Qərinələrin, əsrlərin sınağından çıxmış ailə dəyərləri övladlarımızın milli ruhda tərbiyə olunması ilə yanaşı, həm də ailə üzvlərinin bir-birinə bağlılığını, səmimiyyətini, mehribançılığını yaradır. Belə dəyərlərdən biri də hər bir azərbaycanlı ailəsində gündə üç dəfə süfrə açılmasıdır. Süfrə həm də bir mədəniyyət nümunəsidir. Hər hansı bir ailədə sevginin, səmimiyyətin, qarşılıqlı hörmətin olub-olmadığını bilmək üçün o ailədə açılan süfrə başında bir dəfə oturmaq kifayətdir.
Süfrə açmaq xalqımızın ən qədim və ən sağlam ailə dəyərlərindən biridir. Qəbul olunmuş qaydalara görə, süfrənin yuxarı başında evin böyüyü – ata oturar. Sonra oğullar və qızlar, gəlinlər əyləşərlər. Yemək çəkmək ananın ixtiyarında olar. Ana hər kəsə ailə qanununa görə yemək çəkər. İlk yemək atanın qarşısına gələr. Amma bütün yeməklər süfrəyə düzüləndən sonra yemək başlayar. Süfrənin başında əyləşən atanın hörməti, izzəti balacalara, oğullara, qızlara təlqin olunar. Hər gün süfrə başına toplaşan ailə üzvlərində daxilən duyulan bir səmimiyyət, qırılmaz tellər və qarşılıqlı hörmət hissi güclənər. Gündə üç dəfə süfrə başına yığışmaq bir evdə böyüməyin doğmalığını özündə ehtiva edir, ailə üzvlərinin bir-birinə qarşı diqqətini artırır. Hər kəsin bir-birinə qarşı hörməti özünü göstərir. Deməli, övladlarımızı başına yığdığımız süfrə həm də tərbiyə ocağıdır. Böyüyə hörmət, yemək qaydası, qarşısındakına ehtiram və bağlılıq hisləri bu ocaq başında formalaşır desək, yanılmarıq. İctimai yerlərdə, tədbirlərdə, xeyir-şər mərasimlərində danışığını bilməyən, hərəkətlərinə nəzarət etməyən bir insanı görəndə və onun xoşagəlməz hərəkətləri bizi əsəbiləşdirəndə qeyri-iradi bu fikri səsləndiririk: “Bu insan normal ailə tərbiyəsi almayıb”. Deməli, insanın cəmiyyətdə nümayiş etdirdiyi yüksək əxlaqi keyfiyyətlərin yaranmasında ailə dəyərlərinin böyük önəmi vardır. Amma təəssüflər olsun ki, bu gün bu ocağın da odu öləziməyə başlayıb. Şahidi oluruq ki, ailələrdə bu gün süfrə açılmasından çox, mətbəxdə hər kəsin özünəqulluq mədəniyyətinə üstünlük verilir. Ancaq hər bir ata, ana süfrə başına yığılmağı, övladlarının onlarla birgə yemək yeməyini təmin etməyə çalışmalıdır. Çünki bu, bir-birimizə sevginin, dəstək olmağın, birliyin qorunub saxlanılması deməkdir.
Süfrə böyük mədəniyyətdir. Açdığımız süfrələrdə milli yeməklərimiz, şirniyyatlarımız, turşularımız, bağlamalarımız da övladlarımıza təbliğ olunur. Qızlar ailədə qadının yerini elə bu süfrə başında öyrənirsə, oğlanlarda da kişilik xarakterinin formalaşmasına atalara göstərilən hörmətin, ehtiramın böyük təsiri olur. Onlarda bir-birinə bağlılıq yaradılır, övladlara ədəb-ərkan qaydaları öyrədilir. Belə bir ocağın sönməsinə, alovunun yox olmasına razı olmaq övladlarımızı öz əlimizlə yadlara verməyimiz deməkdir. Ona nail olaq ki, oğlumuz, qızımız oturan süfrədə gəlinimiz, nəvəmiz, nəticəmiz də əyləşsin. Bu, bizim ən böyük var-dövlətimiz olar. Həmçinin milli dəyərlərimizdən birini gələcəyimiz olan övladlarımıza vermiş olarıq.
Şəhla NƏBİYEVA