Su Tanrının insana bəxş etdiyi ən böyük və əvəzsiz sərvətdir
Novruz xalqımızın milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürdə daşlaşmış bayramdır. Bu bayramın elmi-mifoloji şərhi ilə əlaqədar elmi düşüncədə müxtəlif mülahizələrin olmasına baxmayaraq, tədqiqatçılar Novruzun bahar bayramı olması fikrinə əsaslanır. Çünki bayramın semantikasında xalq-meydan tamaşalarından tutmuş ayrı-ayrı mövsümi atributlara qədər bu “mifoloji yol”un izləri özünü qoruyub saxlamışdır.
Gecə ilə gündüzün bərabərləşməsini, xeyir qüvvələrin şər qüvvələr üzərində qələbə çalmasını, ildırımın çaxmasını, yağışın yağmasını, əkinçilik təsərrüfatı həyatının başlanğıcını özündə təcəssüm etdirən Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin (havanın), torpağın isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır.
Əski inamlara görə, insana fayda verməyən “ölü” hesab edilirdi. Məhz bu mənada torpağın məhsul verməsini “dayandırması”, onun “donması” insanın ən zəruri həyat nemətlərindən məhrum olması kimi dərk edilirdi. Yığılan azuqə ehtiyatı tükəndikcə insanda torpağı oyatmaq, əkmək, biçmək arzusu artırdı. Torpaq isə birdən-birə “dirilmirdi”, oyanmırdı. Onun oyanması üçün su, istilik (od, Günəş) və yel (hava) lazım idi. Elə bu arzu ilə bağlı xalq çox qədimdən həmin dörd ünsürlə əlaqədar özünün zəngin adət-ənənə, etiqad və ayinlərini yaratmışdır. Təzə ilə dörd həftə qalmış bu mərasim və etiqadlar icra olunmağa başlanmışdır.
Yazı – yeni günü qarşılamaq məqsədilə keçirilən “Novruz çərşənbələri” adlı mərasimlərdə əcdadlarımızın təbiətə təsir etmək, onu mülayimləşdirmək, işığı, Günəşi çağırmaq arzu-niyyəti öz əksini tapmışdır. Kiçik çilləyə düşən günlərdə qeyd edilən üç çərşənbə el arasında “oğru çərşənbələr” adlanır. Oğru çərşənbələrdən sonra gələn və boz ayı çevrələyən əsas çərşənbələr “doğru çərşənbələr” (“doğru üsgülər”, “doğru buğlar”, “çilləbeçələr”, “cəmlələr”) adıyla tanınır. Doğru çərşənbələrdə yazın nəfəsi növbəylə havanın, suyun, ağacların, torpağın canına hopub onları oyadır. Yazın nəfəsi öncə hava və suya toxunur və bununla da, el arasında deyildiyi kimi, “sulara ixtiyar verilir”, “sular çillədən çıxır”. Sulara ixtiyar verilməsi, daha doğrusu, suların ixtiyarının özünə qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq sular daha donmur, şaxta onu dondurub ixtiyarını əlindən ala bilmir.
Boz ayın dörd çərşənbəsinin birincisi əzəl çərşənbədir. Xalq içərisində çox əzizlənən bu çərşənbə “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “su çərşənbəsi”, “sular novruzu”, “gül çərşənbə” kimi də tanınır. Mənbələrə görə, əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə ən əvvəl su təzələnir, elə buna görə də bu çərşənbə su çərşənbəsi adlanır.
Əzəl çərşənbə suya tapınma inamı ilə başlayır. Hamı hələ gün doğmamışdan su üstünə gedir, təzə suda əl-üzünü yuyur, biri-birinin üzərinə su çiləyir, su üstündən atdanır, yaralıların yarasına su səpirdilər. İnama görə, təzə su, daha doğrusu, əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu dərdlərin dərmanıdır. Çox ehtimal ki, Xızırın dirilik çeşməsindən su içdiyi, Koroğlunun Qoşa bulağı tanıdığı gün də elə əzəl çərşənbə günü olmuşdur. Əski inamlarda su sağlamlığın rəhni idi. Su çərşənbəsi günü təzə sudan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Səsi batanlara, danışa bilməyənlərə bu sudan içirərdilər. Bir çox xəstəliklər su çərşənbəsində sağaldılarmış. Suya etiqad bəsləyənlərin bütün xəstəliklərini, günahlarını yalnız ildə bir dəfə – su çərşənbəsi mərasimində təzə suyun yuyub apardığına inanılardı. Adamlar elə buradaca günah işlətməyəcəklərinə, adamlara ancaq və ancaq yaxşılıq edəcəklərinə and içərdilər. Mərasim suyun başına dövrə vuran adamların suyu vəsf etdikləri nəğmələrlə başa çatardı.
Su çərşənbəsi günü adamlar səhər tezdən axar suyun üstünə üz tutarlar; çillə kəsdirər, niyyət eləyib suyun üstündən tullanar, əl-üzlərini yuyar, biri-birinin üstünə su çiləyərək “bu, mübarək sudu” deyərlər. Qucaqdakı körpələri, qoca və xəstələri də su üstündən hoppandırardılar ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun. Suyun qüdrətini, müqəddəsliyini həmişə önə çəkən əcdadlarımız hətta ilin axır çərşənbəsində belə, “suüstü” deyilən mərasimi təntənə ilə qeyd etmişlər. Ulularımız arzu və niyyətlərini, dərdlərini suya söyləmiş, onu həmdəm bilmişlər. Səfərə çıxanın, uzaq ellərə yol alanın arxasınca su atmışlar ki, getdiyi yerdə su kimi əziz olsun, işini uğurla başa vursun.
“Su bulanmayınca durulmaz”, “Su murdarlıq götürməz”, “Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz”, “Suyu ver susayana, içsin qana-qana”, “Su olan yerdə dirilik olar”, “Su içən adamı qəfil vurmazlar”, “Süfrəyə su dağılması aydınlıqdır”, “Su dolu qabla qabağına çıxsalar, işin avand olar”, “Su kiçiyindir, yol böyüyün”, “Su içəni danışdırmazlar”, “Lal axan sudan keçməzlər”, “Su içən adamı ilan çalmaz” və başqa inanclar, “Su haqqı!”, “Axar suya and olsun!” kimi andlar ulu əcdadlarımız tərəfindən su ilə bağlı yaradılan müdrik kəlamlardır.
İlaxır çərşənbələrin hər biri əcdadlarımızın elə müqəddəs etiqadları, duyğuları ilə bağlıdır ki, bu gün onları öz dünənimiz, keçmişimiz kimi bilməyə borclu olmaqla gələcək nəsillərə çatdırmalıyıq.
Nizami ƏZİZƏLİYEV