24 Dekabr 2024, Çərşənbə axşamı

 Özbəkistanın silkway.uz portalı bu il yanvarın 9-da oxuculara “Naxçıvan kəhrizləri Azərbaycanın milli sərvətidir” adlı məqalə təqdim edib. Azərbaycanın Özbəkistandakı Səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan məqaləni təqdim edirik.

Qədimdən Şərqdə su həyat mənbəyi olmuşdur. Azərbaycan da bu mənada istisna deyil.
Arid zonalarda sudan istifadə tarixi öz kökləri ilə əsrlərin dərinliyinə gedib çıxır. Azərbaycanın bir çox regionlarında su təchizatı və sudan istifadədə kəhrizlər əsrlərdən bəri mühüm rol oynayır. Arxeoloji məlumatlara görə, kəhrizlər hələ antik dövrdə də mövcud olmuşdur. Belə ki, 1938-ci ildə Gəncə ətrafında Şəmkir çayının vadisində alman tədqiqatçısı Y.Qummelin rəhbərliyi altında aparılmış arxeoloji qazıntılar nəticəsində yaşı bizim eradan əvvəl I əsrə gedib çıxan dağılmış kəhrizin qalıqları aşkar edilmişdir. Bu, müasir Azərbaycanın ərazisində mədəniyyətin səviyyəsinin nə qədər yüksək olduğunu sübut edir.

Kəhrizlərdən xüsusilə Bakıda, Gəncədə, Qarabağda, Naxçıvanda geniş şəkildə istifadə edilmişdir. Misal üçün, XX əsrin əvvəllərinə kimi Azərbaycanda 50 desyatindən artıq torpaq kəhriz suları ilə suvarılırdı.
“Kəhriz” və yaxud “kehriz” yeraltı suvarma kanalı mənasını verən fars sözüdür. Bu sözün kökü “quyu”, “axın” kimi tərcümə olunur. Azərbaycanın bir çox yerlərində, xüsusilə də Naxçıvanda və Ordubadda kəhriz həm də “çeşmə” (hərfən, “bulaq”) adlandırılır. Kəhrizlərin tikintisi ilə məşğul olan insanları isə “kankan” adlandırmışlar. Kankan sənəti şərəfli sənət sayılmış və nəsildən nəslə ötürülmüşdür.
Kəhrizlər qrunt sularının öz axını ilə yer səthinə çıxarılması üçün nəzərdə tutulmuş yeraltı hidrotexniki qurğulardır. Onlar dünyanın 40-a yaxın ölkəsində, əsasən də Yaxın Şərqdə geniş yayılmışdır.
Naxçıvanda kəhrizlərin tikintisi ilə həm yerli sakinlər, həm də İrandan (Cənubi Azərbaycandan) olan kankanlar məşğul olurdular. Buna görə də bir çox kəhriz terminləri mənşəcə fars mənşəlidir: “lağım” (Naxçıvanda “kürə” – yeraltı su­aparıcı kanal və yaxud tunel), “lağımbar” (tunel qazan usta), “dol” (qazılmış qruntun yer səthinə çıxarılması üçün istifadə olunan dəri qab), “dolçu” (dol daşıyan), “çarx” (cığrıq), “tey” (tunelin alt hissəsi), “asmana” (tunelin ən hündür hissələri), “abkar” (kəhrizdə su axınının kəsilməsi), “saybənd” və ya “səngbənd” (mümkün uçqunlardan qorunmaq üçün daş qurğular) və digər sözlər vardır ki, indi də kəhrizlərin istismarı və təmiri zamanı onlardan istifadə olunur.
Naxçıvan Muxtar Respublikasında iqlim kəskin kontinentaldır. İllik atmosfer çöküntüləri 250-300 mm təşkil edir, halbuki buxarlanma 1400 mm-dən artıqdır. Ta qədimdən su azlığı şəraitində yağış sularının toplanması ənənəsi mövcud olmuşdur. Məsələn, Əlincə qalasında ən qədim zamanlarda su yığmaq üçün ölçüsü 3x2x2 metrdən 23x6x4 metrə kimi olan xüsusi qazılmış hovuzlara indi də rast gəlinir. Bu su hovuzları uzunluğu 23-dən 131 metrə qədər olan süni kanalların köməyilə yağış suları ilə doldurulurdu. Su hovuzlarından düşmən mühasirəsi zamanı istifadə olunurdu ki, bu da kifayət qədər işə yarayırdı. Bu anbarlardan aşağıda isə insanlar yamacların çatlaqlı qruntlarından süzən suları kəhrizlərin köməyilə toplayırdılar. Culfa rayonunun Xanəgah kəndində “Yuxarı çeşmə” adlanan belə kəhrizlərdən biri bu gün də fəaliyyət göstərir.
Naxçıvan şəhərinin cənub-şərqində “Naxçıvanqala” adlanan orta əsrlərə aid qalanın qalıqları qalmaqdadır. Bu qala vaxtilə çox yaxşı təchiz olunmuşdu. Belə ki, qalaya su yeraltı qalereyalar – kəhrizlər vasitəsilə Naxçıvan çayının yataqaltı axınından daxil olurdu. Qaladan çayacan olan məsafə 2,5 kilometrdir. Naxçıvanqalanın altından 3 kəhriz xətti keçir ki, onlara da qaladan giriş mövcuddur.
Kəhriz tunellərində 2x3 metr və ya 3x4 metr ölçülü və hündürlüyü 2 metrdən artıq olmayan xüsusi yerlər də tikilirdi. Müasir soyuducunun analoqu olan bu yerlərdə müxtəlif ərzaqlar (ət, yağ, piy, qovurma, pendir və digər məhsullar) saxlanılırdı. Yay aylarında kəhrizlərdə temperatur, müntəzəm olaraq, müsbət 8, mənfi 10 dərəcə arasında olurdu ki, bu da ərzaq məhsullarını soyuducudakı kimi saxlamağa imkan verirdi.
Naxçıvan kəhrizlərinin tədqiqatı zamanı onların qidalanmasının 5 növü müəyyən edilmişdir. Bunlar yataqaltı, dağətəyi, konus çıxıntılı, terrigent-karbonatlı suların sızmaları, xırda çayların yataqaltı axınından darxətli süzmələrdir.
Muxtar respublikada su obyektlərinin miqdarına görə ikinci şəhər olan Ordubadın günümüzə qədər saxlanılmış orta əsrlərə aid şəhərsalma strukturu tayı-bərabəri olmayan kəhriz su kəməri sisteminin qorunub saxlanmasına da şərait yaratmışdır. Çoxsaylı bulaq-çeşmələr, demək olar ki, hər bir evi su ilə təmin edirdi. Bu haqda XIX əsrdə Ordubadda olmuş İ.Şopen belə yazırdı: “Şəhərdə su boldur. Həmin adda çaydan başqa, 70-ə qədər bulaq bu şəhərdə bütün bağları və demək olar ki, hər bir evi su ilə təmin edir”. Və ardınca o əlavə edir: “Su hər yerə sərinlik yayır və bir çox həyətlərdə isə fontanlara çevrilir. “Dibdar” məhəlləsinin, o cümlədən “Uctərəng” məhəlləsinin bir hissəsi istisna təşkil edir: yüksəklikdə yerləşdiklərindən oralara su çəkmək mümkün olmayıbdır”.
Suyu yığmaq üçün şəhər sakinləri tərəfindən hovuzlar tikilirdi. Bu hovuzlar açıq və üstü günbəzli qapalı sərdabələr şəklində olurdu. Suya pillələrlə ovalşəkilli əsas girişdən düşürdülər. Belə sərdabələr Ordubad çeşmələrinə məxsusdur və şəhərin bütün yaşayış məhəllələrində vardır. Müəlliflər yazır ki, bulaq-çeşmələrin adları ya məhəllə adları (Əngec çeşmə, Pənci çeşmə, Meyrəmçə çeşmə), ya da sahiblərinin adları (Hacı Abutalıb, Hacı Fəttah, Hacı Tağı və digərləri) ilə bağlı olur. Bizim fikrimizcə, istisna deyildir ki, məhəllənin və ya yerin adını bildirən söz elə həmin su mənbəyinin adı ilə bağlı ola bilər.
Bir neçə maraqlı fakta nəzər salaq. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, 1938-ci ildə ölkədə 885-dən artıq kəhrizdən istifadə olunurdu ki, onların da toplam məsrəfi saniyədə 13,4 kubmetr idi. Naxçıvan Muxtar Respublikasında isə 407 kəhriz olmuşdur ki, onların isə toplam məsrəfi saniyədə 3 kubmetr olmuşdur. Fərəhləndirici haldır ki, 2004-cü ildə Naxçıvanda Kəhrizlər İdarəsi yaradılmış və 34-dən artıq kəhriz bərpa edilmişdir. Bu istiqamətdə işlər davam etdirilməkdədir.
Kəhriz çəkilməsi ağır zəhmət tələb edən və çox bahalı işdir. Hesablamalara görə, Naxçıvan Muxtar Respublikası kəhrizlərinin ümumi dəyəri 11 milyon dollar, “40 pillə” arxitektura qurğuları nəzərə alınmaqla isə 15 milyon dollar təşkil edir. Bu, son dərəcə qiymətli tarixi irsdir. Qeyd etmək lazımdır ki, kəhriz sistemi şəhərsalmanın ən mühüm elementlərindən biridir. Naxçıvan şəhərində mövcud olan kəhrizlər Kəhrizlər İdarəsinin təmirindən, habelə bərpasından sonra əhalinin su ilə təchizatını xeyli dərəcədə yaxşılaşdırmağa imkan verəcəkdir. Naxçıvanın qədim su təchizatı qurğularının bərpası və qorunub saxlanması xalqın mədəni irsinin qorunması işinə də dəyərli töhfədir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR