Xalq təqvimindəki boz ayın dörd çərşənbəsi müqəddəs sayılmış və təbiətin dəyişməsində dörd ünsür – su, od, yel və torpaq mühüm rol oynamışdır. Xalq yaradıcılığında bu ayın dörd çərşənbəsinin hər biri ilə bağlı müxtəlif ayin, etiqad, inanc və mərasimlər mövcuddur. Boz ayın ikinci çərşənbəsi xalq arasında “Xəbər çərşənbə”, “Külə çərşənbə” kimi də bilinən “Od çərşənbə”sidir. Buna xalq arasında bəzən “Üsgü çərşənbə”, “İkinci çərşənbə” və yaxud əzizləmə mənasında “Addı çərşənbə” də deyilmişdir. İkinci çərşənbədə havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması baş verir. Buna görədir ki, bu çərşənbə “Xəbər çərşənbə” də adlanır – yəni yazın xəbərçisi. Bu çərşənbədə havalar qızır, Günəş artıq yeri isitməyə başlayır. Naxçıvandan toplanmış etnoqrafik çöl materiallarına görə, bu çərşənbəyə həm də “Külə çərşənbə” deyilir. “Külə” sözü “tam olmayan, qısa” mənasını bildirir.
Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma, od kultu ilə əlaqəli yaranmışdır. Hələ çox-çox əvvəllər insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi odu təsəvvürlərində müqəddəsləşdirmişlər. Əski zamanlarda insanlarda belə bir inam yaranmışdır ki, onlar odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Topladığımız etnoqrafik çöl materiallarına görə, Qarabağlar kəndində və Ordubadın bəzi kəndlərində hər çərşənbədə od yandırardılar. Gal kəndində od çərşənbəsində yandırılan odun külünü üç yerə səpər, mal-qaranı, qoyun-quzunu külün üzərindən keçirərdilər. İnanca görə, od çərşənbəsində yanan odun külünü kom qoymazdılar. Bu hal evə uğur gətirməzdi. Həmin külü Payız kəndində yaşlıların verdiyi məlumata görə, axar suya axıdardılar.
Bu çərşənbədə təsərrüfat sahələrində müəyyən işlərə başlanılır. Öncə aran bölgələrdə ağaclara qulluq edilir, heyvanlar örüş sahələrinə çıxarılır. Bir sözlə, istiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin baş verməsi və nəhayət, əmək mövsümünün başlanması üçün torpağı məhsul əkininə hazırlıq ənənələri, ritualları bu çərşənbədə əksini tapır. Od çərşənbəsi, ümumilikdə, Günəş, od, atəş inamı ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, bir sıra rəvayətlərin məcmusudur.
Ancaq bir məsələni də vurğulamaq lazımdır ki, Naxçıvanda odla bağlı adət və inanc sistemlərinə, od kultuna daha çox axır çərşənbədə rast gəlinir. Bu çərşənbədə tonqallar çatılır, atəşfəşanlıq edilir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atdanmaqla köhnə ildən qalan əzablarından, ağırlıqlarından sanki qurtularaq yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar; yandırılmış odun üstündən “ağırlığım, uğurluğum, dərdim, bəlam bu oda tökülsün”, – deyib tullanarlar. İnama görə, odun üstündən tullanan şəxs ilboyu xəstələnməz, dərd, qəm ondan uzaq durar. Yandırılmış odun külünü götürüb bolluq, bərəkət rəmzi olaraq əkin sahələrinə səpərlər. Şər qüvvələrdən qorunmaq, onları qovmaq üçün ilaxır tonqalının külündən evin dörd küncünə qoyarlar. İndiki Kəngərli rayonunun bəzi kəndlərində odun külünün üstünü torpaqla örtərdilər ki, külək onu (odun külünə bərəkət kimi baxardılar) dağıtmasın.
Od xalqımızın and yeri, inanc yeri olmuşdur. “Od haqqı”, “Ocaq haqqı”, “Ocağa and olsun”, “Ocağın nurlu olsun” demiş babalarımız, ağbirçək nənələrimiz. Düşməni qarğıyanda öncə ocağına üz tutmuş, “Ocağın sönsün”, “Ocağın dağılsın” demişlər. Evə, ailəyə bədbəxtlik üz verəndə “Ocağı qaraldı”, “Ocağı söndü” deyirlər. Bundan əlavə, naxələf adama “Baba ocağını kor qoydu” deyərlər. Elimizdə, obamızda qədim ibadət yerlərini də ocaq saymışlar. Bəzi ağsaqqallara “Ocaq kimi adam” demişlər ulularımız. Od Azərbaycanımızın yanan qəlbinə çevrilmişdir. Yurdumuzun adının da “Odlar yurdu” adlandırılması bundan qaynaqlanır.
Bir məsələni də xatırlatmaq istərdik ki, bəzən çərşənbələrdə, Novruzda tonqal qalamaq (xalq arasında odqalama) atəşpərəstliklə, zərdüştlüklə əlaqələndirilir. Qeyd edək ki, bəhs olunan bayramlarda tonqal qalamanın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Çünki atəşpərəstlər odu müqəddəs saymış, onun közünün dağılmasına imkan verməmişlər. Bundan əlavə, oda keşik çəkən döyüşçülər üzlərinə niqab keçirirmişlər ki, onların ağzından çıxan nəfəs oda toxunub onu murdarlamasın. Ancaq insanlar çərşənbələrdə və Novruzda odun üstündən tullanaraq “ağırlığım, uğurluğum, azarım-bezarım, dərdim-bəlam odlara düşsün” deyərlər. Odun külündən götürüb bəd ruhlardan qorunmaq üçün evin künclərinə tökərlər. Əgər tonqal qalamaq atəşpərəstliklə bağlı olsa idi, oda bu cür münasibət bəslənməzdi; dərd, qəm, azar-bezar odun üstünə tökülməzdi. Qədim insanlar tonqal yandırmanı (odqalamanı) qışın bütün qada-bəlasını özlərindən uzaqlaşdırmaq üçün edirmişlər. Xalq arasında belə bir inam var ki, odu insanlara Günəş bağışlayıb. Günəşin, odun rəmzi olaraq Novruz bayramında yumurtaların qırmızı rəngə boyadılması, səməninin ortasına qırmızı parça bağlanılması, Kosanın qırmızı paltar geyinməsi və sair kimi adətlərə əməl edilir. Göstərdiyimiz etnoqrafik materialların hər biri atəşpərəstlikdən öncə türklərin oda tapınması, Günəş kultuna inamı ilə daha çox səsləşir. Qədim türklər oda kult kimi tapınmışlar.
Asəf Orucov
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, dosent