24 Dekabr 2024, Çərşənbə axşamı

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu il repertuarına maraqlı əsərlərin səhnələşdirilməsini daxil edib. Hazırda teatrda görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun “Nadanlıq” pyesinin məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı Çingiz Babayevdir.

Tamaşanın əsas qayəsi feodal qaydalarının törətdiyi dəhşətli fəlakətlərə, köhnə adət-ənənələrə, cəhalət və nadanlığa qarşı mübarizəni göstərməkdir. Tamaşanın ideyası insanları yeniliyə, işıqlı ideyalara çıxarmaqdır. Azərbaycan ədəbiyyatında nadanlıq ilk dəfə bu əsərdə tənqid obyektinə çevrilib.
Məlumat üçün bildirək ki, bu il əsərin səhnəyə qoyulmasından 120, N.Nəriman­ovun anadan olmasından isə 145 il keçir.
Tamaşada Xalq artisti Həsən Ağasoy (Hacı Abdulla), Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov (Şamil), aktyorlardan Səyyad Məmmədov (Ömər), Zəminə Baxşəliyeva (Yetər), Nurbəniz Niftəliyeva (Gülpəri) rol alıblar.
Tamaşanın ilin birinci rübündə teatrsevərlərə təqdim edilməsi nəzərdə tutulub.
Bu tamaşadan sonra teatrın kollektivi Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi ikihissəli tarixi dram olan “Qurtuluş dastanı” əsərini səhnələşdirməyi nəzərdə tutur. Əsərdə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı gərgin mübarizə və ölkəmizi ağır vəziyyətdən xilas etməsindən bəhs olunur.
İlin sonuna doğru isə teatr yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyasının səhnəyə qoyulması ilə məşğul olacaq. Komediyada həyatımızda baş verən komik situasiyalar əks etdirilir.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında isə bu il tanınmış şairə-dramaturq Kəmalə Ağayevanın “Sirli sözlər”, şair Zaur Vedilinin “Çalıb-çağıran ağac”, Əli Səmədlinin “Meşə çaqqalsız olmaz”, Səbuhi Hüseynovun “Dəniz əfsanəsi” əsərləri səhnələşdiriləcək. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyatından bəhrələnən bu əsərlərdə uşaqlara nəcib duyğular, müsbət keyfiyyətlər aşılanır. Yaxın günlərdə “Sirli sözlər” tamaşasının məşqlərinə başlanılacaq.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR