24 Dekabr 2024, Çərşənbə axşamı

Tarixi çox da qədim olmayan Azərbaycan memuar ədəbiyyatı müxtəlif istiqamətləri əhatə edir. İndiyədək respublikamızda Birinci və İkinci Dünya müharibələrinin iştirakçıları, partizan hərəkatının nümayəndələri, ayrı-ayrı elm sahələri üzrə xüsusi xidmətləri olan məşhur şəxsiyyətlərə aid xatirələr toplanılıb çap edilərək oxuculara çatdırılmışdır. Memuar ədəbiyyatımızı zənginləşdirən bir istiqamət də məşhur şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərimiz haqqında yazılan xatirələrdir. Bu xatirələrin bir qismində müəlliflər öz ədəbi-mədəni və ictimai fəaliyyəti haqqında yazmışlar. İkinci qisim xatirələr isə başqa müəlliflərin müxtəlif şair, yazıçı, mədəniyyət və incəsənət xadimləri haqqında yazdıqlarıdır. Bu qrupa daxil olan xatirələrin olduqca az miqdarı gündəliklər və müxtəlif sənədlərə əsaslanmaqla yazılmışdır.

Azərbaycan memuar ədəbiyyatının butipli nümunələrinin yaradıcısı filologiya elmləri doktoru, professor Əziz Şərifdir. Özünün dediklərinə görə, 1908-ci ildən gündəlik yazmağa başlamış və bu mədəni vərdişi, demək olar ki, ömrünün sonunadək davam etdirmişdir. 

Ə.Şərifin 45 cildlik gündəliyinin avtoqrafı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunur və bu günədək tam şəkildə oxuculara çatdırılmamışdır. Gündəliyin bütövlükdə yox, müəyyən hissələrinin çap etdirilməsində ilk təşəbbüs isə elə Ə.Şərifin özünə məxsusdur. Belə ki, o, keçən əsrin 60-70-ci illərində Bakıda çıxan “Azərbaycan” jurnalı, “Kommunist”, “Ədəbiyyat və incəsənət” qəzetlərində dərc etdirdiyi məqalələrinə və 1977, 1983, 1986-cı illərdə çap olunan “Keçmiş günlərdən” seriyası ilə çap etdirdiyi kitablarındakı xatirələrinə gündəliyindən çox əhəmiyyətli və geniş oxucu kütləsinin marağına səbəb olan parçalar daxil etmişdir.
“Keçmiş günlərdən”in 1977 və 1986-cı illər nəşrlərində ədəbiyyat, elm, mədəniyyət və incəsənət xadimlərimiz, Tiflisdə nəşr olunan bəzi milli mətbuat orqanlarımız, ədəbi əlaqələrimiz haqqında maraqlı xatirələr bir-birini əvəz edir. Biz bu xatirələr vasitəsilə “qısaboy, arıq və zəifvücud, məktəbli bluzası geymiş Sabirin” Tiflis həyatı, xəstəlik dövrü, sağlığında və vəfatından sonra şairə olan ümumxalq məhəbbətini əks etdirən maraqlı faktlarla qarşılaşır, müəllifin hələ lap uşaqlıqdan tanıdığı “böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran” unudulmaz ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin ayrı-ayrı əsərləri, elmi-ədəbi fəaliyyəti haqqında qiymətli məlumatlarla, xüsusilə ədibin öz əli ilə yazdığı və son dərəcədə böyük elmi əhəmiyyəti olan “tərcümeyi-hal”ının mətni ilə tanış olur, “səhnədə oynadığı rollarda olduğu kimi, həyatda da çox məlahətli, olduqca səmimi və sadə görünən” H.Ərəblinskinin aktyorluq fəaliyyəti, müəllifin “bir şair kimi hələ ilk addımlarından tanıdığı” Səməd Vurğunun 1953-cü ildə Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirakı haqqında zəngin və oxuculara az məlum olan və ya heç məlum olmayan məlumatlar əldə edirik.
Alimin böyük şairimiz Hüseyn Cavid haqqındakı xatirələri isə xüsusi elmi əhəmiyyətə malikdir. Burada o, H.Cavidin 1906-1910-cu illərdə atası, görkəmli maarifpərvər Qurbanəli Şərifzadəyə İstanbuldan yazdığı səkkiz məktubunu ilk dəfə olaraq oxuculara təqdim edir. Məktublardan aydın olur ki, H.Cavidin İstanbulda keçən həyatı fərəhli olma­mışdır. Lakin ağır maddi çətinliklər içərisində yaşamasına baxmayaraq, o, İstanbula çatdığı ilk günlərdən təhsil almaq, əsaslı biliklərə yiyələnmək üçün xüsusi səy göstərmişdir. Xatirədə H.Cavidin Tiflisdə və Bakıda yaşadığı illərdəki həyat və fəaliyyəti haqqında da oxuculara yeni və zəngin məlumatlar verilir. Müəllif H.Cavidin şöhrətli bir sənətkar olmasına baxmayaraq, bu şəhərlərdə də onun necə ağır və acınacaqlı bir vəziyyətdə yaşadığını müşahidə etdiyi konkret məqamlarla və tarixi sənədlərə söykənməklə gözlərimiz önündə canlandırır.
“Keçmiş günlərdən”in ikinci nəşrində əvvəlki kitabındakı xatirələrlə yanaşı, 9 yeni xatirəsi ilə də tanış oluruq. Həmin xatirələrdən öyrənmək olur ki, F.Köçərlinin zəngin arxivində hansı qiymətli sənəd və materiallar var imiş. Nəriman Nərimanovun bəzi şəxsi keyfiyyətləri necə imiş və mühacirətdə nəşr edilən mütərəqqi və demokratik Şərq mətbuatını uzaq Naxçıvanda yaymaq üçün Q.Şərifzadənin vasitəsilə abunəçilər toplayırmış, Üzeyir Hacıbəylinin “Kor­oğlu” operasının Bakıda ilk dəfə tamaşaya qoyulmasında müəllif və digər ədəbiyyat və mədəniyyət xadimləri hansı hazırlıq işləri aparıbmış, operaya ictimai baxış hansı səviyyədə keçirilib və əsərin ilk tamaşasının əks-sədası necə olubmuş, ömrünün son illərini Azərbaycan teatrına həsr edən rus aktyoru və rejissoru A.Tuqanovun 1937-ci ildə V.Şeksprin “Romeo və Cülyetta” əsərini Azərbaycan Dram Teatrında tamaşaya qoyması ilə bağlı təfsilat necə imiş, məşhur rus şairi Demyan Bednı tərəfindən M.Ə.Sabirin şeirlərinin bir neçəsinin rus dilinə tərcümə edilməsinə cəhd olunması və bu işin baş tutmamasının səbəbləri nə imiş və sair.
Görkəmli alim Əziz Şərifin “Keçmiş günlərdən” seriyasına daxil olan həcmcə ən böyük memuarı “Atam və mən” adlanır. Xatirəni yazmaqda müəllifin əsas məqsədi uzun illərdən bəri davam edən gündəlik qeydləri və müxtəlif şəxslər tərəfindən özünə və atasına göndərilən məktublar, teleqramlar (həmçinin öz məktub və teleqramları) vasitəsilə atası Q.Şərifzadənin ictimai fəaliyyəti, hörmət və ehtirama layiq olan bir sıra insani keyfiyyətləri, qayğıkeş bir ata kimi ailəsinə münasibətinin təzahür məqamları, özünün isə oğulluq borcu və vəzifələrini necə başa düşüb qiymətləndirməsini oxuculara çatdırmaqdan ibarətdir.
Xatirəni oxuduqca Q.Şərifzadənin məşəqqətli, lakin son dərəcə şərəfli həyat yolu ilə tanış olur, onun dövrünün məşhur simaları ilə – M.T.Sidqi, C.Məmmədquluzadə, F.Köçərli, M.Ə.Sabir, Ə.Talıbov, H.Cavid, N.Nərimanov və başqaları ilə əlaqələri, “öz duzlu felyetonları ilə” “Molla Nəsrəddin” jurnalında “Moza­lanbəy” imzası ilə çıxış etməsi, mükəmməl bildiyi mühəndislik sənəti ilə ölkənin bir sıra dəmiryollarının çəkilişində can qoyması haqqında yeni və zəngin məlumatlar alırıq. Xatirədən aydın olur ki, Q.Şərifzadəyə məxsus olan ən səciyyəvi keyfiyyətlər bunlar imiş: təmizlik, yaxşı mənada sadəlövhlük, qayğıkeşlik, əməyə, zəhmətə aludəlik, tələbkarlıq, məğrurluq, səxavətlilik. Bütün bu keyfiyyətlər Q.Şərifzadəyə xatirə müəllifi tərəfindən sadalama yolu ilə aid edilmir. Oxucuların özu bunları sanki görür və hiss edir.
“Atam və mən” kitabının bir qiymətli cəhəti də odur ki, biz burada M.T.Sidqinin “Məktəbi-Tərbiyə”si, müəllifin görkəmli rəssam B.Kəngərli ilə görüşləri, “Molla Nəsrəddin” jurnalının nəşrolunma şəraiti və onun əməkdaşları haqqında da maraqdoğuran məlumatlara rast gəlirik.
Ə.Şərif “Keçmiş günlərdən” seriyasına daxil etdiyi yazılarını “sənədli xatirələr” adlandırmışdı. Bu heç də təsadüfi bir adlandırma deyil. Çünki onun elə bir xatirəsini tapmaq olmaz ki, o, ancaq müəllifin yaddaşına əsaslanaraq yazılmış olsun. Vaxtilə alimin özü də buna işarə edərək yazmışdır: “...Şəxsən mən sənədsiz və sənədlə təsdiq edilməmiş xatirələrə həmişə şübhə ilə yanaşmağı adət etmişəm, özüm də uzaq keçmişin bir hadisəsini yada salanda çox ehtiyatla, min dəfə ölçüb-biçəndən sonra qələmə alır, oxuculara təqdim edirəm”.
Əziz Şərifin xatirələrində onun öz obrazı da görünür. Əslində, həmin xatirələrin baş qəhrəmanı da onun özüdür. Maraqlıdır, Əziz Şərif obrazı xatirələrdə necə təzahür edir? Bu sualın ən yaxşı cavabını “Keçmiş günlərdən” kitabına ön söz yazan akademik M.Cəfər vermişdir: “Xatirələrdə müəllif özü varsa da, bizə onun mənəvi aləminin ancaq bir cəhəti – onun elm, mədəniyyət dostu, ədəbi-mədəni irsin qayğıkeş qoruyucusu olması və əməlpərvər sənətkarlara bəslədiyi dərin hörmət və məhəbbəti görünür”.
Professor Ə.Şərifin bütün xatirələri maraqlı bir üslubda yazılmışdir. Birinci növbədə, müəllifin məharəti onda özünü göstərir ki, o, hər hansı bir mövzuya həsr etdiyi xatirələrdə elə ilk sətirlərdən oxucunun diqqətini cəlb edir, sonra isə müxtəlif ədəbi manevrlərlə bu diqqətin yayınmasına imkan vermir. Oxucuları təəccübləndirmək, inandırmaq, düşündürmək, təqdim edilən fakt və məlumatlardan nəticə çıxarmaq kimi xüsusiyyətlər bu xatirələrin ən dəyərli məziyyətləridir.
Görkəmli alim xatirələrində memuar janrına verilən tələblərə əməl edərək bədii uydurmalara qətiyyən yol verməmişdir. Lakin bu xatirələrdə, xüsusilə “Atam və mən”də Ə.Şərifə məxsus obrazlı və emosional bir deyim tərzini də sezməmək mümkün deyil. Bu xüsusiyyət xatirələrə “Gündəlik”dən daxil edilən parçalarda daha çox özünü göstərir. Bunun səbəbini Ə.Şərif belə izah edir: “...Bədii ədəbiyyata aludə olan və boş vaxtını mütaliəyə sərf edən mən gündəliyimi də bədii əsər kimi yazmağa, öz istedadımı və bacarığımı bədii yaradıcılıqda da sınamağa çalışırdım”. Ə.Şərifin xatirələrini səciyyələndirən ən mühüm xüsusiyyətlərdən biri də, təxminən, yüzillik bir dövrün ictimai-siyasi və ədəbi-mədəni ab-havasını hifz edib özündə saxlamasıdır. Biz bu xatirələrdə Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti tarixinin çox mühüm və öyrənilməmiş səhifələrini vərəqləmək, XIX əsrin 90-cı illərindən XX əsrin eyni illərinədək olan dövrü əhatə edən bir epoxanın ədəbi salnaməsi ilə tanış olmaq imkanı əldə edə bilirik. Cəsarətlə demək olar ki, Azərbaycanda Ə.Şərifin xatirələri qədər, zaman etibarilə, böyük bir dövrü əhatə edən, etibarlı fakt və sənədlərə söykənən, öz aktuallığını uzun illər boyu saxlamaq gücünə malik olan, ədəbiyyat və mədəniyyət tariximizi öyrənən tədqiqatçılara elmi istiqamət verən, ensiklopedik xarakteri ilə seçilən ikinci bir memuar nümunəsi tapmaq çətindir.
Bu gün Ə.Şərifin xatirələri, necə deyərlər, öz missiyasını yerinə yetirmişdir. Yüzlərlə məqalə, oçerk, dissertasiya və monoqrafiyalarda istinad edilən ən mötəbər mənbə kimi bu xatirələrin bir çox məlumatların dəqiqləşdirilməsində, irəli sürülən elmi mülahizələrin əsaslandırılmasında, yeni araşdırmaların izinə düşülməsində, bir sözlə, ədəbiyyat tariximizdə yazılmamış ağ səhifələrin doldurulmasında xüsusi əhəmiyyəti olmuşdur.
Böyük alimin xalqımıza bəxş etdiyi bu mənəvi sərvət gələcək tədqiqatlar üçün də zəngin material verən tükənməz bir xəzinədir.

Fərman XƏLİLOV
filologiya üzrə elmlər doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR