24 Dekabr 2024, Çərşənbə axşamı

(Əvvəli qəzetimizin 30 yanvar tarixli sayında)
Orta Tunc dövrünə aid arxeoloji abidələrin tədqiqi bu dövrdə Naxçıvanın Urmiya hövzəsi daxil olmaqla Azərbaycanın cənubu və Şərqi Anadolu ilə vahid iqtisadi-mədəni rayona daxil olduğunu göstərir. Bu dövrdə Naxçıvan, boyalı qabları ilə fərqlənən Orta Tunc dövrü mədəniyyətinin mərkəzinə çevrilir. İqtisadiyyatın, xüsusilə sənətkarlıq və ticarətin inkişafı şəhərtipli yaşayış yerlərinin və şəhər dövlətlərin formalaşması ilə nəticələnir. Naxçıvan ərazisindəki arxeoloji abidələr Yaxın Şərqdə formalaşan Orta Tunc dövrü mədəniyyətinin bir sıra xarakterik cəhətlərini müəyyən etməyə imkan verir. Orta Tunc dövründə Yaxın Şərqdən fərqli olaraq, Naxçıvanda oturaq həyat fasiləyə uğramada davam edir və qalatipli yaşayış yerləri meydana çıxır. Bunlar arasında II Bəzəkli qalası, Göynük qalası, Qazançıqala, Qız qalası, Qurddağ qalası strateji cəhətdən əlverişli mövqedə yerləşmiş yaşayış yerləridir. Bu tip abidələr cəmiyyətin iqtisadiyyatında və ictimai quruluşunda meydana gələn dəyişiklikləri izləməyə imkan verir.

Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrlərinə aid arxeoloji abidələri bu dövrdə Azərbaycanın cənub rayonlarında baş verən sosial-mədəni prosesləri, habelə şimal və cənub rayonları arasındakı iqtisadi-mədəni əlaqələri öyrənmək baxımından əhəmiyyətlidir. Araşdırmalar Son Tunc dövründə Naxçıvanda boyalı qablarla xarakterizə edilən mədəniyyətin davam etdiyini, eyni zamanda Azərbaycanın şimal rayonlarında yayılan Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan xüsusiyyət­lərin bu əraziyə daxil olduğunu göstərir. Naxçıvan və Xudafərin ətrafında aparılan araşdırmalar Xocalı-Gədəbəy mədəniyyətinin Azərbaycanın cənubuna doğru yayıldığını göstərir. Bu, e.ə. II minilliyin sonu və I minilliyin əvvəlində Azərbaycanın cənub rayonlarında baş verən siyasi dəyişikliklər, o cümlədən yerli tayfaların xarici işğal təhlükəsinə qarşı birləşməsi prosesi ilə bağlı olmuşdur. Bu dövrdə Naxçıvan ərazisində I Kültəpə, II Kültəpə, Şahtaxtı, Sədərək, Xələc, Şortəpə kimi iri yaşayış yerləri mövcud olmuşdur. Orta Tunc dövründə olduğu kimi, bu dövrdə də qalatipli yaşayış yerləri mövcud olmuşdur. Əhali müdafiə olunmaq üçün Orta Tunc dövrünün qalaları ilə yanaşı, yeni qalalar da inşa etmişdir. Sədərəkqala, Oğlanqala, Çalxanqala bu tip abidələr sırasına daxildir.
Dəmir dövrünün inkişaf etmiş mərhələsinə aid abidələr bu dövrün siyasi və iqtisadi mənzərəsini aydınlaşdırmaq üçün ən dəyərli mənbələrdir. Bu dövrə aid tədqiq edilmiş abidələr, başlıca olaraq, Şərur və Ordubad rayonları ərazisindədir. Xaraba Gilanda yerləşən Xalı-Keşan, Mərdangöl, Muncuqlutəpə nekropollarının materialları bu dövrün xarakteristikasını vermək üçün dəyərli mənbədir. Bu dövrün tarixini öyrənmək üçün ən dəyərli abidə Oğlanqala yaşayış yeridir. 2008-2011-ci illərdə Azərbaycan-Amerika ekspedisiyasının apardığı araşdırmalar zamanı Naxçıvan tarixinin öyrənilməsi üçün maraqlı faktlar aşkar olunmuşdur. Müəyyən olunmuşdur ki, Oğlanqala e.ə. IX-VI əsrlərdə Şərur düzündə meydana gələn kiçik bir şəhər dövlətin paytaxtı olmuş və Urartu işğalçılarına qarşı mübarizə aparmışdır.

Mənbə: “Naxçıvan tarixi”
çoxcildliyinin I cildi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR