Naxçıvanda xalq təqvimi ilə bağlı keçirilən mərasimlərdən biri də “Xıdır” və yaxud “Xıdır Nəbi” bayramıdır. Bu bayram “qışın oğlan çağında” – kiçik çillənin onuncu günü, yəni çillənin yarısında, Novruzdan altı həftə əvvəl qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan “Xıdır” bayramı fevralın 9-da, kiçik çillənin yarı olduğu gündə keçirilir. Yanvar ayının 31-də başlanan kiçik çillənin yarısı isə fevralın 9-na təsadüf edir.
Şərur rayonunun Aşağı Yaycı kəndindən topladığımız məlumata görə, burada “Xıdır” bayramı fevralın 5-i, qışın yarı olduğu gün keçirilir. Kəngərli rayonundakı Çalxanqala kəndində, Təzəkənddə isə “Xıdır Nəbi” bayramı fevralın 14-ü (15-i) – Xızır Peyğəmbərin anadan olduğu gün kimi qeyd edilir.
“Xıdır Nəbi” bayramını dinlə əlaqələndirirlər. Naxçıvan şəhərində indi də yanlış olaraq bayramı kiçik çillənin ikinci cümə axşamında qeyd edirlər. Ancaq bilirik ki, “Xıdır Nəbi” bayramının dinlə heç bir əlaqəsi yoxdur. Əldə olunan materiallara əsaslanaraq deyə bilərik ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu isə İslamdan öncə formalaşmış əski türk inancıdır. Deməli, “Xıdır Nəbi” bayramı kiçik çillənin yarı olduğu gün – fevral ayının 9-da keçirilməlidir.
Naxçıvan bölgəsində bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır gəlməz. Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox yaşayış məntəqələrində (Teyvaz, Qıvraq, Şahtaxtı) Günəşi çağırmaq anlamında, Günəşin, yazın rənginə uyğun olaraq, qırmızı rəngdə yumurta boyanır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Bildirmək istərdik ki, Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında Qodu mərasimi də (Novruz bayramı ərəfəsində) keçirilir.
Qovrulmuş buğdadan (qovurğadan) qovut hazırlanır: qovurğa kir-kirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovutu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab əlavə edilir.
Qovurğa ilə bərabər, bayram günü badam, noxud, günəbaxan tumu qovrulur, plov süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Çox təəssüf ki, hazırda bu adətlərin bir qismi icra olunmur. Maraqlıdır ki, Xıdırda plov hazırlamaq, şam yandırmaq adəti Naxçıvan Muxtar Respublikasının hər tərəfində qeydə alınmamışdır.
Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib torba, papaq atır. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:
Xıdıra-xıdır deyərlər,
Xıdırın payın verərlər.
və yaxud
Çatma, çatma çatmaya,
Çatma yerə batmaya.
Xıdırın payın kəsənin
Ayağı yerə çatmaya.
Torbalara müxtəlif növ şirniyyat, çərəzlər qoyub uşaqları yola salırlar. Onu da qeyd edək ki, Culfa bölgəsində mal-qaranın yemi, insanların özlərinin ərzaqları qurtardıqda evin bacasından ip, ipə bağlanmış corab sallayar, Xıdır Nəbidən mal-qara üçün yem, özləri üçün ərzaq istəyərdilər. Toyuğu, cücəsi olmayanlar ipin ucuna lələk bağlayıb toyuq-cücəsi çox olanların evinin bacasından içəri sallayardılar. Evin yiyəsi də həmin adamın toyuq istədiyini bilib torbaya toyuq qoyardı. Demək olar ki, “Xıdır Nəbi” bayramı çətinliklərdən qurtulmaq, darda qalanlara kömək etmək, beləcə, bərabərlik anlamında keçirilən əsl milli bayramdır.
Topladığımız etnoqrafik materiallardan aydın olur ki, qovut çəkməklə yanaşı, bəzi kəndlərdə bayram gecəsi xəşil bişirib yük yığılmış taxtın altına qoyurlar. Çəkilmiş qovutdan da taxtın altına qoymaq adəti var. İnanca görə, Xızır Peyğəmbər gecə gəlib xəşilə barmağını, qovuta isə əlini basacaqdır. Xızırın atının ayaq izinin qovuta düşdüyünə inanılır. Səhər xəşilin, qovutun üzərində müəyyən iz olsa, bunu Xızırın əlinin, barmağının və ya atının ayaq izi hesab edərdilər. Deyirdilər ki, bu il həmin evə uğur qismət olacaq, arzular həyata keçəcəkdir.
Digər bir inama görə, bayram günü xəşil bişirilib qalağın üstünə qoyulur. Əgər qəcələ (dolaşa) gəlib xəşildən bir dimdik götürüb uçub getsə, həmin evin qızı bu il özgə kəndə, əksinə, yerə salarsa, öz kəndinə ərə gedəcəkdir. Başqa bir inamda da deyilir ki, xəmirin içinə muncuq qoyulub kökə bişirilir. Həmin muncuq kimin payının içindən çıxarsa, demək, həmin insan tezliklə istəyinə çatacaqdır.
Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə “Xıdır payı” aparmaq adəti də geniş yayılıb. Müxtəlif çərəzlərdən xonça tutular. Onu da qeyd edək ki, Cəhri, Payız, Gülşənabad kəndlərində bunun əksinə olaraq, nişanlı oğlanlara qız evindən pay aparırlar. Payda bəyə isti köynək, yun corab da qoyulur.
“Xıdır Nəbi” bayramında doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas və sair kimi adların qoyulması ənənəsi də geniş yayılıb. Xıdır gecələrində axşamdan səhərə qədər külək əsərsə, deyərlər ki, bu, Xıdır Nəbidir – atını çapa-çapa bərəkət paylayır. Əsən külək isə onun boz atının yelidir.
Xıdırın boz at minməsinə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlirik. İnsanlar daim çıxılmaz vəziyyətdə qalanda bozatlı Xızırı arzulayıb, o isə öz köməyini əsirgəməyib, onlara yol göstərib. Əski türk inanc sistemində Xızır yolda qalanların yardımına gedən bozatlı yol əyəsi təsəvvür edilib.
Xalq arasında olan inama görə, Xıdır Nəbi günü havaların xoş keçməsi, ilin bol, bərəkətli olmasına işarədir.
Xızır həm də istilik və odla bağlıdır. Yuxarıda göstərdik ki, süfrəyə gətirilən aşın kənarlarına şam qoyurlar. Bu şamların qoyulması və yaxud
Xıdıra Xıdır deyərlər,
Xıdıra çıraq qoyarlar.
deyimi də odla, istiliklə, istiliyi çağırmaqla əlaqəlidir. Bu eyni zamanda qışın şaxtasının, soyuğunun odla, isti ilə əvəzləyəcəyinə, torpağın isinib oyanacağına işarədir. Bu dövr qışın ən soyuq günlərindən biridir. Xalq arasında “Xıdır girdi, qış girdi” kimi deyim də mövcuddur.
Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru, dosent