24 Dekabr 2024, Çərşənbə axşamı

“Mənim gerçək atam Filip deyil, Aristoteldir. Çünki birinci maddiliyimin – maddi quruluşumun, ikinci mənəviyyatımın – mənəvi quruluşumun meydana gəlməsinə səbəb olmuşdur”, – deyirdi Makedoniyalı İskəndər.
Bəli, mənəviyyat, mədəniyyət insanı necə yüksəldirsə, bir ölkəni də o cür yüksəldir, qoruyur, gələcək inkişafında əhəmiyyətli vasitəyə çevrilir.
Bu baxımdan mədəniyyətimizin inkişafı milli və mənəvi dəyərlərimizin inkişafından asılıdır. Bu dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, ədəbiyyatımıza, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mətbuatın yaranması ilə bərabər, XIX əsrdə kitab nəşri sahəsində meydana çıxan yeniliklər getdikcə təkmilləşərək inkişaf etdi.

Qeyd edək ki, kitab mədəni irsin, xalqın mənəvi sərvətinin qiymətli bir hissəsi, siyasi-ideoloji mübarizənin qüdrətli vasitəsidir. Kitablar bizim müdrik babalarımızın yadigarı, tarixin canlı şahidləridir. Kitablar yazı və dilin, ədəbiyyat və incəsənətin, elm və texnikanın inkişafında əvəzsiz rol oynayır. Xüsusən bədii əsərlər dövrü dərk etmək və əks etdirmək baxımından tarix kitablarından heç də geri qalmırlar.
Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Millətin ən başlıca sərvəti olan intellekt öz mənbəyi kimi həmişə yaradıcılığa əsaslanmışdır. Yaradıcılıq məhsulları – elmi, bədii və incəsənət əsərləri bütün tarix boyunca bəşər mədəniyyətini hərəkətə gətirən lokomativ rolunu oynayıb.
Mədəniyyətin tərkib hissəsi sayılan ədəbiyyatın da bu baxımdan rolu danılmazdır. Ədəbiyyat geniş qavramdır. Özündə tərbiyəni və incəsənətin xüsusiyyətlərini əks etdirən ədəbiyyat sağlam mühitin formalaşmasında əhəmiyyətli vasitədir. Tarixən xalqa müəyyən həqiqətləri anlatmaq üçün ədəbi nümunələrdən istifadə edilir. Vətənpərvərlik, tərbiyə, sevgi, doğruluq və sair kimi hislərin formalaşmasında, milli dəyərlərin inkişaf etdirilib güclü mədəni zona yaradılmasında ədəbiyyat misilsiz rol oynayıb. Ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyev möhtəşəm fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələləri ilə də daim məşğul olub, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görüb, nəhəng tədbirlər həyata keçirib.
Bu, səbəbsiz deyildi; dahi rəhbər mədəniyyətin inkişafında ədəbiyyatın böyük rolu olduğunu yaxşı bilirdi. Ukrayna şairi İvan Draç ulu öndər haqqında deyib: “Heydər Əliyev mədəniyyət və ədəbiyyata böyük hörmət bəsləyir. Bu, onun müdrikliyinə dəlalətdir”.
Ədəbiyyat xalqın estetik tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mədəniyyət siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da Azərbaycanın tarixən yaranmış mədəniyyətinin mühafizə olunmasında, tarixi abidələrin, ədəbiyyatın, çoxlu sayda muzeylərin bərpası, ölkənin qədim mənəvi mədəniyyətinin təbliğ olunmasında, onların qorunmasında çox mühüm tədbirlər həyata keçirilir.
Hər bir mədəniyyət özündən əvvəlki mədəniyyətin əsasında yaradılır. Bu səbəbdən mədəni sərvətləri qorumaq hər bir vətəndaşın ən ümdə vəzifəsi olmalıdır. Bu, keçmişə sədaqət, gələcəyə xidmət borcumuzdur.

 Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR