24 Dekabr 2024, Çərşənbə axşamı

İslam Səfərli

İslam Səfərli poetik duyumu ruhu oxşayan bir sənətkar, təmiz mənəviyyatı, saf duyğuları, ülviyyəti insanlara və insanlığa məlhəm bilən unudulmaz bir nəğməkardır. Bütün yaradıcılığı boyu ürəyinin səsinə qulaq asmış, başqalarını da bu səsin diktəsinə arxalanmağa çağırmışdır. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli öz yaradıcı­lığında ictimai lirikanı romantik pafosdan və tərənnümçülükdən xilas edərək ona səmimi, təbii duyğular bəxş etmişdir. Ədib öz əsərlərində sanki Azərbaycanın poetik xəritəsini çəkmiş, şeirlərində ölkəmizin əksər guşələrini vəsf etmişdir. O, Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq Naxçıvan silsiləsi yaratmış, bu mövzuda 30-dan artıq şeir yazmışdır. 

Bu gün İslam Səfərlinin anadan olmasının 92-ci ildönümüdür. O, 1923-cü il fevral ayının 12-də Naxçıvanın Şəkərabad kəndində anadan olmuşdur. İslam Səfərli ilk təhsilini həmin kənddə almış, sonra Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə oxumuşdur. Müharibə illərində 416-cı atıcı diviziyanın sıralarında şərəfli döyüş yolu keçən İslam Səfərli azərbaycanlıların alman faşizminə qarşı mübarizədə göstərdikləri şücaəti şair və publisist kimi vəsf etmişdir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 18 yanvar tarixli Sərəncamında deyildiyi kimi: “17 yaşında ədəbi yaradıcılığa başlayan İslam Səfərli böyük bir yaradıcılıq yolu keçmiş, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. İslam Səfərlinin mükəmməl bədii obrazlılığı ilə seçilən poeziyası bitkin vətənpərvərlik nümunəsidir. Nəğməkar şairin poetik nümunələrinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnmişdir. Bu mahnılar bu gün də öz populyarlığını itirməmişdir. Bir-birindən maraqlı poemalar müəllifi kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. Onun pyesləri dəfələrlə Azərbaycan Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuşdur. İslam Səfərlinin müxtəlif vaxtlarda qələmə aldığı şeir və poemaları, dram əsərləri, oçerk, novella, libretto və kino ssenariləri, rus və türkdilli klassiklərin əsərlərindən etdiyi tərcümələr onu öz dövrünün böyük ədibi kimi məşhurlaşdırmışdır”.

Şairin yaradıcılığına nüfuz etdikcə hiss edirsən ki, o, gözəlliyin, gözəl olanın aşiqidir, ülviyyətin, təmizliyin, müqəddəsliyin vurğunudur. Və bununla da şair sanki mənəvi olanı, əxlaqiliyi, tərbiyəviliyi gözəllik timsalı ilə qəlbə və idraka hopdurmağa çalışır. Görünür, şair “Bəşəriyyəti gözəllik xilas edəcəkdir” estetik idealına daha üstün münasibət bəsləmişdir.
İslam Səfərli yaradıcılığının məğzini, mahiyyətini, bütövlükdə, məna-məqsədini hə­yat­se­vərlik kimi mənalandırmaq daha doğru olar. Onun yaradıcılıq fəlsəfəsinin əsasında, sözün geniş mənasında, məhz bu keyfiyyət durur. Bütün yaradıcılığında həyata dərin bir məhəbbətin, sevginin ətri, xoş rayihəsi duyulur.
İslam Səfərli yaradıcılığında Azərbaycanımızın bütöv bir xəritəsi canlanır. Bu xəritədə ölkənin şəhərlərinin, kəndlərinin, təbii gözəlliklərinin, axar-baxarlı mənzərələrinin, dağlarının, meşələrinin, çaylarının, göllərinin təsviri əsl təbiətsevər kimi böyük vətənpərvərliklə vəsf edilmişdir. Azərbaycanın elə bir dilbər guşəsi yoxdur ki, İslam Səfərli poeziyasında “öz rəngini, öz boyasını” tapma­mış olsun. O, bu təbiəti böyük məhəbbətlə bağrına basır, oxşayır, əzizləyir, beləliklə, hər kəsdə elə, obaya məhəbbət hissi oyatmağa çalışırdı.
Naxçıvan diyarının Şərur düzləri, Batabat yaylağı, Xalxal meşəsi, Qızlar bulağı və yüzlərlə, minlərlə təbiət gözəllikləri ilə seçilən gəzməli-görməli yerləri şairin qürur, ilham mənbəyi idi. Onun doğma diyarla bağlı şeirləri böyük bir silsilə təşkil edir. İslam Səfərli doğma diyarı Naxçıvanın bütün gözəlliklərini, təbiətinin sirli rənglərini, boyalarını bir tam kimi qavrayır, vəsf edir. Nəğməkar şair təbiətə, gözəlliyə vurğunluq hislərini bədii obraz şəklində təsvir və tərənnüm etməklə oxucuda təsvir olunan bu təbiət lövhəsinə vurğunluq hissi yaradır.
Ümumən götürdükdə İslam Səfərli yaradıcılığında vətənpərvərlik duyğularının tərənnümü iki mənbədən qidalanır. Birincisi, doğma Azərbaycana məhəbbət hislərinin tərənnümüdür, ikincisi, iştirakçısı olduğu 1941-1945-ci illər müharibəsində özünün və döyüş yoldaşlarının göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrini əks etdirmək istəyilə yazılmış əsərlərdir ki, bu əsərlər yetişən nəslin vətənpərvərlik tərbiyəsində, onlarda doğma diyara, el-obaya bağlılıq ruhunun aşılanmasında təsirli vasitə ola bilər.
İslam Səfərli insanın yaşadığı, boya-başa çatdığı el-obaya, Vətən dediyi torpağa bağlı­lığı, bu ülvi, müqəddəs məkana sədaqəti və məhəbbəti, öz əməlləri, xeyirxah işləri ilə verə biləcəyi faydanı bədii sözün qüdrəti, tərbiyəvi-mənəvi fikrin gücü ilə vəsf edə bilirdi. “Bayram töhfəsi” şeirində sənətkar çox gözəl ifadə edə bilir ki, bəstəkar, mühəndis, buruq ustası, şair – bütün sənət və peşə adamları öz xalqına, Vətəninə olan borcunu ödəməli, bu işdə bacarıq və qüvvəsini əsirgəməməlidir. Şairə görə, yalnız idraklı, hünərli insanlar Vətən mülkünə öz “əsərini” bəxş etmək qüdrətinə malikdirlər:
Nəcib, düşüncəli bir bəstəkar qız,
Piano önündə oturmuş yalqız.
Şirmayı dillərdə gəzdirdikcə əl
Bir mahnı yaradır incə, şən, gözəl.
Bax bu da xoş günə – bayram gününə,
Qurbanı olduğum Vətən mülkünə
Bayram töhfəsidir,
Sevinc səsidir.
Görkəmli şairin “Səs” adlı bir şeiri var. Bu poeziya nümunəsi bütün zamanlar üçün ibrətliliyi ilə səciyyələnməklə başımızın üstünü almış təhlükəni hələ sovetlər dönəmində bizim yaddaşımıza və ruhumuza “yazmaq” məqsədi daşıyır. Bütün ağaclar qoca palıdın ətrafına toplaşaraq “bu işdə içimizdən kiminsə əli var”, – deyə hadisənin şübhə və həyəcanını yaşayır, baş vermiş təhlükənin mahiyyətini anlamağa çalışırlar. Bu zaman salxım söyüd meşənin kənarından bütün meşəni gözləyən təhlükənin, əsl fəlakətin nədən ibarət olduğu xəbərini gətirir:
– Mən nə görsəm, yaxşıdır?
Xəyanətə baxın bir:
Bizi kəsən baltanın
Sapı bu meşədəndir!
Şair ulularımızın ayaq izlərini qoruyub hifz eyləyən torpaqlarımızı qarış-qarış gəzib-dolaşmaqla özünün mənəvi simasının əzəmətini, ucalığını yarada bilmişdir. Çünki o, bütün ruhu ilə, varlığı ilə duyur və dərk edirdi ki, Vətən insanın “əbədi beşiyi”dir:
Babamızın kölgəli
Çətri bu torpaqdadır,
Qəbri bu torpaqdadır.
Nənəmizin gül kimi
Ətri bu torpaqdadır,
Qəbri bu torpaqdadır.
El qədrini bilənin
Qədri bu torpaqdadır,
Qəbri bu torpaqdadır.
Mən də qızıl şahinəm,
Aranlıyam, dağlıyam,
Ulu əcdadım kimi
Torpağıma bağlıyam.
O, olum beşiyimdir,
O, ölüm beşiyimdir!..
Bir cəhəti də qeyd edək ki, İslam Səfərlinin həyatı və yaradıcılığı kifayət qədər öyrənilmə­mişdir. Zamanında sayılıb-seçilən, oxucu kütləsinin və ədəbi mühitin rəğbətini qazanan sənətkar sonralar nədənsə sanki unudulmuşdu. Lakin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “İslam Səfərlinin 90 illik yubileyinin ke­çirilməsi haqqında” Sərəncamı nəğməkar şairin həyat yolu və yaradıcılığının daha ətraflı öyrənilməsi işinə əsaslı stimul vermişdir. Ali Məclis Sədrinin Sərəncamına uyğun olaraq, 2013-cü ildə İslam Səfərlinin 90 illik yubileyi muxtar respublikada geniş qeyd olunmuş, şairin yaradıcılığı tədqiqata cəlb edilmiş, ədibin əsərləri yenidən səhnələşdirilmiş, haqqında kitablar yazılmışdır. Qəlbi incə, sözü zərif, rübabından şirin nəğmələr qopan şair İslamın bir az da təlaş və nigarançılıqla yoğrulmuş bu arzusu artıq həqiqətə çevrilmişdir:
Dalğalı Arazın göy yaxasında
Durur əzəmətli şəhərim mənim.
Onun hər evində, hər obasında
Kaş ki səslənəydi sözlərim mənim.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR