2014-cü il oktyabr ayının əvvəllərində mən Naxçıvan Muxtar Respublikasına ilk səfərimi etdim. Naxçıvan şəhərində tikilmiş Möminə xatın türbəsi və Xan sarayını ziyarət etdim. Bu iki gözəl və böyük əhəmiyyət kəsb edən binalar çoxlu insanlar tərəfindən tanınır, Azərbaycan memarlığının böyük nailiyyətlərinə örnəkdir və dünya mədəniyyətinə böyük töhfələr vermişdir. Möminə xatın türbəsi möhtəşəm tarixi abidədir. Şərq memarlığının incisidir ki, bu da Azərbaycanın milli memarlığını digər ölkələrdən ayırır. Bu abidə 1186-cı ildə (Naxçıvan şəhərinin qərb hissəsində) Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatın üçün inşa etdirilmişdir. Bu abidə yerli əhali tərəfindən “Atabəy türbəsi” kimi də tanınır. Abidənin yuxarı hissəsində kufi əlifbası ilə yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar”. Abidənin hündürlüyü 34 metr olmuşdur. Lakin sonralar abidənin yuxarı hissəsinin 8 metri dağılmışdır. Bəzi tədqiqatçılara görə, bu mədəniyyət abidəsinin aşağı hissəsində Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn edilmişlər.
Təəssüf ki, bu üç məzarın daşları qarət edilmişdir. 2003-cü ildə Azərbaycan hökuməti Möminə xatın türbəsinin təmirinə başlamışdır. Abidənin yeraltı sərdabəsinin orijinal tərtibatı var və mərkəzi sütunu künclərlə onbucaq formada birləşdirilib. Abidənin yeraltı sərdabəsinin quruluş forması sonralar Qərbi Avropada, xüsusilə Qotik memarlığını xarakterizə edən binaların tikilişində tətbiq edilmişdir. Türbənin yerüstü hissəsi kufi əlifbası ilə bəzədilmişdir. Daxili isə dəyirmi günbəz formalıdır. Türbənin künc çıxıntıları kufi xətti ilə yazılmış yazılarla əhatə olunub. Bu kitabələrin uzunluğu 500 metrdən çoxdur. Türbənin qərb hissəsində müxtəlif naxış formaları vardır. Bu bölmədə abidənin səthi iki hissəyə ayrılır: aşağı hissədə giriş qapısı var, yuxarı hissə isə bəzək naxışları ilə tamamlanır. Abidəni inşa edən memarın adı və abidənin tikilmə tarixi yuxarı hissədə həkk olunub.
Türbənin daxili səthi gil ilə örtülüb və günbəzin üzərində 4 medalyon vardır. Abidənin mükəmməl tikinti üslubu, tərtibat və mədəni dəyərləri bu memarlıq abidəsinin orta əsrlərin ən gözəl əsəri olmasından xəbər verir. Tanınmış sənətşünas alim və SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.V.Alpatovun sözlərinə görə: “Möminə xatın türbəsi Azərbaycanın memarları tərəfindən XII əsrdə Naxçıvanda ucaldılıb. Bu abidədə dəqiqlik və gözəllik yüksək səviyyədə xarakterizə olunub. Möminə xatın türbəsi Şərqin ən gözəl klassik əsəri kimi əbədidir. Hətta bu dövrdə Orta Avropada bu türbədəki bədii xüsusiyyətləri yaradaraq oxşar abidə inşa etmək qeyri-mümkün idi. Memarlıq dəyərləri və mədəni zənginliyi ilə birlikdə bu abidə Azərbaycanın qədim tarixini, onun qüdrətli dövlətçiliyini, mədəniyyətinin yüksək səviyyəsini və Azərbaycandakı böyük memarlıq məktəbini nümayiş etdirir”.
Naxçıvan şəhərində gəzərkən mənim diqqətimi XVIII əsrdə tikilmiş digər tarixi abidə – Xan sarayı çəkdi. Şərq memarlıq üslubunda tikilmiş bu abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşadığı ev idi. Saray Naxçıvan xanı Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən XVIII əsrin sonunda inşa edilib. Bu saray 3600 kvadratmetr ərazidə, kompleksin qərb hissəsində Günəşin çıxdığı istiqamətdə inşa edilmişdir.
İkimərtəbəli böyük evin yardımçı binaları, bağları, bir sıra yeni tikilmiş hovuz və bir çox dekorativ nadir ağacları var. Əvvəlki vaxtlarda saray iki hissəyə bölünmüşdü. Cənub hissəsi inzibati işlər və yüksək səviyyəli qonaqları qəbul etmək üçün, şimal hissəsi isə xanın evi kimi nəzərdə tutulmuşdur. Koridorlar binanın qarşısındadır və pilləkənlər qırmızı qum daşları ilə bəzədilmişdir ki, bu, tarixi binanın memarlıq üslubunu tamamlayaraq abidəyə xüsusi gözəllik verir.
Binanın daxilində pilləkənlər kərpiclə tikilmiş və taxta hörgü ilə möhkəmləndirilmişdir. Binanın divarları bişmiş kərpicdən hazırlanmışdır ki, onların qalınlığı 60 santimetrdən 1,1 metrə çatır. Bütün otaqlarda müxtəlifölçülü taxçalar vardır ki, bu da qədim Naxçıvan evləri üçün xarakterikdir. Binanın alt mərtəbəsində üç otaq, birinci mərtəbəsində səkkiz otaq və dəhlizlərinin üzərində açıq balkon girişi vardır. Xan sarayının cənub zalı çox dəbdəbəlidir. Qonaq otaqlarının böyük pəncərələri var. Hazırda sarayın şimal bölməsi muzey kimi fəaliyyət göstərir və hər il bura minlərlə xarici qonaqlar gəlir. Xan sarayının ümumi sahəsi 382 kvadratmetrdir. Xan sarayının cənub divarında lampa yerləri var, bu divarlar güzgü şüşələri və həndəsi naxışlarla bəzədilib. Həmin zal qonaqları qəbul etmək üçün uyğunlaşdırılıb.
Hazırda saray içərisində misdən hazırlanmış əl işləri, saxsı qablar, qədim kişi və qadın geyim dəstləri nümayiş etdirilir. Bu saray, əlbəttə, Azərbaycanın Naxçıvan regionunun tarixi və memarlıq xəzinələri haqqında daha çox öyrənmək istəyən qonaqlar və elm işçiləri üçün ən vacib yerdir.
Peter Tase
Amerika Birləşmiş Ştatları
“Foreign Policy News” informasiya portalı