24 Dekabr 2024, Çərşənbə axşamı

Əbülfəz Əzimli: Naxçıvanın müasir inkişafını, dünyaya nümunə olan sabitliyini əks etdirən sanballı əsərlər hələ yazılmayıb

Azərbaycan ədəbi mühitinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühiti ümumazərbaycan məkanında özünü təsdiq etdirib. Bu mühitin formalaşması prosesi uzun bir yol keçib. Azərbaycan ədəbiyyatına Mirzə Cəlil, Hüseyn Cavid, M.S.Ordubadi kimi görkəmli korifeylər bəxş edən Naxçıvan ədəbi mühiti bu gün hərtərəfli dövlət qayğısı əhatəsindədir. Tənqidçi-alim Əbülfəz Əzimli ilə söhbətimizdə bəzi suallara aydınlıq gətirməyə çalışdıq.

– Azərbaycan ədəbi mühitində Naxçıvan ədəbi mühitinin yeri… Konkret olaraq, Naxçıvanda bugünkü ədəbi mühiti necə dəyərləndirirsiniz?
– Ədəbiyyat, elm, sənət ciddi məsələdir – xalq, millət, Vətən, torpaq nə qədər ciddidirsə, söz sənəti, elm də o qədər ciddidir. Sizin bu sualınız da ciddi, konkret və kəsədir; çalışacağam, hər sualınıza yığcam cavab verəm. Ədəbi mühit anlayışı da çox ciddidir: ədəbi mühit yaşadığımız zamanın sözü deməkdir: həm indi, həm də gələcək üçün bizim ağlımızın, düşüncəmizin, zövqümüzün aynasıdır.

Gələcək nəsillər bizi oxuyub həm bizim, həm də xalqımızın, ictimai mühitimizin hansı qabiliyyətə malik olduğunu anlayacaqlar. Bəri başdan mən də belə sual verərdim ki, Naxçıvan ədəbi mühiti, klassik mənada “ədəbi mühit” meyarına cavab verirmi? Əlbəttə, cavab vermir. XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı Təbriz, Ərdəbil, Qarabağ, Şirvan, Naxçıvan, Bakı ədəbi mühitləri demək idi.
İndi Naxçıvan ədəbi mühiti ədəbi prosesdən geri qalır. Naxçıvan Yazıçılar Birliyinin 80 üzvü varsa, onların 7-8 nəfərində ədəbiyyat tələblərini tam olaraq gözləmək məharəti var.
Ədəbiyyat bizim daxilimizdə – ruhumuzda olmalıdır, bu, yoxdursa, deməli, hikmətimiz yoxdur, müdrikliyimiz yoxdur, qəlbimiz yoxdur;
deməli, biz ruhumuzdan, qəlbimizdən, düşüncəmizdən kənarlaşmışıq;
deməli, bizim söz zövqümüz itib; deməli, qəlbimiz itib.
Bütün klassik xalq ədəbiyyatı, klassik divan ədəbiyyatı ruh ədəbiyyatı idi, qəlb ədəbiyyatı idi, eşq ədəbiyyatı idi, hikmət ədəbiyyatı idi, humanizm ədəbiyyatı idi…
Bu meyarların indi hansı var ədəbi mühitdə?
İndi ədəbiyyata münasibətdə nə qədər qayğı varsa, bir o qədər də o qayğılardan sui-istifadə etmək istəyənlər var. Dövlət qayğısı onların başları üstündədir, amma bu şair-yazıçıların əksəriyyətində ədəbi-bədii mükəmməllik yoxdur.
– Əbülfəz müəllim, siz məhsuldar tənqidçi kimi dəfələrlə nəşr edilən kitblardan bəhs etmisiniz. Ümumiyyətlə götürdükdə, ədəbi mühitdə bu qədər ki yazan var, onları konkret olaraq, necə səciyyələndirə bilərsiniz?
– Ədəbi mühitdəki yazarları, cızmaqaraçıları hansı tərəzidən çeşidləmək məsələsi də bizim üçün ciddidir. Hər bir yazım çıxandan sonra “düşmənlərin” sayı da çoxalıb, salamlar kəsilib, qarayaxmalar ayaq açıb. Amma mən həmişə demişəm ki, dostlar, biz sözə, sənətə ədəbiyyat, sənət tələblərindən yanaşırıq, yalançı, saxta, riyakar münasibətlər tələbindən yox. Ona görə də qərəzi, kini bir tərəfə buraxın, gözəl şeir yazın, bir şeirə əlli səhifəlik təhlil yazaram. Nə isə…
Yazma qabiliyyətinə görə şairləri bir neçə qrupa bölmək olar:
I qrup: şeir, söz onun ruhunun canıdır, ondan sözlər qaynayıb gəlir, bağçada quşlar, kəpənəklər kimi uçur sözlər; bunlar əsl söz sərraflarıdır;
II qrup: düşüncəsinin ardına düşüb sözləri qəlibə düzər kimi qafiyəli, mənalı şəklə salmağa çalışır. Belələri yazmaqda çətinlik çəkirlər: onların nə qədər qüsurlu şeirləri yaranır. Bu cür yazanların bütün şeirlərində qüsurlar var və onlar heç bir poetik tələbə məhəl qoymur və yaxud poetika tələblərini saymırlar;
III qrup: ayrı-ayrı şeir kitablarını qoyur papağının altına, başlayır oradakı misraların, bəndlərin qafiyələrinə, deyimlərinə, bənzətmələrinə uyğun bəndlər, misralar quraşdırır, lakin bu quraşdırdığı söz yığınından, qafiyə, fikir oğurluğundan başqa bir şey deyil: xülasə, sözçülükdən başqa bir şey yoxdur;
IV qrup: bunlar, sadəcə olaraq, III qrupda olanlar kimi şeir yazmaq mərəzinə tutulublar: ağızlarına nə gəlirsə, başlayırlar bənd düzəltməyə: yəni necə danışırsa, ondan da zəif olan nitqini misralar şəklinə düzür, başıpozuq qafiyələr quraşdırır.
– Əbülfəz müəllim, gəlin etiraf edək ki, bu gün həyatımızın geniş əks olunduğu roman və povestlər, səhnə təcəssümünü tapan dram əsərləri, demək olar ki, yoxdur...
– Bizim üçün millət, yurd-yuva, Vətən anlayışından üstün bir anlayış yoxdur. Naxçıvan Azərbaycanın fəxri məkanlarındandır, burada ən etibarlı, sakit və sərbəst yaşam rahatlığı var. Naxçıvanın böyük inkişafını, dinc, sakit yaşam həyatını əks etdirəcək əsərlər yazılmayıb. Bu, o deməkdir ki, ədəbi-bədii sözün gücü yetərli deyil. Çünki ədəbi mühit həyatdan və cəmiyyətdən geri qalır. İrihəcmli əsərlər üçün nə qədər mövzular var. Amma o mövzuları qələmə alacaq güc yoxdur. Təəssüf ki, ideya və məzmunca qüsurlu olan əsərlər var. Məsələn, tarixi mövzularda yazılmış əsərlərdə tarixi gerçəklikləri əks etdirmək bədiiliyi qüsurludur. Dram sahəsində ədəbi prosesdə Həsənəli Eyvazlının bir neçə uğurlu əsərini qeyd edə bilərik. Onlardan “Araz sahilində doğan Günəş”, “Türkmənçay qətli”, “Ərtoğrol Cavid”, “Qurtuluşa gedən yol”, “Yasda toy əhvalatı” ədəbi prosesdəki boşluğa qarşı üzə çıxan əsərlərdir.
– Ədəbi tənqidin son zamanlar ədəbi prosesdən geridə qalmasının səbəblərini nədə görürsünüz?
– Ədəbi tənqid heç vaxt geri qalmır, geri qalan ədəbi prosesdir. Hər hansı bir məlumat yazmaq tənqid deyil. Tənqid qüsur axtarmaq, danos yazmaq da demək deyil ki, tənqidçiyə hücum edəsən. Tənqid təhlil və təsnifdir; ədəbi tənqid idrak, fəlsəfə elmidir. Tənqid ədəbi prosesin tərkib hissəsidir.
Ədəbi tənqid poetika meyarlarına malik olan elm sahəsidir. O, ədəbiyyatşünaslıqda ədəbi prosesə, əsərlərə qanun-qaydalar, poetik tələblər strukturundan yanaşma sistemidir. Mənim tənqid-təhlil meyarım həmişə sabit, prinsipial və tələbkardır – bu, hər gün bir yerdə çay içdiyim, çörək kəsdiyim dostlara qarşı da, üzünü görmədiyim yazarlara, sözçülərə qarşı da belədir. Bunu mənim oxucularım və dostlarım da zövqlə qarşılayırlar. Mən xalqımızın söz zövqünü, ictimai mühitimizin gözəl söz tələblərini hər şeydən üstün tuturam: millətin dil, söz, müdriklik zövqünə saymazlıq etmək millətin, xalqın, Vətənin adına qarşı sayğısızlıqdır.
– Son dövrlər Naxçıvan ədəbi mühitində əvvəlki illərlə müqayisədə gənclərin fəallığı daha çox gözə çarpır. Bu, gələcəyə ümidlə baxmağa imkan verirmi?
– Şair, ya yazıçını axtarmaqla tapmaq, yaxud onu yazar etmək olmaz. Gənclərə çox qayğı var, amma onların yazdıqlarına qarşı tələblər zəifdir. Gənc adı ilə kitabçalar çıxardılır, amma o kitabların bədii səviyyəsinə məhəl qoyulmur, o gənc də elə bilir ki, daha dahidir. Heç bir bədii meyara yatmayan, habelə adi söz yığınından ibarət olan kitabciyəzlərindən məst olurlar və elə güman edirlər ki, gözəl şeir, əsər yazıblar. Hesab edirəm ki, ədəbi mühit, şair və yazıçılar onlara göstərilən böyük qayğıya cavab verə bilmirlər. Ədəbi mühitin inkişafı üçün ciddi müzakirələr aparmaq lazımdır.

Söhbətləşdi:
 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR