24 Dekabr 2024, Çərşənbə axşamı

Fevralın 19-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımına həsr edilmiş “Qan yaddaşımız Xocalı” adlı rəsm sərgisinin açılışı olub.
Sərgidə əksəriyyəti gənclərdən ibarət olan 27 rəssamın 50-dək əsəri nümayiş etdirilir.
Sərginin açılış mərasimində əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirdi ki, Azərbaycan xalqı, bütün mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmayacaq. Bu faciənin bədii əsərlərdə, kinofilmlərdə, musiqi və rəsm əsərlərində gələcək nəsillərə, eyni zamanda dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri qeyd etdi ki, Xocalı soyqırımı törədildiyi zaman hadisələrin şahidi olan xarici jurnalistlər dünya mətbuatında faciənin miqyası barədə tükürpədici faktlarla çıxış ediblər. Fransadan olan jurnalist Jan-İv Yunet, digər nüfuzlu Avropa ölkəsinin – İngiltərənin “Frant layn nyus” telekompaniyasının jurnalisti Rori Patriks, Rusiyanın nüfuzlu “İzvestiya” qəzetinin müxbiri V.Belıx və digərlərinin qələmə aldıqları məqalələrdə dəhşətli faciənin təfərrüatları oxuculara çatdırılıb.
“Xocalıda törədilən faciəni ermənilərin özləri də etiraf edirlər. Həmin şəxslərdən biri də insanlığa sığmayan vəhşiliyi görən və sonra Beyruta qaçan erməni jurnalist Davud Xeyriyan kitabında dəhşətli faciəni qələmə alıb”, – deyən Ülviyyə Həmzəyeva Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən ətraflı söhbət açdı.
Daha sonra sərgiyə baxış oldu.
Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Tibb Kollecinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Dövlət Tarix və Dövlət Xalça muzeylərinin əməkdaşları “Şahid”, “Şəhidlər anası”, “Faciə”, “Xocalı soyqırımı” və digər rəsm əsərlərinə maraqla baxdılar.
Sərgi fevralın 28-dək davam edəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR