24 Dekabr 2024, Çərşənbə axşamı

Həmkarlarımdan birinin qəzetimizdə unudulmaqda olan uşaq oyunları ilə bağlı yazısını oxuyarkən xəyalım məni də uşaqlıq illərinə apardı. Oynadığımız oyunları gözlərim önünə gətirdim. Elə sonrakı illərdə də, lap yaxın dövrlərə qədər də həyət-bacada, özlərinə meydança düzəltdikləri yerlərdə uşaqların oynadıqları oyunlar onlara dünyanın ən böyük sevincini bəxş edən məşğuliyyət idi. Həmkarımın yazısı məni düşündürən bəzi məqamlara toxunmağa vadar etdi. Bu məqamları oxucularla bölüşmək istədim.

Unudulan təkcə uşaq oyunlarıdırmı? Tam əminliklə deyim ki, bu gün hansı oxucumuza belə bir sualla – Son vaxtlar qohum-əqrəbanızda, yaxın tanışlarınızda hansı nənəninsə öz nəvələrinə nağıl danışmasını xatırlayırsanmı? – müraciət etsək, müsbət cavab almayacağıq. Şəxsən mən özüm nənələrin uşaqlara nağıl danışması kimi çox maraqlı, tərbiyəvi əhəmiyyət daşıyan prosesin mövcudluğunu yadımdan çıxarmışam.

Bəli, unudulan dəyərlər içərisində nağıllarımız da var. Və etiraf edək ki, bu qiymətli ədəbi nümunələri, şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri olan nağılları ilk olaraq nənələrimizdən eşitmişik. Özümüzü o nağılların içində görmüşük. Mənfi surətlərə nifrət etmişik, müsbət surətlərə oxşamağa çalışmışıq. Bəzən nənələrimizin: – Daha gecdir, gedin yatın, qalanını sabah danışaram – deməsindən sonra onlardan əl çəkməmişik ki, nağılı başa çatdırsınlar. Burada yadıma gözəl şairimiz Əhməd Cəmilin kövrək misraları düşür:
– Ay nənə, bir nağıl da de!
– Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
– Can nənə, de birini də.
– Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Nağıl hər bir xalqın təfəkkürünün məhsulu olmaqla uşaqlarda ilkin müsbət keyfiyyətlər formalaşdırır. Cəsurluq, qorxmazlıq, vətənpərvərlik, böyüklərə hörmət, kiçiklərə qayğı və sair. Həmçinin uşaqlarda nitq qabiliyyətinin inkişaf etdirilməsində, onlarda söz ehtiyatının zənginləşdirilməsində və digər bu kimi keyfiyyətlərin onlara aşılanmasında nağıllar ən səmərəli vasitələrdən biridir.
Elə ulularımız da məhz bunları nəzərə alaraq uşaqlara nağıl danışmağı vacib sayıblar. Bəs bu gün bu, niyə unudulub? Yəqin, deyəcəksiniz ki, indi nağıl yox, kompüter əsridir. Bu fikirlə razılaşmaq olar ki, indi kompüter əsridir. Ancaq onu da unutmayaq ki, televizor, internet, kompüter və həyatımızın tərkib hissəsinə çevrilən digər texnologiyalar barədə ilk ibtidai məlumatlar başqa məfhumların timsalında elə nağıllarımızda verilməyibmi? Ata-babalarımız öz ilkin təfəkkür tərzləri ilə həmin texnologiyaları ibtidai şəkildə olsa da, nağıllarımıza gətirməyiblərmi?
Yaxşı ki, nağıllar orta məktəbdə ibtidai siniflərin proqramına salınıb. Sinifdənxaric oxu materiallarında da nağıllara yer verilib. Bu vasitələrdən səmərəli istifadə etmək müəllimlərin vəzifəsidir və düşünürük ki, onlar bu vəzifəni yerinə yetirməyə səy göstərsələr də, azdır.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əmanət Musayeva deyir ki, dərs dediyim V sinif şagirdləri ilə belə bir söhbət apardım:
– İlk dəfə hansı nağılı eşitmisiniz?
Əvvəlcə heç bir şagird dillənmədi. Bir qədər istiqamət verdikdən sonra şagirdlərdən biri cavab verdi:
– Televiziyada “Göyçək Fatma” nağılına baxmışam.
Bu cavab başqa şagirdləri də sanki ruhlandırdı. Onlar televizorda, internetdə baxdıqları müxtəlif filmlərdən (baxmayaraq ki, onların böyük əksəriyyəti nağıl janrından xeyli uzaq olan ekran materialları idi) danışmağa başladılar. Belə bir haqlı qənaətlə, yəqin ki, çoxumuz razılaşmayacağıq: bəhs olunan mövzu ilə bağlı bu gün nənələri televizor və internet əvəz edib.
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova:
– Nağıllar əsasında səhnələşdirilmiş tamaşalara daha çox yer verməyə çalışırıq. Belə tamaşalarda uğurlarımız daha çox olur. Onları uşaqlara təqdim edəndə yaşadıqları sevinci özüm də yaşayıram. Və düşünürəm ki, nə üçün uşaqların tərbiyəsində mühüm rolu olan nağılların öyrədilməsinə və öyrənilməsinə biganə yanaşılır. Bir dəfə tamaşadan sonra uşaqlarla həmsöhbət oldum. Nağıl-tamaşadan xoşları gəlib-gəlmədiyini soruşdum. Cavabları çox müsbət oldu. Soruşdum ki, evinizdə sizə nağıl danışırlarmı? “Yox” cavabı aldım: – Ata-anamız seriallara baxır, bizi isə dərslərimizi oxuyub yatmağa göndərirlər.
Acı da olsa, həqiqətdir. Kimlər üçünsə toxunduğumuz mövzu köhnəlmiş, ya da lazımsız hesab edilə bilər. Bu, onların öz işidir. Ancaq dərindən düşünsək, nağıl aləminin gerçəkliklərini uşaqlarımıza çatdırmağın böyük tərbiyəvi əhəmiyyəti olduğunu anlayarıq. “Cırtdanın nağılı”nı xatırlayırsınızmı? Nağılda belə bir məqam var. Uşaqlar meşədə azıblar. Yol axtarırlar. Qarşıda iki yol var: bir tərəfdə işıq görünür, bir tərəfdən səs gəlir. Cırtdandan soruşurlar: – Hansı tərəfə gedək: işıq görünən tərəfə, yoxsa səs gələn tərəfə? – Cırtdan cavab verir: – İşıq gələn tərəfə.
... Nağıllarımızda işıq var, keçilən yolun sonu həmişə xeyirlə qurtarır. Xeyir həmişə şər üzərində qələbə çalır. Bu qələbə həmin işıqdan gəlir. İşıq gələn tərəfə gedək.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR