Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi-pedaqoq, publisist, tənqidi rеalist ədəbi cərəyanın bayraqdarı, ilk mənzum allеqоrik dram əsərinin müəllifi, dramaturgiyanın nəhəng simalarından biri, yenitipli ictimai satiranın yaradıcısı, bütün dünyada məşhur olan yeni üslublu “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı, böyük ədib Cəlil Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Azərbaycanın qədim mədəniyyət və sivilizasiya beşiyi olan Naxçıvan şəhərində anadan olmuşdur. “Gözümü dünyaya birinci dəfə açanda dünyanı qaranlıq görmüşəm”, – deyən görkəmli ədib ictimai satiranın gücü ilə xalqının çəkdiyi əziyyətləri, elm və maarifdən uzaq tutulan insanların həyati faciələrini, bir sözlə, hər cür ictimai bəlalarla qaragünlü ömür yaşamağa vadar edilmiş xalqının yoluna işıq tutmuşdur.
Cəlil Məmmədquluzadə ilk təhsilini mollaxanada almışdır. Özü də bu barədə xatırlayacaqdı ki, əgər mollaxanada bu təhsili almasaydı, yəqin ki, bir cızma-qara sahibi olmayacaqdı.
Mirzə Cəlilin sonralar təhsilini üçsinifli Naxçıvan şəhər məktəbində davam etdirməsi onun gələcəyini, bir növ, müəyyənləşdirməyə böyük imkanlar yaratmışdı. O vaxt Qafqazın ən böyük “universiteti” hesab olunan Qori Müəllimlər Seminariyasına gedən yol məhz bu illərdən başlayırdı.
Qori Müəllimlər Seminariyasındakı təhsil və həmin dövrün ictimai-mədəni, siyasi mühiti Mirzə Cəlil yaradıcılığının mənbəyi rolunu oynamışdır. İrəvanın Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Cəlilkənd) və Nehrəm məktəblərindən başlayan məktəbdarlıq, hüquq idarələrindəki fəaliyyət gələcək nəhəng sənətkar üçün dərin müşahidələr aparmağa, ona xalqının dərdi, problemləri ilə yaxından tanış olmağa imkan vermişdi. Qətiyyətlə demək olar ki, böyük ustadın yaratdığı “Poçt qutusu”, “Yan tütəyi”, “Danabaş kəndinin məktəbi” və sair kimi ölməz əsərlər məhz o dövrün müşahidələrinin nəticəsidir. Böyük ustad Cəlil Məmmədquluzadənin əmək fəaliyyətinə başladığı, pedaqoji fəaliyyətlə məşğul olduğu XIX əsrin sonları Naxçıvanda maarifçiliyin geniş intişar tapdığı dönəmlər idi. Hələ gənc olan Mirzə Cəlil həmin dövrün maarifçilik və məktəbdarlıq hərəkatının şöhrətli ağsaqqalı Məhəmməd Tağı Sidqi ilə birlikdə eyni amal və əqidə yolunda, xalqın maariflənməsi və oyanışı sahəsində yorulmadan çalışmışdır.
Cəlil Məmmədquluzadə həm də Azərbaycan ədəbiyyatında kiçik hеkayənin böyük ustadı kimi tanınmışdır. Onun ədəbiyyat tariximizə bəxş etdiyi “Poçt qutusu”, “İranda hürriyyət”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq”, “Buz” və başqa hekayələr həm də uşaq ədəbiyyatının ən sanballı nümunələridir. Böyük məhəbbətlə yazılan “Çay dəsgahı” mənzum alleqorik dramı həm Mirzə Cəlil irsində ilk dramaturgiya örnəyi, həm də Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum alleqorik dram nümunəsi kimi xüsusi mövqeyə malikdir. Cəlil Məmmədquluzadənin böyük istedadla yazılmış “Ölülər”, “Anamın kitabı”, “Kamança”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı” və digər pyesləri Azərbaycan dramaturgiyasının inciləridir. Bu əsərlər həm də elə peşəkarlıq və istedadla yazılmış nümunələrdir ki, Azərbaycan teatrının yeni müstəvidə və yeni məzmunda inkişafına təkan vermiş, yeni aktyor və rejissor nəslinin yaranmasına, teatr təbirinin müəyyənləşməsinə şərait yaratmışdır.
Görkəmli söz ustadı Mirzə Cəlil həm də ictimai satiranın yeni üslubunun banisi və yaradıcısıdır. Onun satirik üslubda yazdığı şeir nümunələri bu gün ədəbiyyatımızın daha çox Mirzə Ələkbər Sabirlə məşhurlaşmış ictimai satirasının təməlini təşkil edir. Onun hələ tam peşəkarlaşmamış mənzum satirik yaradıcılığı işığında Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi və nəhayət, bu satiranın “ağır artilleriyası” hesab olunan Mirzə Ələkbər Sabir kimi əvəzsiz sənətkarlar meydana çıxır. Mirzə Cəlil həm də o sənətkarlardandır ki, bədii yaradıcılığı ilə ədəbiyyatımıza bəxş etdiyi metaforik obrazlar, simvollar və mətnaltı məna vasitələri ilə böyük və dərin ictimai mətləbləri bütün dolğunluğu, ciddiyyəti ilə ifadə etməyə nail olmuş, ədəbi yaradıcılıqda bunun ənənəsini yaratmışdır.
Görkəmli ədib Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi rеalizmin də banisidir. O, xalqın taleyi və müqəddəratı ilə bağlı məsələləri vətəndaşlıq yanğısı ilə əsərlərində əks etdirmişdir.
Xalq yolunda xidmətləri misilsiz olan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə milli mətbuatımızın inkişafı və intişarında mühüm xidmətlərilə yadda qalmışdır. Böyük alim və publisist Məhəmmədağa Şahtaxtlının “Şərqi-Rus” qəzetindən başlanan “jurnalistika məşqindən” sonra qəlbi xalqına xidmət amalı ilə döyünən dahi söz adamı Cəlil Məmmədquluzadə dünyaca məşhur olan “Molla Nəsrəddin” jurnalının əsasını qoymuşdur. Mirzə Cəlil bu jurnalın, o cümlədən mollanəsrəddinçi ədiblərin yol göstərəni və ideoloqu idi. Xalqına bağlı insanların vətənə xidmət vasitəsinə çevrilən “Molla Nəsrəddin” jurnalı maarif, nəşr və bir sıra ictimai inkişaf baxımından bir çox xalqları qabaqlayan Azərbaycan xalqının mübariz və vətənsevər ziyalılarının əldə etdiyi böyük nailiyyət idi. Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə dayanan “Molla Nəsrəddin” jurnalı bütün Şərq aləmi və Türk dünyasında ilk rəngli, şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. Xalq lətifələrinə dayanaraq yaranan felyetonlar da adı “Molla Nəsrəddin” seçilən milli mətbuat orqanının “öz üzərinə gülmək” üslubuna uyğun olaraq yaradılmış və əsas üsula çevrilmişdi. 1906-cı il aprel ayının 7-də nəşrinə başlanılan “Molla Nəsrəddin” jurnalı “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” müraciətilə, bütövlükdə, xalqı, müsəlman və türk aləmini dostcasına sevərək özünə ünvan seçmişdi. Cəlil Məmmədquluzadə yaradıcılığı ilk sözündən tutmuş son sözünə qədər vətəndaşlıq dərsliyidir. Bütün bu xüsusiyyətlərinə, Azərbaycan xalqının inkişafı yolunda göstərdiyi xidmətlərə görə xalqımızın ümummilli lideri Heydər Əliyev “Molla Nəsrəddin” jurnalını və onun redaktoru Cəlil Məmmədquluzadənin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”.
Azərbaycan dövlətinin çoxsaylı görkəmli şəxsiyyətlər kimi, Cəlil Məmmədquluzadə şəxsiyyəti və irsinə də qayğı göstərməsi bu şəxsiyyətin böyüklüyünü və ölməzliyini təzahür etdirən faktlardan biridir. Sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhrifləri ilə qaranlıqlara bürünərək təbliğ edilən Cəlil Məmmədquluzadənin də ədəbi irsi xalqımızın müdrik oğlu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aydınlığa qovuşmuşdur. Bu, dahi rəhbərin Mirzə Cəlil şəxsiyyətinə olan böyük ehtiramı və hörmətinin daha tutarlı ifadəsidir ki, ölkəmizdə ilk ev-muzeyləri yaradılan görkəmli şəxsiyyətlərdən biri məhz Cəlil Məmmədquluzadədir. Dahi liderin qayğısı sayəsində Cəlil Məmmədquluzadənin irsi toplanılaraq təkrar-təkrar nəşr edilmiş, ciddi tədqiqatların obyekti olmuş, adına küçələr verilmiş, Bakıda, Cəlilabad və doğma vətəni Naxçıvan şəhərlərində əzəmətli heykəlləri ucaldılmışdır. Görkəmli ədibin ölməz əsərləri daim teatrların da repertuarlarında olmuş, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır. Mirzə Cəlil irsinə xalq ehtiramını nümayiş etdirən daha bariz bir fakt böyük ədibə həsr olunmuş və əsərləri əsasında hazırlanmış “Qəm pəncərəsi”, “O dünyadan salam” kimi ölməz filmlərin çəkilişidir. Naxçıvan şəhərindəki ev-muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadənin adını əbədiləşdirən mədəni ünvanlardandır. Ustad Cəlil Məmmədquluzadənin 1967-ci ildə 100 və 1994-cü ildə 125 illik yubileylərinin keçirilməsi ədibə göstərilən ehtiramın daha bir nümunəsidir. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü verdiyi “Molla Nəsrəddin” jurnalının latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi ədibin irsinə və şəxsiyyətinə göstərilən misilsiz ehtiramı nümayiş etdirir.
Əbədiyaşar liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin görkəmli ədib Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin keçirilməsi haqqında 6 fevral 2009-cu il tarixli Sərəncamı Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılandı. Ədibin vətəni Naxçıvanda da ayrı-ayrı illərdə əbədiyaşar sənətkarın yubileyləri geniş qeyd olunmuş, əsərləri, o cümlədən ikicildlik “Seçilmiş əsərləri” yeni tərtibatda nəşr edilmişdir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun ədəbi-mədəni irsinə, onun xalqımızın tarixinə əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin rəmzidir”.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru