24 Dekabr 2024, Çərşənbə axşamı

“Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə?
– Adı gözəl, özü gözəl...”
Təəssüf ki, bu nöqtələrin yerinə bir ad tapıb yaza bilmədim. Çünki nə məhəllələrdə qaçıb oynayan uşaqları gördüm, nə onların şaqraq gülüşlərini eşitdim.
“– Ay bala, gəl evə, gizlənqaç oynamaqdan tər içində qalmısan, heç olmasa, gəl, əynini dəyişim, get, yenə oyna.
– Anacan, bircə oyunum qalıb, onu da oynayım, gələrəm.
– Onda qoy, heç olmasa, bir dürmək tutum, verim ye, ondan sonra oyna, acsan.
– Yox, ana, ac deyiləm, qonşudakı Xanım nənə gətirdi, hamımıza kökə verdi...”
Hə, əziz oxucular, yəqin ki, ana ilə bala arasındakı bu qısa dialoq çoxlarınızın uşaqlıq illərindən qalan xatirələri canlandırdı, məhəllələrin tozlu-torpaqlı küçələrində oynadığınız oyunları, uşaqlıq dostlarınızı, təsadüfi tanışlıqları yada saldı. Bəlkə də, kimsə yıxılıb dizinin, dirsəyinin sıyrılmasından yaranan ağrının xəfif sızıltısını qəlbində hiss etdi. Atdığınız topun qırdığı şüşənin cingiltisini eşitdiniz. Yadınıza düşdü ki, siz də həmişə bu yaşda olmamısınız, məhəllənizdən olan bir neçə uşaqla əl-ələ yapışıb bənd yaratmısınız. Qurduğunuz bəndin daha da möhkəm olması üçün yoldaşınızın əlindən bərk-bərk yapışmısınız. Qarşı bənddən birinin adını çəkib, meydan oxumusunuz və uşaq ağlı ilə dərk etmisiniz ki, nə qədər hər kəs bir-birindən möhkəm yapışıb, bu bəndi heç kim qırıb keçə bilməz. Deməli, güc birlikdədir. Və yaxud bəndi qırmaq üçün sürətlə qarşı tərəfin bağlı səddinə yaxınlaşmısınız.

Özünüzdə inam olub ki, nə olursa-olsun, mən bu səddi qırıb keçəcəyəm və yoldaşlarıma qələbə sevinci yaşadacağam. Deməli, oyunlar həm bizi tərbiyə edib, həm də əyləndirib. Bəs çilingağac, yeddidaş, qəcəmədaş, ortadaqaldı, qovalaqaç, gizlənqaç, gözbağlıca, əl üstə kimin əli, hostana, “hansı rəng?”, ortayakeçmə və başqa oyunları necə, oynamamısınızmı? Çilingağacda dəqiqlik və sərrastlığın qələbə gətirdiyini öyrənməmisinizmi? Əks təqdirdə, qarşı tərəfdən birini çiyinlərinizdə daşıyacağınızın məsuliyyətini hiss etməmisinizmi? Yeddidaş sizə daşı daş üstünə qoymağın nə qədər çətin olduğunu, onu dağıtmağın isə an içində mümkün ola bildiyini öyrətməyibmi? Başqa oyunlar da onlar kimi.
Öyrədib, əziz oxucular, öyrədib. Deməli, bizi bağça, məktəb, valideynlər, ətraf mühitlə bərabər, elə bu oyunlar da tərbiyə edib. Uşaqlığımızın ən xoş xatirələrinin əksəriyyəti də elə bu oyunların yadigarıdır.
Bəs indi? İndi siz öz övladlarınızın küçədə, yarım saat belə olsa, oynamağına necə baxırsınız? Onlara bu şəraiti yaradırsınızmı? Və ya oyunların qaydaları haqqında, iki dəqiqəliyinə belə, övladlarınızla söhbətiniz olubmu? Məqsədim “Niyə dəyərlərimizi belə tez unuduruq?” sualına cavab tapmaq, unudulan dəyərlərimizdən biri olan xalq uşaq oyunlarına qayıtmağın mümkün olduğuna, “bəndə” və ya “bəndlərə” düşən dəyərlərimizin yaşadılmasının vacibliyinə oxucularımızı inandırmaqdır.
Naxçıvan şəhər 7 nömrəli uşaq bağçasının metodisti Vəfa Tarverdiyeva deyir ki, adət-ənənələri, etnoqrafiyanı özündə ehtiva edən uşaq oyunları bizi milli-mənəvi dəyərlərimizə, soykökümüzə bağlayan ən incə tellərdir. Çünki bu oyunların təməlində xalqımızın ən qədim tarixindən, millətimizin genindən gələn mədəniyyət, incəsənət, döyüş bacarığı, mübarizə əzmi, cəldlik, çeviklik var.
Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin psixoloqu Surə Qurbanova uşaq oyunlarını dünyaya baxışı və zəkanı inkişaf etdirən düşüncə laboratoriyası adlandırır. Müsahibim qeyd edir ki, yaşamaq üçün hava və su əhəmiyyətli olduğu qədər, uşaq üçün də oyun əhəmiyyətlidir. Bundan başqa, oyunlarda qaydaların pozulmamasına uşaqlar özləri məsuliyyət daşıyır, düzgünlüyə riayət edilməsinə diqqət göstərirlər. Bu gün inkişaf edən texnologiya, çox təəssüflər olsun ki, bir çox şeydə olduğu kimi, uşaqların oyun mədəniyyətində də köklü dəyişikliyə səbəb olub. Müasir uşaqları oyunlar və oyuncaqlar maraqlandırmır. Onları daha çox mobil telefonlar, kompüter oyunları, internet və seriallar maraqlandırır. Bu məsələ də valideynləri və müəllimləri, eləcə də biz məktəb psixoloqlarını narahat edir.
“Qızıma çoxlu oyuncaqlar alsam da, o, bunlarla qəti şəkildə maraqlanmır. Onun bu oyuncaqlara marağı beş dəqiqə çəkir. Aldığım oyuncaqlar kənarda qalır. Qızım daha çox kompüterlə maraqlanır. Ümumiyyətlə, son vaxtlar nisbətən böyük uşaqların da oyunlar oynadığını müşahidə etməmişəm. Övladlarımın kompüter oyunlarından asılı hala düşmələrinin digər səbəbi bizim onlarla oyun oynamamağımız və onları öz ətrafımızdan uzaqlaşdırmağımız ola bilər”. Bunu şəhər sakini Sona Əliyeva deyir.
Əziz valideynlər, bu bir həqiqətdir ki, unudulan dəyərlərimiz olan uşaq oyunlarından fərqli olaraq, kompüter oyunları uşaqların dünyasına hakim olub. Bunda biz valideynlərin də müəyyən qədər günahı var. Ona görə ki, uşaqlarımıza yaxşılıq etdiyimizi düşünüb “Get bir az həyətdə oyna” demək əvəzinə övladlarımızı qorumaq fikriylə “gözümün önündə olsun, başım sakit olsun, uşaq kompüterdə oynasın, mən də öz işimi görüm!” deyərək onları kompüter oyunlarıyla baş-başa buraxırıq. Ancaq unuduruq ki, övladımız tamamilə tənhalaşanda bu oyunları onlara qadağan edə bilməyəcəyik. Çünki qadağaların psixoloji izləri uşaqlarda bir çox hallarda qalıcı olur. Digər tərəfdən, uşaqları oyunlardan ayrı salan hazırlıq kurslarının faydası olduğu kimi, zərərli olduğunu da anlamalıyıq. İndi bəzi valideynlər var ki, uşaqlarını elə bağça yaşlarından hazırlıqlara yönləndirir, onları oyun oynamaqdan məhrum edirlər. Düşünürlər ki, oxumağa tez başlayan uşaq mütləq “dahi” olacaqdır. Halbuki bu, səhv düşüncədir. Bu işdə məktəbəqədər, məktəbdənkənar müəssisələr, eləcə də orta məktəblər böyük rol oynaya bilər. Belə ki, bu oyunların yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün məşğələlər, dərsdənkənar saatlar ayrılması, bu işə mütəxəssislərin cəlb olunması mümkünsüz, əlçatmaz bir iş deyil. Sadəcə, təşəbbüs göstərmək, ictimai fəal olmaq kifayət edər.
“Bənövşə, bəndə düşə...” Çox əfsuslar olsun ki, uşaq oyunları kimi qiymətli milli dəyərimiz elə özümüzün soyuq münasibəti ucbatından boynubükük qalıb, “bəndə” düşüb. Onu arxasında qaldığı səddən, unudulmaqdan qurtarmaq üçün uşağımızla az da olsa, bu oyunları oynamalı, onlara uşaqlığımızdan yadigar qalan oyunları öyrətməliyik. Evdə övladlarımızın olduğunu yaddan çıxarmamalıyıq. İnanın ki, uşaqlar internet və ya kompüter oyunları əvəzinə bizimlə zövqlə oynayacaqları oyunu daha çox istəyirlər. Xahişim budur ki, bircə dəfə rahat divana uzanıb tele­vizora baxmaq əvəzinə uşaqlarla oynayasınız. Onda nəticəni görəcək, unudulmaqda olan dəyərlərimizin uşaqların davranışında nə qədər müsbət dəyişikliyə səbəb olduğunu hiss edəcəksiniz.
Hər halda təcrübədən keçirməyə, uşaq oyunlarının faydalı olacağına inanmağa dəyər. Çünki biz özümüz özümüzə inanmasaq, dəyərlərimizə və övladlarımıza etinasız yanaşsaq, onlar da gələcəkdə bizə həmin qarşılığı verəcəklər.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR