24 Dekabr 2024, Çərşənbə axşamı

Bu gün etiraf eləməyə çəkindiyimiz bir həqiqət var: çoxumuz kitab oxumuruq. Amma bu kitab oxumamağın səbəbləri haqqında düşünmək ağlımızın ucundan belə keçmir. Halbuki kitab oxumaq bizim həm nitq qabiliyyətimizi formalaşdırır, həm düşüncə tərzimizi müəyyənləşdirir, həm də dünyagörüşümüzün artmasına səbəb olur. Kitablardan əldə etdiyimiz biliklər, oxuduğumuz əsərlərdəki qəhrəmanların həyat təcrübələri istər-istəməz bizim də həyatımızda bəzi vacib məqamlarda hansı qərarları qəbul etməyimizə kömək edir. Amma, çox təəssüf ki, kitablardan uzaq düşmüşük.

Bəs kitaba əvvəlki marağı necə bərpa edə bilərik, insanları kitabxanalara yenidən necə qazandıra bilərik?! Bu suala aydınlıq gətirmək məqsədilə yolumuzu Kəngərli rayonundakı kitabxanalardan saldıq. İlk olaraq rayon mərkəzi kitabxanasına üz tutduq.
Kəngərli rayonunun Qarabağlar kənd mədəniyyət evində yerləşən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Gülşən Qurban­ova ilə həmsöhbət olduq. Bildirdi ki, kitabxana sistemində 51 işçi çalışır. Sistemin ümumi kitab fondu 69 min 635 ədəddir. Bunun 15 min 993 ədədi mərkəzi kitabxananın fondunda, 7714 ədədi isə 11 qəsəbə və kənd filiallarının fondlarında olan kitablardır. Rayon Uşaq kitabxanasının fondunda isə 1824 ədəd kitab var.

Uşaq kitabxanasının oxu zalının müdiri Samirə Məmmədova ilə söhbətləşdik. Öyrəndik ki, kitabxananın oxucuları olsa da, bu, əvvəlki dövrlə müqayisədə azdır. “Ən fəal oxucumuz Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Aydan Şirzadovadır”, – deyən Samirə xanım bildirdi ki, Aydan, demək olar ki, hər gün kitabxanamıza baş çəkir. Onun kitablara böyük marağı var. Hətta bəzən özüylə birlikdə sinif yoldaşlarını da gətirir. Düzdür, bəzən məktəblilər kitabxanamıza üz tutur. Bu zaman biz onlarla maarifləndirici söhbətlər apararaq onları daimi oxucu kimi qazanmağa çalışırıq. Bu istəyimizə qismən nail ola bilirik. Amma dövrün müasir texnoloji avadanlıqları ilə mübarizə aparmaq da asan deyil.
Üz tutduğumuz Böyükdüz kənd kitabxanasının müdiri Şəfiqə Əliyeva ilə, Xıncab kənd kitabxanasının müdiri Elnura Cəfərova ilə, Qıvraq qəsəbə kitabxanasının müdiri Hökümə Əhmədova ilə, Xok kənd kitabxanasının müdiri İradə Məmmədova ilə “Kitabxanalara necə oxucu cəlb edə bilərik?” sualı ətrafında müzakirələrimiz oldu.
Həmsöhbət olduğum kitabxanaçıların ümumi fikri isə belə idi ki, internet, sosial şəbəkələr, hər evdə bir düymə ilə baxa biləcəyimiz 200-dən çox televiziya kanalının mövcudluğu, mobil telefonlardan istifadə kitabdan uzaq düşməyə gətirib çıxarıb. Düzü, etiraf etməliyik ki, bütün bu sadalananlar həyatımızda ciddi vaxt qənaətinə səbəb olur.
Vətəndaşlarla söhbətlər zamanı kitabdan uzaq düşməyə səbəb kimi maraqlı əsərlərin yazılmamasını göstərsələr də, bütün bunlar özünü aldatmaqdan başqa bir şey deyildir.
Bu barədə Şahtaxtı kənd kitabxanasının müdiri Ülviyyə Şükürovanın maraqlı fikirləri var. Həmsöhbətim qeyd etdi ki, Kəngərli rayonu üzrə Yurdçu kəndindən başqa, bütün kənd kitabxanaları müasir binalarda yaradılmış gözəl şəraitlə təmin olunublar. Oxu zalları səliqəli, sakit, ölkəmizdə nəşr olunan son dövr dünya və yerli müəlliflərin ən dəyərli əsərləri kitabxanalarımıza verilir. Buna görə də oxucuların “yaxşı əsərlər yazılmır” bəhanəsi, sadəcə, özünü aldatmaqdır. Bu yaxınlarda rast gəldiyim bir sorğuda bir-birindən maraqlı cavablar olsa da, onlardan ikisini özüm üçün qeyd edib götürmüşəm. Həmin sorğuda iştirak edənlərin aşağıdakı fikirlərinə diqqəti yönəltmək istərdim.
“Həvəs varsa, texnika boş söhbətdi. Ciddi və mənalı işlər bizi maraqlandırmır, ona görə kitab oxumaq istəmirik. Halbuki oxumağa o qədər əla kitablar var ki”.
“Oxumaq istəyən istənilən vaxtda və şəraitdə oxuyar. O ki qaldı maraq dairəsinə, bu boyda dünya ədəbiyyatı bəs nə üçündür?”.
“Biz oxucuları kitabxanalara cəlb etmək üçün daimi tədbirlər keçiririk”, – deyən Ülviyyə xanım əlavə etdi ki, bunun üçün tədbirlər planımız var. Hətta bəzən bir neçə oxucuyla məsləhətləşib hər hansı bir əsərin kitabxanada müzakirəsini keçirmişik. Kənd məktəbindən yuxarı sinif şagirdlərinin bəziləri, bir də kitabxanamızın fəal oxucuları bu müzakirələrdə iştirak ediblər. Amma yenə də başqa yollar fikirləşməliyik. Kitabı təbliğ etməliyik, oxutdurmalıyıq.
Ülviyyə xanımın bir fikri də xüsusilə qeyd olunmalıdır. Kitabxana müdiri bildirdi ki, kitaba sevgini balaca yaşdan evdə valideynlər formalaşdırmalıdır. Hər evdə şəxsi kitabxana olmasa, uşaqlar gözlərini açandan evdə atasının, anasının kitab oxuduğunu görməsə, kitablardan ayrı düşəcəklər. Ona görə də bu işi təkcə biz kitabxanaçılar həll edə bilmərik. Bizə valideynlərin də, məktəbdə müəllimlərin də dəstəyi lazımdır. Belə olan halda, inanın, qısa vaxt ərzində, əvvəlki dövrlərdə olduğu kimi, kitaba sevgini, marağı bərpa etmək mümkün olar.
Ülviyyə xanımın söylədiyi yuxarıdakı hər iki fikirlə razılaşmamaq olmur. Hələ həmin fikirlərə əlavə etsək ki, kitab oxumaq, həqiqətən də, ciddi işlə məşğul olmaqdır və son illərdə ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müxtəlif istiqamətlərdəki əsərlərin yenidən latın qrafikası ilə nəşr olunması, onların ölkəmizin bütün kitabxanalarına paylanması, ən ucqar dağ və sərhəd kəndinin məktəb və kənd kitabxanasına belə, həmin nəşrlərdən yetərli sayda göndərilməsi maraqlı kitab oxumaq istəyənlər üçün kifayətdir.
Şəxsi kitabxana məsələsi bu gün, bəlkə də, qeyri-adi səslənə bilər. Amma 25-30 il bundan əvvələ kimi hər kəsin evində ən az bir kitab şkafı var idi ki, burda da satın aldığı, eləcə də hədiyyə edilmiş kitablar yer alırdı. Və həmin kitab şkafı evlərin ən diqqətçəkən guşəsinə qoyulardı ki, bu da bir intellekt və dünyagörüş səviyyəsinin nümayişi idi. Bu gün isə çox az evlərdə bu cür şəxsi kitabxanalar var.
Belə olan təqdirdə evlərimizdə böyüyən körpə uşaqların kitaba marağının olmamasının səbəbləri haqqında ciddi düşünməyə ehtiyac yoxdur. Hər evdə uşaqlar öz valideynlərindən gördüklərini götürür, özlərini ata və anaları kimi aparmağa çalışırlar. Nəticədə isə kitab oxumayan bir ata, bir ana, yaxud baba və nənədə görmədiyi kitab mütaliəsi uşaqlarımızda necə formalaşa bilər?
Əgər bu gün kəndlərimizdəki ən son avadanlıqlarla, səliqəli oxu zalları və kitab şkafları ilə təchiz edilmiş kitabxanalara il ərzində bir dəfə (!) də olsun yolumuzu salmırıqsa, il ərzində heç olmasa 5-10 kitab oxumaq “zəhmətinə” qatlaşmırıqsa, bizim, dolayısı ilə, evimizdə böyüyən uşaqların, nəticədə isə xalqımızın gələcəyi olan gənc­lərin dünyagörüşünün formalaşmasına hansı səviyyədə mane olduğumuzun fərqindəyikmi?
Hər kitabın bir gizli xəzinə olduğunu unutmamalıyıq. Və hər kitabın bizə verdiyi bilik və nəsihətlərin həyatımızın gələcək dövrlərində işimizə yarayacağına, əlimizdən tutacağına, çətin bir anda çıxış yolumuz olacağına şahid olmaq üçün kitablara üz tutmalıyıq.
Firidun bəy Köçərli “Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır”, – deyib. Evimizdəki övladlarımızın ağıl və kamalını düşünək. Onlara nümunə olaq. İlk işimiz isə övladlarımızın doğum günlərində onlara hədiyyə kimi kitab bağışlamaqdan ibarət olsun.

Elxan YURDOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR