“...Məndə qalan bircə bu dəftərdir ki, vaxtilə mən Cavidin atama yazdığı məktubların surətini oraya köçürmüşəm. Bu dəftər mənim üçün nə qədər qiymətli olsa da, onu unudulmaz dostum və böyük qardaşımın ev-muzeyinə göndərməyi mümkün bildim”.
Bu sətirlər görkəmli şərqşünas-alim Əziz Şərifin Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyinə göndərdiyi məktubdan götürülmüşdür.
Bu ev-muzeyini Cavidşünaslıq mərkəzi adlandırsaq, səhv etmərik. Çünki muzey təkcə Naxçıvan şəhəri və muxtar respublikamızda deyil, Azərbaycanda, hətta respublikamızın hüdudlarından çox-çox uzaqlarda yaşayan cavidsevərlərin ziyarət yerinə çevrilmişdir. Vaxtilə Cavidi görmüş, onunla tanış olmuş, birlikdə işləmiş, yazıb-yaratmış, həmçinin bu böyük sənətkardan sonra dünyaya gəlmiş ədəbiyyatsevərlər, tədqiqatçılar Cavidi daha dərindən duymaq, daha aydın qavramaq və öyrənmək məqsədilə tez-tez bu ünvana müraciət etmişlər. Maraqlı cəhət həm də burasındadır ki, muzeyə müraciət edənlərin çoxunda buradan nəsə öyrənib aparmaq meyli ilə yanaşı, ev-muzeyinə nəsə bağışlamaq həvəsi də olmuşdur. Kimdə ki H.Cavidlə bağlı hər hansı bir əşya, xatirə, kitab olubsa, onu bu ev-muzeyinə yadigar vermək istəmişdir.
Bu mənada professor Əziz Şərifin muzeyə bağışladığı və özünün qeyd etdiyi kimi, “onda qalan bircə dəftər” də çox qiymətlidir. Bu dəftərdə H.Cavidin həyat və yaradıcılığına müəyyən təsiri olan 1906-1910-cu illər İstanbul dövrü əhatə olunur.
Otuz səhifəlik bu köhnə, lakin səliqə ilə saxlanmış qiymətli dəftərin iyirmi altıncı səhifəsində Əziz Şərifin öz xətti ilə yazdığı belə bir qeyd diqqəti cəlb edir: “Bu məktub da xalis osmanlı dilindədir. İlk məktubdan (aprel 1906) bu son məktuba (mart 1910) qədər dörd ilin ərzində dil yavaş-yavaş dəyişilmiş, osmanlılaşmış, Hüseyn Salik də Hüseyn Cavidə çevrilmişdir”.
Qeydin özündən göründüyü kimi, H.Cavidin məktubları Cavidşünaslıqda nəinki tarixi və ədəbi, hətta dil və üslubiyyat baxımından da son dərəcə qiymətlidir. Hamıya məlum olduğu kimi, zaman anlayışından təcrid olunmayan tarix özü həmin ömür parçasını Cavidin şəxsiyyətinə qarşı çevirməyə, ondan ittihamnamə kimi istifadə etməyə bəzən müvəffəq olmuşdur. Zaman və məkan anlayışının özündən hələ əməlli-başlı baş çıxara bilməyənlər həmin illərin H.Caviddə buraxdığı təsiri əldə bayraq edərək onun sənətinə qəsbkar kəsilmişlər. İllər keçəcək, Cavid sənətinin əsl üzünü görmək istəməyənlər və ya görməyi, sadəcə olaraq, bacarmayanlar Cavidi lüğətinin bir qədər mürəkkəbliyinə görə “pantürkist” və hətta “panislamist” adlandıracaq, bununla kifayətlənməyib bu sözləri damğa kimi onun bütün yaradıcılığına möhürləmək cəhdindən də çəkinməyəcəkdilər.
Lakin tarix nəhəng dənizə, okeana bənzəyir. Dalğalar suyun üstündə atılıb-düşən çör-çöpü bir göz qırpımında quruya atır, nəhəng gövdələri, qollu-budaqlı ağacları isə müvəqqəti öz ağuşuna almağa müvəffəq olsa da, onu nə batıra, nə də özündən kənara ata bilir.
Elə bu baxımdan Cavid sənətinin daha prinsipial mövqedən tədqiq edilməsində Əziz Şərifin hədiyyəsi olan bir dəftər dolusu məktublar qiymətli bir mənbədir.
Bəhruz Axundov
Hüseyn Cavidin ev-muzeyinin direktoru