24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan, bilindiyi kimi, bir çox dahi şəxsiyyətin doğulduğu torpaqdır ki, bu cür insanlar dünyaya az-az gəlirlər. Belə liderlər, elm xadimləri, ədəbi simalar, memarlar dünyada  nadir şəxsiyyətlər kimi tanınırlar.  

Naxçıvan diyarının yetirdiyi şəxsiyyətlərdən biri də Şərqdə adı hörmətlə anılan, həyatı və yaradıcı­lığı Türkiyədə bir çox elmi-tədqiqatın mövzusuna çevrilən Məhəmməd ibn Fəxrəddin Hinduşah Naxçıvanidir. XIV əsrin məşhur tarixçisi, dilçi alimi, filosof Məhəmməd Naxçıvani öz dövrünə görə gözəl təhsil alıb. Azərbaycan, fars və ərəb dillərini mükəmməl səviyyədə bilirdi. Yazdığı bir neçə əsər onu xalq arasında məşhurlaşdırıb. Bu səbəbdən onu Təbrizə, Elxanilərin sarayına dəvət edirlər.

O, XIV əsrin 20-ci illərində Hülakülər sarayında uzun müddət katib vəzifəsində maliyyə məsələləri ilə məşğul olur. Naxçıvaninin (təqribən, 1293-1376) alim kimi nüfuzunu və böyük xidmətlərini nəzərə alaraq, ona “Şəms ül-münşi ən-Naxçıvani” (Naxçıvandan olan münşilərin günəşi) ləqəbi verilib. Görkəmli Azərbaycan alimlərindən olan Məhəmməd Hinduşah ömrünün çox hissəsini elmə, biliyə həsr edib. Akademik İsmayıl Hacıyev və Şükür Məmmədovun “Naxçıvan və naxçıvanlılar” adlı kitabında bu haqda deyilir: “Məhəmməd Hinduşahın “Şəms ül-münşi” təxəllüsü ilə yazdığı “Səhih əl-lüğət” (“Lüğətlərin ən dəqiqi”) əsəri ədəbiyyatşünaslıq, qrammatika məsələlərindən bəhs edir, bir növ atasının elmi fəaliyyətinin davamıdır”.
M.Naxçıvani 1327-1328-ci illərdə “Sihahül-fürs” adlı fars dilinin izahlı lüğətini tərtib edir. Bundan sonra Qiyas əd-Dinin tövsiyəsi ilə Əbu Səid xüsusi fərmanla Məhəmməd Naxçıvaniyə Elxanilər dövlətinin quruluşunu və idarəçilik sistemini təsvir edən əsər yazmasını tapşırır. Bu sifariş çox ciddi iş idi və xeyli zaman aldığına görə nə Əbu Səid, nə də Qiyas əd-Din Rəşidi bu əsərin bitməsini görə bilmirlər. M.Naxçıvani bu əsəri 1360-cı ildə bitirir. Amma alınan nəticələr onu qane etmədiyindən və müəyyən qədər də ölkədəki siyasi vəziyyət dəyişdiyindən daha 6 il əsər üzərində işləyir. Əsəri tamamladıqdan sonra onu “Dəstur əl-katib fi təyin əl-məratib” (“Dərəcələrin müəyyənləşdirilməsində katiblər üçün vəsait”) adlandırır.
Müəllif əsəri Elxanilərdən sonra Azərbaycanda hakimiyyətə gəlmiş və Təbrizi bu yeni dövlətin paytaxtı kimi saxlamış Cəlairilər sülaləsindən olan Şeyx Üveysə həsr edir. İki hissədən ibarət bu əsərdə rəsmi dövlət sənədlərinin nümunələri verilib. Bu sənədlər, sadəcə, nümunə xarakteri daşımayıb, dövrün ictimai-iqtisadi, siyasi, mədəni və dini həyatı barədə çoxlu real faktları əks etdirir. Müəllif dövrün idarə sistemində mövcud olmuş vəzifələrə təyinatları şərh edərkən nümunə kimi faktiki sənədləri misal göstərir. Burada real tarixi şəxsiyyətlər və yer adları xatırlanır. Əsərdə 100-dən artıq tarixi termin yer alıb ki, onların bir çoxu müəllif tərəfindən açıqlanır. Məhəmməd Naxçıvaniyə böyük şöhrət gətirən bu əsəri məşhur siyasətçi və islahatçı alimlər Nizam əl-Mülkün “Siyasətnamə”sinə və Fəzlullah Rəşidəddinin “Cami ət-təvarix” əsərlərinə bərabər tuturlar.
Alimin elmi irsindən günümüzədək çatan ikinci əsəri fars dilinin izahlı lüğəti olan “Sihahül-fürs” də əvvəl bəhs etdiyimiz əsərindən az əhəmiyyət kəsb etmir. M.Naxçıvaninin 1328-ci ildə başa çatdırdığı bu əsər fars dilində işlədilən 2300 sözün, ibarənin izahına həsr olunmuş lüğətdir. Əsər müəllifin müqəddiməsindən, 25 bab və 431 fəsildən ibarətdir. Bu lüğətin tərtibində sələflərinin təcrübəsindən istifadə edən müəllif fars sözlərinin izahı zamanı bir çox dillərdən, o cümlədən Azərbaycan və türk dili materiallarından faydalanıb. Tarix üçün maraqlı materiallar verən lüğətdə Azərbaycan əhalisinin həyat tərzini əks etdirən etnoqrafik materiallar da var. Eyni zamanda burada bir çox söz ustadlarının, eləcə də alimin atası Hinduşah Naxçıvaninin şeirlərindən parçalar verilir. Tədqiqatçı-alim yeri gəldikcə fars dilinin leksikologiyası və fonetikasından bəhs edir. Əsər sonrakı dövrlərdə lüğət tərtibçiləri üçün dəyərli mənbə rolunu oynayıb. Lüğətin 4 əlyazma nüsxəsi məlumdur. O, 1962-ci ildə Tehranda nəşr olunub.
Çoxəsrlik dövlətçilik ənənələri olan qədim Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.
Bəli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Naxçıvan böyük elm və sənət korifeylərinin, görkəmli memar, rəssam və siyasətçilərin, dövlət xadimlərinin vətəni kimi Şərq intibahına və ictimai fikir tarixinə özünün layiqli töhfələrini vermişdir”.

 Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR