direktoru Rza Xudiyev müstəqillik illərində teatrın yaradıcı­lıq axtarışlarından və xarici ölkələrə qastrol səfərlərindən, yüksək səviyyəli teatr festivallarında və tədbirlərində iştirakından söhbət açmışdır. Qeyd olunmuşdur ki, teatrımıza dövlət qayğısı bu gün yüksək səviyyədədir. Elə bu günlərdə 3 aktyorumuzun əməyi yüksək qiymətləndirilmiş, ölkə Prezidentinin Sərəncamı ilə onlar Prezident mükafatına layiq görülmüşlər.
Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında yenidənqurma işləri aparılmışdır. 2012-ci ildə teatr binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə kimi hamımızın yadındadır.
Vurğulanmışdır ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək yüksək vətənpərvərlik mövzusunda tamaşalar göstərilməsini tövsiyə etmişdir. Bu günlərdə teatrımız muxtar respublikanın rayonlarında olaraq bu mövzuda tamaşalar göstərməkdə davam edir.
Bildirilmişdir ki, Naxçıvan teatrı bundan sonra da milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini tamaşaya qoymaqla mütərəqqi ideyaların keşiyində duracaq, vətənpərvərlik duyğuları ilə zəngin əsərlər səhnələşdirəcəkdir.
Tədbirin sonunda Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanmış “Müsyö Jordanın Qarabağ sərgüzəşti ” tamaşası göstərilmişdir. Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ruhəngiz Seyidovadır.
Böyük dramaturqun ölməz obrazlarını Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov (Müsyö Jordan), Əli Əliyev (Hatəmxan ağa), Behruz Haxverdiyev (Dərviş Məstəli şah), aktrisalar Nazlı Hüseynquliyeva (Şəhrəbanu xanım), Şölə Novruzbəyli (Şərəfnisə xanım), Fidan Qasımova (Gülçöhrə), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Kəklik Novruzova (Xanpəri), aktyor Anar Eyvazov (Şahbaz bəy) və başqaları canlandırmışlar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və icti­mai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov iştirak etmişdir.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR