Müasir günümüzdə insanlar irqindən, harda və hansı ictimai quruluşda yaşamasından asılı olmayaraq, mənəvi dəyərlərə ehtiyac hiss edir və bu dəyərlərə həssaslıqla yanaşırlar. Elə bunun nəticəsidir ki, bu gün dünya xalqları arasında sevə-sevə oxunan kitablardan biri öz kamil şəxsiyyəti ilə heyrətlər yaratmış Türk dünyasının böyük şairi Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” kitabıdır.
“Məsnəvi” əsl mənəviyyat, ucalıq və zəngin insani dəyərlər kitabıdır. Bütün türk-islam əxlaqı və düşüncəsini özündə əks etdirən bu kitab bəşəriyyətə humanizm, sevgi, barış, qayğıkeşlik və mərhəmət, düzgünlük, həqiqətsevərlik kimi yüksək əxlaqi, mənəvi hiss və duyğular, keyfiyyət və xasiyyətlər aşılayır. Daşıdığı bu mənəvi-fəlsəfi əhəmiyyətdən irəli gəlir ki, neçə illərdir, böyük türk şairi və filosofu Mövlananın “Məsnəvi”si dildən-dilə tərcümə edilir. Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”si ölkəmizdə Azərbaycan dilində üç cilddə çap edilib oxucuların ixtiyarına verilib. Milli mənəviyyat və dəyərləri göz bəbəyi kimi qorunan zəngin dəyərlər yurdu Naxçıvanda Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunmuş “Məsnəvi” üçcildliyi türkiyəli alim, professor Adnan Qaraismayıloğlunun orijinaldan tərcüməsi əsasında AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev tərəfindən Azərbaycan dilinə çevrilərək nəşr edilib.
Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun şəxsi təşəbbüsü, məsləhəti və qayğısı ilə işıq üzü görüb. Kitabın redaktoru akademik İsa Həbibbəylidir. Mövlana Ruminin “Məsnəvi”sinin azərbaycanca variantının ulu Mövlananın vətəni qardaş Türkiyə Cümhuriyyətində nəşr edilməsi maraq doğurmaya bilməz. “Məsnəvi”nin bir çox dünya dillərinə tərcümə olunaraq çap edilməsi və yayılmasını istəyən türkiyəli qardaşlarımızın azərbaycancaya tərcüməni də qiymətləndirərək yenidən çap etdirmələri azərbaycandilli oxucular üçün dəyərli töhfədir. Kitab növbəti dəfə Türkiyə Cümhuriyyətində 6 cilddən ibarət olmaqla nəfis bir şəkildə çap edilib. Mövlananın həyatı və irsi haqqında dolğun məlumat da daxil edilən bu əsər bütün bölmələrilə insanlığa əxlaq və mənəviyyat təlimi keçir.
Böyük Mövlana deyirdi: “Hikmətlər Allahın əsgərləridir. Allah onlarla müridlərinin ruhlarını gücləndirər. Biliklərini cəhalət şübhəsindən, ədalətlərini zülm şübhəsindən, comərdliklərini riya şübhəsindən və səbirlərini axmaqlıq şübhəsindən uzaq tutar. Axirəti anlamaqda onlara uzaq olanı yaxınlaşdırar... Hər oxucu ancaq ağlı ölçüsüncə anlayar. İbadət edən zəhmətinin gücü qədər ibadət edər. Müfti dünyagörüşü ölçüsüncə fitva verər. Sədəqə verən qüdrəti ölçüsüncə sədəqə verər. Bəxşiş verən varlığı ölçüsüncə bəxşiş verər”. Bu mənada bəhs olunan zəngin mənəviyyat kitabı kimi “Məsnəvi” hikmət və müdrikliyin “əsgəri” olmaqla həmişə insanları, onu oxuyanları mənəviyyata, həqiqətə dəvət edir. Mənəviyyatı yüksək tutanlar, həqiqəti sevənlər üçün əvəzsiz olan bu mənəviyyat mənbəyi həm də dəyəri biçilməyəcək böyük bir bəxşiş, qiymətli bir hədiyyədir. Amma, əlbəttə ki, hər oxucu öz istəyincə axtarar, öz qədərincə anlayar, öz mənəviyyatınca dəyər verər. Mövlanaya və onun “Məsnəvi”sinə maraq duymayan adam yoxdur. Mövlana yaradıcılığındakı hikmət, müdriklik və əxlaq təntənəsi bizim hər birimizin əxz etməli olduğumuz, ata-babalarımızın təqdir etdiyi mənəvi ucalıq mərtəbəsidir. “Hər kim olursan ol, gəl” deyən, yolları açan Mövlananın sözlərilə desək, bu kitab da elə hər kim olursa olsun, mənəvi qida almaq istəyənlər üçündür.
Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent