24 Dekabr 2024, Çərşənbə axşamı

Xalq etimologiyasına görə, fevral ayı görüləcək işlərin, keçiriləcək bayram və mərasimlərin özünəməxsusluğu ilə seçilir. Bu ayla bağlı inanc sistemləri də olduqca çox maraqlıdır. Xalq təqviminə görə, bu ay kiçik çillə və boz ayın ilk iki çərşənbəsindən ibarətdir. Kiçik çillə yanvarın 31-dən fevralın 19-a qədərki dövrü əhatə edir. Bu dövrdə Naxçıvan bölgəsində bayram və mərasimlər qeyd edilərdi. Bunlardan birincisi, “Çoban bayramı” və ya “Sayagəzmə” adlanırdı ki, bu mərasim fevral ayının əvvəllərinə təsadüf edirdi. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, döl bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxartmaq idi. 

 Fevral ayında keçirilən mərasimlərdən biri də Culfa bölgəsinin dağlıq zonalarında qeyd edilən “Çilləkəsdi” mərasimi idi. Bu mərasim zamanı qardan heyvan fiqurları düzəldər, bu fiqurların ətrafında əyləncə, şənlik təşkil edərdilər. 

“Xıdır Nəbi” bayramı da fevral ayında keçirilən bayramlarımızdan biridir. Onu da qeyd edək ki, bu bayram kiçik çillənin onuncu günü, yəni fevral ayının 9-u keçirilməlidir.
Xalq təqviminə görə, kiçik çillə fevral ayının 19-u öz ömrünü başa vurub, yerini boz aya verir. Boz ay xalq arasında həm də “alaçalpov”, “çilləbeçə”, “ağlar-gülər”, “cəmlələr” adları ilə bilinməkdədir. Boz ay kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-nə) qədər olan dövrdür. Ayın adının bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən günəşli – bir sözlə, dəyişkən olması ilə bağlıdır.
Xalq arasında boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox boz ayın sərtliyinə və havaların bozarmasına işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, qədim dövrlərdə insanlar ili hesablamaq üçün onu 12 aya bölüblər. Bu vaxt hər aya 32 gün, təkcə boz aya 14 gün düşür. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verir. Lakin boz ay yenə narazı qalır. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb boz aya verir. Buna görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına görədir. Bu ayın xalq arasında bilinən digər bir adının “ağlar-gülər” adlanması da havaların dəyişkən olması ilə əlaqədardır.
Kiçik çillə ilə Novruz arasındakı boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında boz aya “bayram ayı” da deyilməkdədir. Ordubad bölgəsində bu ay həm də “aftabovut” adlanır ki, mənası “Günəşin düşməsi”, “Günəş” anlamına gəlir. Müxtəlif adlarla bilinən boz ayın dörd çərşənbəsi çilləçıxartma dövrünü əhatə edir.
Topladığımız etno­qrafik materiallara görə, axır çərşənbəyə hazırlıq kiçik çillədən sonra başlanır. İlk növbədə, həyət-baca təmizlənir, evlər səliqə-sahmana salınır. El arasında buna “külə-külə” də deyərlər. Həmin gün yaxın qohumlar yaslı olan qohumların evlərinə gedib, ağbirçəklərdən icazə alıb onların evlərini təmizləyər, əyinlərindəki yas paltarlarını çıxarıb, bayram libası geyindirərlər. Bu cür evlərdə bütün əşyaların yeri dəyişdirilməlidir ki, ev­də kəsavət, ağırlıq qalmasın.
Təsərrüfat sahələri ilə bağlı görüləcək işlərə fevral ayında az rast gəlinsə də, bəzi işlər həyata keçirilərdi. Əkinçiliklə bağlı təqvim adətlərin, inamların və mərasimlərin başlanğıcı Novruz bayramından hesab olunsa da, əkin üçün hazırlıq işlərinə kiçik çillədən, daha dəqiq desək, Xıdır Nəbi bayramından sonra, yəni fevral ayından başlayardılar. Əkin üçün lazım olan alətlər itilənib hazırlanar, əkiləcək məhsulların toxumları çeşidlənib seçilər, qoşquya qoşulacaq heyvanlar seçilərək onların xüsusi bəslənməsinə başlanardı.
Ərazimizdə arıçılıq təsərrüfatında kiçik çillədən sonrakı dövr “arının oyanma dövrü” adlanır. İlin gəlməsindən asılı olaraq, aran zonada fevralın axırı arını eşiyə çıxardarlar. Bu, xalq arasında “arının birinci ac dövrü” adlanır. Bəhs olunan dövrdə arıya yem (şirə) verilir.
İlin bu dövrü ehtiyat ərzaq məhsullarının bitib-tükəndiyi dövrdür. Ancaq buna baxmayaraq, hər bir ailə çalışardı ki, yaza qovurmasından az da olsa, saxlasın. Bu dövrdə, yəni fevral ayında, Novruz bayramına bir ay qalmış qovurmasını qurtaranlar haqqında belə deyərdilər:

Çillə çıxıb, bayrama bir ay qalıb,
Pinti arvad qovurmasın qurtarıb.

Xalqın müşahidələrinə əsasən, demək olar ki, yazın ilk əlaməti leyləyin qayıtmasıdır. Leyləklər, əsasən, kiçik çillənin sonu, çilləbeçənin əvvəllərində qayıdırlar. Bundan sonra havalar bir neçə günlüyə soyuyur, soyuq küləklər əsir. Buna “leylək boranı” deyirlər. Xalq arasında deyirlər ki, gərək leyləyin yumurtasının üstünə qar yağa. Ümumən, leyləklər erkən qayıtdıqda öz köhnə yuvalarına dönürlər. Onlar Novruzu yuvalarında keçirirlər. Bir atalar sözü var ki, bu atalar sözündə leyləyin yuvasına döndüyü zaman çox açıq bir şəkildə təsvir edilir: “Cəmrə havaya, leylək yuvaya”. Deməli, leyləklər yuvalarına cəmrələrin olduğu dövrdə, yəni köhnə ildə dönürlər.

Çillə şərqisi

Qabağı yazdır çillənin,
Ömrü azdır çillənin.
Yer bürünür ağ qara,
Təslim olur bahara.
Ağ bayraqlı qış gedir,
Al bayraqlı yaz gəlir!
Nağılçılar xoş gedir,
Ozan, aşıq, saz gəlir!
Böyük çillə çıxmamış,
Kiçik çillə gəlməmiş,
Boz ay çapır atını,
Bilir qışın zatını.
Bənövşə açıb gəlir,
Yatağı torpaq olur;
Çiçəyi yarpaq olur!
Xan çobanın arzusu,
Gəlir qumral quzusu!
Yağış ruzu gətirir,
Novruz gəlib yetişir!
Qüvvət dolu qollara,
Ellər çıxır yollara;
Durnaları gözləyir!
Bülbül gülü izləyir,
Şaxta, boran sovuşur!
Yel düzəldib qəddini,
Gözəl yaza qovuşur!

                         Əhməd Cavad

 

Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR