24 Dekabr 2024, Çərşənbə axşamı

Budəfəki yazımızda XIX-XX əsrin əvvəllərində Naxçıvan maarifçi-ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi ilklərdən bəhs etməyə çalışacağıq. Əvvəla qeyd edək ki, Azərbaycan ədəbiyyatında mövcud üç növdən biri olan dramatik növün üç əsas janrı vardır: dram, komediya, faciə.

Dram əsəri dedikdə çox vaxt dramatik növdə yazılmış bütün əsərlər nəzərdə tutulsa da, ayrıca işlənən “dram” termini dramatik növün yalnız bir janrının adını bildirir. Dram komediya ilə faciə arasında orta mövqe tutur. Buna baxmayaraq, dram janrı dramatik növün digər iki janrından özünəməxsus xüsusiyyətləri ilə seçilir. Faciədə olduğu kimi, dramda da qəhrəmanla ətraf mühit arasında ciddi münaqişə və kəskin toqquşma baş verir. Amma faciədən fərqli olaraq, dramda qəhrəman bu münaqişə və toqquşma zamanı, bir qayda olaraq, həlak olmur, şər qüvvələrə mənəvi cəhətdən qalib gəlməklə bərabər, həm də sağ qalır. Faciədə isə kədərli, dəhşət doğurucu hadisələr ön plana keçir.

Böyük ümidin, xoş arzunun məhv olması ilə nəticələnən pyeslər faciə adlanır. Faciənin baş qəhrəmanı, əsasən, yeni ideya, yeni həyat uğrunda mübarizə aparır. Bu mübarizədə baş qəhrəman kəskin müqavimətə rast gəlir. Qəhrəmanın arzusu ilə həmin arzunu həyata keçirmək imkanı arasında çox böyük ziddiyyət yaranır. Qarşılaşdığı çətinliklərə baxmayaraq, faciə qəhrəmanı öz əqidəsindən dönmür və çox vaxt bu yolda həlak olur. Faciədə qəhrəmanın fiziki ölümü onun mənəvi qələbəsi kimi mənalandırılır. Müsbət qəhrəman fiziki cəhətdən məhv olsa da, öz idealı uğrunda fədakar, güzəştsiz mübarizəsi ilə mənfi qüvvələrə mənəvi cəhətdən qalib gəlmiş olur. Zaman ötdükcə müsbət qəhrəmanın arzuları, ideyaları real həyatda gerçəkləşir və oxucu mənfi obraz və ya obrazların şər qüvvəni təmsil etdiyinə tam inanır. Belə ideyaların daşıyıcısı olan obrazın təsvir edildiyi əsərlər ümumbəşəri səciyyə daşıyan əsərlər kimi tanınır.
Azərbaycan ədəbiyyatı tarixində dram və faciə janrlarında yazılmış ilk əsərlər M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” dramı (1851) və Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsidir (1896). Şeir dili ilə yazılmış hər hansı bir əsər ədəbiyyatşünaslıqda nəzmlə yazılmış əsər kimi tanınmaqdadır. Ədəbiyyatımızda dramatik növün dram və faciə janrlarında nəzmlə yazılmış ilk əsərlər müəllifi isə qədim Naxçıvan diyarının bəşəriyyətə bəxş etdiyi filosof-şair Hüseyn Caviddir.
Hüseyn Cavid 30 ilə yaxın yaradıcılıq fəaliyyəti ilə Azərbaycan ədəbiyyatını həm məzmun, həm də janrca zənginləşdirmiş görkəmli şair-dramaturqlarımızdan biridir. Onun əsərləri ilə ədəbiyyatımızın mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza həyati konfliktlər, dərin düşüncəli, həssas ürəkli, həyat eşqli parlaq xarakterlər gəlib. Nəzmlə qələmə alınmış “Ana”, “Şeyx Sənan” və “İblis” pyeslərilə Hüseyn Cavid Azərbaycan ədəbiyyatında mənzum dram və faciə janrlarının əsasını qoyub.
Hüseyn Cavid bütün yaradıcılığı boyu ictimai sifariş deyilən süni tələblərə məhəl qoymayan bir söz sənətkarı kimi daim qəlbinin diktəsilə qələm çalıb. O, bir qayda olaraq, öz yazıçı qənaətinə uyğun, insan qəlbini riqqətə gətirən mövzuları qələmə alıb, o zamanın sovet rəhbərliyini və quruluşunu tərif edən bircə dənə də olsun, şeir belə yazmayıb. Məhz əsərlərindəki ümumbəşəri ideyalarına və dövrün diktəsinə boyun əymədiyinə görə Hüseyn Cavid 1937-ci ildə həbs edilərək Uzaq Sibirə sürgün edilir. Böyük mütəfəkkir, şair, dramaturq Hüseyn Cavid 1941-ci ilin 5 dekabrında sürgündə vəfat edir. 1982-ci ildə ədibin nəşi xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük səyləri nəticəsində Uzaq Sibirdən gətirilərək doğma torpağında – Naxçıvanda dəfn olunur.
H.Cavid Azərbaycanda XX əsrin əvvəllərində meydana gələn, lakin qısa müddətdə ciddi yaradıcılıq uğurları ilə ədəbiyyatımızda mühüm ədəbi bir cərəyan olduğunu sübut edən romantizmin görkəmli nümayəndələrindən biri, dramaturgiyamızda isə bu cərəyanın ən parlaq siması olub. Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir. “Gülçin” təxəllüsü ilə şeirlər yazmaqla bədii yaradıcılığa başlayan H.Cavid 1910-cu ilin əvvəllərində artıq “Ana” pyesini yazır. Beləliklə, ədəbiyyatımızda mənzum dram janrında ilk əsər doğulur. Ədibin dramaturgiya sahəsində ilk qələm təcrübəsi olmasına baxmayaraq, “Ana” mənzum dramında H.Cavid kəskin həyati konflikt əsasında canlı insan surətləri, Səlma kimi ana xarakteri yaratmağa müvəffəq olub. Mövzusu Dağıstan həyatından alınmış mənzum dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunur. “Ana” dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib.
H.Cavid yaradıcılığının ilk mərhələsində məşhur “Şeyx Sənan” pyesini bitirir. 1914-cü ildə yazılmış bu əsərlə ədəbiyyatımızda mənzum faciə janrının əsası qoyulur.
Zaman-zaman bu əsərinə görə müəllifi allahsız adlandıranlar, əsəri dinsizliyi, ateizmi təbliğ edən əsər kimi “qiymətləndirənlər” də olub. Əsərin izlədiyi qayənin əsas ifadəçisi olan Şeyx Sənan qətiyyən allahsız deyil, ateist deyil. Xumarla qovuşduğu son səhnədə çıxılmaz vəziyyət yaranır və Şeyx Sənan “Ey böyük Yaradan!” deyə, Allaha müraciət edir. Beləliklə, aydın olur ki, Şeyx Sənan üçün insanın mənəvi dəyəri onun Yer üzərindəki dinlərin hansına qulluq etməsində deyil, təmiz qəlblə, saf əqidə ilə Tanrıya tapınmasındadır. Sənana, dolayısı ilə H.Cavidə görə qəlbində Allah nuru olan kəslər insanları dəyərləndirə və qiymətləndirə bilərlər.
Cavid dramaturgiyası mahiyyətcə ictimai ədalətsizliyə, feodal-patriarxal münasibətlərə, fanatizmə, dünyanı dönə-dönə yenidən parçalamaq, bölüşdürmək istəyən imperiyaların qan tökmək siyasətinə və müstəmləkəçiliyə qarşı, ümumiyyətlə, şərə qarşı qüvvətli etirazın bədii ifadəsidir. Bəşər tarixində şərə qarşı mübarizədə H.Cavid qədər cəsarətli olan ədib olmamışdır desək, yanılmarıq. Ədəbiyyat aləmində xüsusi maraq doğuran, bir sıra teatrlarda dəfələrlə tamaşaya qoyulan, ayrı-ayrı monoloqları neçə-neçə nəslin dilində əzbər olan “İblis” mənzum faciəsi (1918) bənzərsiz Cavid cəsarətinin əsl ifadəçisidir. İnsanın şüurlu varlıq kimi bu fani dünyadakı vəzifəsi, əxlaqi-mənəvi dəyərlərə zidd olan qəbahət və xəyanətlərin küll halında ifşa edilməsi baxımından “İblis”in Azərbaycan mənzum faciəsi tarixində tayı-bərabəri yoxdur. Bu əsər qələmə alındığı vaxt öz ideya-bədii keyfiyyəti etibarilə necə aktual idisə, üzərindən 97 ilə yaxın müddət keçməsinə baxmayaraq, indi də öz məna və əhəmiyyətini qoruyub saxlamaqdadır. Bu gün də bir zamanlar “İblis”də təsvir olunan həmin məkanlarda qanlar tökülür, güclülər qanlar bahasına zəiflərə hökm etmək niyyətindən əl çəkmirlər. H.Cavidə görə bütün bunlara səbəb iblis və ona uyan insanlardır:
Dəryalara hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kimi axmaqda qızıl qan,
Canlar yaxar, evlər yıxar insan.
...İblis nədir? – Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
– İblis.
“İblis” mənzum faciəsindəki İblisin məşhur monoloqu XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əvvəllərində də qan püskürən, od sovuran kinli rəhbərləri, var-dövlət düşkünü, min hiylə quran siyasiləri, məzhəb çıxaran xadimi-ədyanları təsvir və tənqid baxımından indi də aktualdır. Sanki 1918-ci ildə yazıl­mış monoloq XXI əsrin ikinci onilliyini yaşadığımız müasir dünyanın tarixi gerçəkliyidir. Əsərin ən maraqlı məqamlarından biri də odur ki, əsərdəki İblis obrazını, onun şər və xainliklərə bais əməllərini elə İblisin özü ifşa edir.
Hüseyn Cavidin şeir yaradıcılığı həm də milli romantik şeirimizin ilk nümunələridir. Sonet, türkü və marş janrlarını da ədəbiyyatımıza ilk gətirən Naxçıvanda doğulub boya-başa çatan, ilk təhsilini Naxçıvanda alan, buradakı maarifçi-ədəbi mühitin böyük ədəbiyyata qazandırdığı Hüseyn Cavid olub.

 Səyyar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR