Xalq yaradıcılığının ən qədim sahələrindən biri də şifahi poetik yaradıcılıq kimi dəyərləndirilən folklordur. Azərbaycan ərazisində folklorun tarixi ilk insan məskənlərinin meydana gəlməsi dövrü ilə bağlıdır. Xalqımızın mifoloji-bədii dünyagörüşünün izləri indi də folklorda özünü büruzə verməkdədir. Müxtəlif ayin, mərasim və əmək proseslərinin nəticəsi olaraq meydana gələn Azərbaycan folkloru, ilk növbədə, janr baxımından rəngarəngliyi ilə diqqəti cəlb edir. Xalqımızın yaradıcı düşüncəsinin məhsulu olan miflər, əfsanələr, nağıl və rəvayətlər, zərb-məsəllər, tapmacalar, dastanlar, aşıq yaradıcılığı, meydan tamaşaları, xalq musiqi və rəqsləri nəsildən nəslə, əsrdən-əsrə Azərbaycan türklərinin ruhunu yaşadaraq zəmanəmizə qədər gətirib çıxartmışdır. Ənənəvi xalq bayramları, Novruz və Xıdır Nəbi mərasimləri Azərbaycan folklorunun zənginliyini nümayiş etdirir.
“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixli Sərəncamından
Öz milli kimliyini qorumaq və ona sahib çıxmaq hər kəsin vətəndaşlıq borcudur. Milli kimliyini qoruyub saxlamaq üçün gərək tarixini, milli dəyərlərini dərindən öyrənəsən. Bu sahədə folklor materiallarının toplanması mühüm əhəmiyyət daşıyır. Folklorşünaslıq elminin qarşısında duran əsas vəzifələrdən biri folklor materiallarının toplanmasını sistematik şəkildə həyata keçirməkdir. Bunun üçün dövlətin yaratdığı şəraitdən lazımınca istifadə etməliyik.
Milli dəyərlərimizin, xalq yaradıcılığının yaşadılması, öyrənilməsi və təbliği istiqamətində Naxçıvanda mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı buna əyani misaldır. Sərəncama uyğun olaraq, Naxçıvanın ərazisində mövcud olan etnoqrafik və folklor materialları yenidən toplanmış, sistemləşdirilmiş və elmi tədqiqatlara cəlb olunmuşdur. Əldə edilmiş materiallar əsasında “Naxçıvan folkloru antologiyası” hazırlanıb nəşr edilmişdir. Xalq yaradıcılığının öyrənilməsi istiqamətində aparılan işlər bu gün də uğurla davam etdirilir.
Ordubaddan topladığımız folklor nümunələrinin, adların, dialekt sözlərin, adət və ənənələrin hər birində Azərbaycan türklərinin mənəvi dünyası əks olunub.
Naxçıvanda çox yaxın keçmişdə belə bir ənənə vardı. Gəlin aparanda bəyin ya atası, ya da böyük qardaşı öz bel qayışını çıxarıb gəlinin belinə bağlayar, sonra ata evindən çıxarardılar. Hal-hazırda bu ənənə bütün Azərbaycanda nazik, bəzəkli qırmızı lentlə əvəz olunub. Bu qırmızı lent daha çox aksesuar kimi gözəl görüntü yaratmaq məqsədinin nəticəsidir. Məlum olduğu kimi, nənələrimizin gəlinlik paltarları və üz örtüyü də, əsasən, qırmızı rəngdə olub. Bu ənənə bu gün də davam edir. Lakin əvvəlki ənənədə ocağın, evin kişisinə məxsus bel qayışının, kəmərinin (qədim zamanlardakı bel qurşağını əvəz edib) gəlinin belinə bağlanmasının bir çox mənası vardır. Xalq arasında bu, yiyə, məxsusluq, gəlinin ər ocağının qeyrətini, şərəfini daşıması məsuliyyəti və sair kimi mənalar ifadə edir. Bununla bağlı söyləyicilərdən alınmış məlumatları daha da artırmaq olar. Lakin bu misalları verməkdə məqsədimiz milli adət və ənənələrimizin dərin məna yükünə malik olduğunu göstərməkdir.
2005-2014-cü illərdə nəşr etdirdiyimiz kitablarda şifahi ədəbiyyat nümunələri – əfsanə, rəvayət, nağıl, bayatı və sair kimi nümunələrlə yanaşı, bölgəyə məxsus yer adları, xalq təbabəti ilə müalicə üsulları, bəzi geyim nümunələri, adlara aid mənalandırmalar, yaşlı insanlarımızın söz boğçasından nümunələr verilib. Bu isə, öz növbəsində, xalqın etnomədəni yaşayış tərzi, bədii dünyagörüşünün formalaşdığı məkanın mənəvi mühitini göz önündə canlandırır.
2006-cı ildə Naxçıvanda tarixi abidələrin pasportlaşdırılması üçün yaradılmış işçi qrupunun tərkibində iştirak etdiyimiz ekspedisiyalar xeyli sayda yeni qədim yaşayış yerləri qeydə alıb. Məhz bu yerlər haqqında topladığımız əfsanə mətnləri əski türk dastanlarındakı mifoloji süjetlərlə üst-üstə düşür. Gülüm-gülüm dağı ilə bağlı söylənən əfsanələr dağları müqəddəs sayan əcdadlarımızın bədii ifadə imkanlarını ortaya çıxarır. Oğlan-qız, Gəlin qayası, Təhnəlicələr, Peyğəmbərin alqışı, Buppu, Xanımküsən və sair nümunələr xalqımızın milli dəyərlərini, etik davranış normalarını, qeyrət və heysiyyətini mühafizəkarlıqla qoruduğunu göstərir. Naxçıvanın bütün dağlıq kəndlərində daşa dönmüş gəlin və qızlarla bağlı eyni mövzulu əfsanələr vardır. Onlar arasındakı fərq isə daş abidələrin məkanca müxtəlif yerlərdə olmasıdır. Ən maraqlısı odur ki, həqiqətən də, daşların təbii quruluşu əfsanələrdə sözükeçən mövzu ilə üst-üstə düşür. Ordubadda möcüzə sayılan məkanlardan biri də xalq arasında Nuhun gəmisinin quruya çıxdığı məkan olaraq bilinən sirli-sehrli Gəmiqayadır. Burada yalnız iyul və avqust aylarında hava mülayimləşir. Gəmiqaya qayaüstü rəsmləri əsl sənətkarlıq nümunəsidir. Bu məkan insanların əski inanclarına uyğun olaraq, müxtəlif ayinlərin keçirildiyi yerlərdən biridir. Qayalar üzərində əks olunan zəngin kompozisiyalı təsvirlər də bu fikri təsdiq edir.
Toplamalar zamanı müşahidə etiyimiz diqqət çəkən məqamları da qeydə aldıq. Ordubad şəhərinin küçələri, evləri, tarixi abidələri insanda xoş ovqat yaradır. Çatmatağlı giriş qapıları, evlərin qədim quruluşu – taxçalar (dilov), yük yerləri keçmişin izlərini daşımaqdadır. Şübhəsiz ki, keçmişinə hörmət hissi ilə sakinlər evlərdəki babadanqalma yadigarları qoruyub saxlayırlar. “Qırxpillə” adlandırılan kəhrizlər yüksək tarixi mədəniyyətdən xəbər verir. Söyləyicilərin verdiyi məlumata görə, gəlin gətirəndə evin böyükləri məhəllə kəhrizini nəzərdə tutaraq, sularımız sənindir deyirlər. Kəhrizin məcazi mənada gəlinə hədiyyə verilməsinə paralel olaraq Anadolu türklərində təzə gəlini tayfaya məxsus su yerlərində gəzdirmək adəti vardır.
Aşağı Əylis kəndində evlərinə qonaq olduğumuz sakinlər özünəməxsus ailə ənənələrindən də söhbət etdilər. Bu kənddə kəhrizlər birbaşa həyətlərlə birləşmiş şəkildədir. Bir kəhrizin suyu üstüaçıq su novu ilə digər həyətə axır. Amma heç kim ümumi sudan kobud şəkildə istifadə etmir. Suyu çirkləndirmək ən pis əməl sayılır. Kəhrizlər insanların soyuducuya olan ehtiyaclarını da ödəyir. Ordubad sakinləri süfrə səliqəsini şirin ləhcələri ilə bizə çatdırdıqca onların bu işə də estetik zövqlə yanaşdığının şahidi olduq. Burada qış hazırlığı çeşidliyi ilə zəngindir. Alana, miyanpur, sucuq, gülqənd, mövüc, doşab, gülab, müxtəlif bitkilərdən alınan cövhərlər müalicə vasitəsi kimi istifadə olunur. Ümumiyyətlə, Ulu Yaradan bu yerdən heç bir nemətini əsirgəməyib.
Bayram xonçasına düzülən nemətlərə görə “yeddiləvin” adlanan ilin axır çərşənbəsi burada xüsusi təntənə ilə keçirilir. Azərbaycan türklərinin süfrəsi özünəməxsus zənginliklə yeddidən də artıq nemətlə – meyvə quruları, çərəzlər, paxlava, şəkərbura, bayram kökələri və sairə ilə bəzənir. Yeddi rəqəmi burada simvolik məna ifadə edir.
Azərbaycan şifahi xalq ədəbiyyatı öz inci saflığı ilə uzun əsrlərin sınağından çıxıb, xalqın milli birliyinə stimul verən əsas səbəb olub. Xalqın şifahi yaradıcılığı onun milli düşüncəsini, mənəvi aləmini, etnomədəni yaşayışını əks etdirən vasitədir. Hər bir xalqın tarixinin həm təzadlı səhifələri, həm də cavabsız sualları vardır. Bu düyünlər isə məhz mənəviyyatla, etnik soykökün araşdırılması ilə açılır. Tarixi hadisələrin şərhi subyektiv ictimai-siyasi münasibətlər zəminində dəyişdirilə, yaxud təhrif edilmiş yazılı mənbələr şəklində təqdim oluna bilər. Lakin dəyişməyən xalqın hadisələrə baxışından yaranan münasibətidir. Xalq, bütövlükdə, mənəvi aşınma yaşaya bilməz. Bu, müxtəlif ictimai-siyasi formasiyalarda meydana gələn müəyyən deformasiyalarla bağlı olur. Sovetlər dönəmində şura və kommunizm haqqında süni şəkildə bayatılar uydurulsa da, bunlar uzunömürlü ola bilmədilər. Çünki etnos yalnız mənəvi tələblərini, kimliyini milli şüurunun süzgəcindən keçirərək möhürbənd kimi öz folklorunda əks etdirir.
Naxçıvan Muxtar Respublikasının bütün rayon və kəndlərindən topladığımız nümunələr etnik kimliyi, ümumtürk arealının coğrafi sərhədlərini müəyyən edir. Xalq yaddaşında minillərlə hifz olunan bu nümunələrdə etnosun estetik zövqü, mənəvi aləmi, dünyagörüşü öz əksini tapıb.
Məhsəti İSMAYIL
filologiya üzrə fəlsəfə doktoru, dosent