24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycanın müdafiə qalaları içərisində özünəməxsus yeri olan Əlincəqala Culfa rayonunun Xanəgah kəndinin qərb tərəfində, Əlincəçayın sağ sahilində, strateji cəhətdən çox əlverişli bir mövqedə, vulkanik mənşəli yüksək (1811 m) sıldırım dağın üzərində yerləşir. Möhkəm divarlar və bürclərlə əhatə olunan qala uzunmüddətli müdafiə şəraitində qalaya sığınanları ərzaq və su ilə təmin etmək imkanına malik idi. Orada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü öz atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün idi.

Qalanın yerləşdiyi dağın sıldırım olması və möhkəm divarları onu sarsılmaz müdafiə istehkamına çevirmişdi. Qalaya yalnız qərb və şərq tərəfdən qalxmaq mümkün idi. Bu yolların üstündə vaxtilə mühafizə məqsədilə tikilmiş qarovulxanalar, səngərlər və bürclər olmuşdur. Müdafiəçiləri su ilə təmin etmək məqsədilə qalanın müxtəlif yerlərində, qaya üzərində 15-ə yaxın su hovuzu qazılmış, dağın yuxarı hissəsində isə qaya üzərində xüsusi arxlar çapılmışdır. Dağın zirvəsindən axan yağış və qar suları həmin arxlarla daş hovuzlara toplanırdı.
Əlincəqala, əsasən, üç geniş sahədən ibarətdir: şərq, şimal-qərb, cənub-qərb. Birinci sahədən ikinci və üçüncü sahələrə qalxmaq üçün daş pillələr düzəldilmişdir. Qalanın kiçik bir şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binalar olmuşdur. Bu binalar təbii qüvvələrin təsirindən və müharibələr nəticəsində dəfələrlə dağılmış və yenidən bərpa edilmişdir.

“Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin elmi katibi, Naxçıvan Dövlət Tarix Muzeyinin yaradıcılarından biri olan M.Mirheydərzadənin 1930-cu ildə verdiyi məlumatdan aydın olur ki, qalanın üstündə bir kitabə olmuşdur. Təəssüf ki, qalanın, yaxud da onun hansısa bir tikilisinin inşası haqqında dəyərli məlumat verə biləcək bu kitabə sonralar itib batmışdır.
Tarixi dəqiq bilinməyən qalanın inşasını bəzi tədqiqatçılar eramızdan əvvələ, bəziləri 2 min il bundan əvvələ, digərləri isə Sasani hökmdarları zamanına (III-VII əsrlərə) aid edirlər. Qalanın adının çəkildiyi bizə məlum olan ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanın “Uşun Qoca oğlu Səkrəyin boyu”nda Əlincəqala güclü və etibarlı istehkam kimi təsvir olunur. Dastandan aydın olur ki, Əlincəqala Qara Tekfur adlı bir şəxsə məxsus olmuşdur.
XV əsr müəlliflərindən Əbu Bəkr Tihraninin “Kitabi-Diyarbəkriyyə” əsərində yazdığına görə, Abbasi xəlifələrindən Hadi (785-786) və Harun ər-Rəşidin (786-809) hakimiyyəti zamanında Qıpçaq xan Əlincəqalanı tutmuşdur. Deməli, VIII yüzillikdə Əlincəqala tanınmış qalalardan olmuşdur.
Əlincəqala haqqında orta əsr müəlliflərindən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), İohan Şiltberger (XV əsr), İosafat Barboro (XV əsr), Vinçentso Alessandri (XVI əsr), Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. XIII-XIV əsrlərdə yaşamış tarixçi və coğrafiyaşünas Həmdullah Qəzvini Naxçıvandakı Sürməri, Taqmar, Faqnan qalalarının adını çəkərkən Əlincəqalanın adını “Alancıq” şəklində ilk yerdə qeyd etmişdir. Mənbənin məlumatına görə, həmin vaxt qala dağılmış vəziyyətdə olmuşdur.
Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Teymurilər sarayındakı səfiri, diplomat və səyyah Ryui Qonzales de Klavixo Əlincəqalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir”.
Əlincəqalanın Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yeri vardır. Azərbaycan feodal dövlətləri bu qalaya xüsusi diqqət yetirmiş, müharibələr zamanı ondan müdafiə məqsədləri ilə istifadə etmişlər. Əsası 1136-cı ildə Şəmsəddin Eldəniz tərəfindən qoyulan Azərbaycan Atabəyləri dövləti zamanı (1136-1225-ci illər) qalanın əhəmiyyəti xüsusilə artmış, ondan mühüm hərbi istehkam kimi hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq, dövlət səviyyəli müttəhimlərin saxlandığı zindan və sair kimi istifadə olunmuşdur. Atabəy Məhəmməd Cahan Pəhləvanın arvadı, Naxçıvanın hakimi Zahidə xatının iqamətgahı və Eldənizlərin xəzinəsi bu qalada yerləşirdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin hücumu zamanı sonuncu Eldəniz hökmdarı Atabəy Özbək (1210-1225) Əlincəqalaya sığınmış və orada da ölmüşdür. Hazırda Əlincəqalanın qərb tərəfində, el arasında “Özbəyin qəbri” kimi tanınan məzarın ona aid olması haqqında fikirlər vardır.
XIII-XIV əsrlərdə Hülakülərin hakimiyyəti altında olan Əlincəqala XIV əsrin II yarısından Cəlairilərin əlinə keçmişdir. Bu dövrdə Əlincəqalada təmir-bərpa işləri aparılmış, qala daha da möhkəmləndirilmişdir. Orta Asiya fatehi Əmir Teymurun Azərbaycana hücumu zamanı Cəlairi hökmdarı Sultan Əhməd dövlətin xəzinəsini, oğlu Məlik Tahir başda olmaqla ailəsini və yaxın adamlarını Əlincəqalada yerləşdirmişdi. 300-ə yaxın döyüşçüsü olan qalanın müdafiəsi Məlik Tahirə, kutvallığı (qala rəisi) isə əvvəlcə Xacə Gövhərə, onun ölümündən sonra Əmir Altuna, Əmir Altunun qətlindən sonra isə Seyyid Əhməd Oğulşamiyə tapşırılmışdı.
Əlincəqala 1387-1401-ci illərdə – 14 il ərzində Teymur qoşunlarının hücumlarına mətanətlə müqavimət göstərmiş, təslim olma­mışdı. Ancaq qala daxilində başlayan ziddiyyətlər səbəbindən müdafiəçilərin qalanı tədricən tərk etməsi ilə qala boşalmış, Teymur qoşunları bundan sonra boş qalanı tutmuşdular.
1405-ci ildə Əmir Teymurun ölümündən sonra Əlincəqala yenidən Cəlairi hökmdarlarının, sonra isə Qaraqoyunlu dövlətinin əlinə keçdi. Qaraqoyunlulardan sonra, XV əsrin II yarısında onları əvəz edən Ağqoyunluların tabeliyində olan Əlincəqala 1501-ci ildə bütün Naxçıvan ərazisi ilə birlikdə Səfəvi hökmdarlarının hakimiyyəti altına düşdü. Bəzi mənbələrə görə, Səfəvilər dövlətinin banisi Şah İsmayıl uşaq vaxtı bu qalada saxlanmışdır. Səfəvilər tarixinə dair ən sanballı qaynaqlardan olan “Tarix-i aləməra-yi Abbasi” (“Abbasın dünyanı bəzəyən tarixi”) əsərinin məlumatlarından aydın olur ki, Əlincəqala Səfəvilər dövründə də həm etibarlı sığınacaq, həm də zindan kimi öz əhəmiyyətini saxlamışdır. Qaynağın məlumatından görünür ki, 1578-ci ildə başlanan Səfəvi-Osmanlı müharibəsi zamanı Fərhad paşa 1583-cü ilin avqustunda İrəvanı tutduqdan sonra Çuxursəd bəylərbəyisi Məhəmmədi xan İrəvan şəhərini tərk etmiş və Naxçıvana gələrək qazilərin arvad-uşaqlarını Əlincəqalada yerləşdirmişdi.
Sonralar Əlincəqala feodal çəkişmələri və müharibələr nəticəsində tədricən öz əhəmiyyətini itirmiş, Səfəvilərdən sonra ciddi dağıntılara məruz qalmış və dağılmışdı. Buna baxmayaraq, Əlincəqala sonrakı vaxtlarda, hətta XIX yüzillikdə də öz əzəmətini qorumuş, müdafiə qabiliyyətini göstərmişdir. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı bu qalanın komandanı Laçın bəy altı aya yaxın bir müddətdə qalada müdafiə olunmuş, Rusiya qoşunları ilə müharibə etmişdir.
Güclü və möhkəmləndirilmiş müdafiə istehkamı olduğuna görə orta əsrlər zamanı Əlincəqalada Azərbaycanın ayrı-ayrı dövlətlərinin zərbxanaları yerləşirdi. Burada müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr zərb olunmuşdur. Əldə olunan sikkə nümunələri təsdiq edir ki, XIV-XVI əsrin əvvəllərində Əlincəqala zərbxanasında Hülakülərin (Elxanilərin), Cəlairilərin, Teymurilərin adından müxtəlif nominallı gümüş dirhəmlər – sikkələr kəsilmişdir.
Məhz bütün bunları nəzərə alaraq, Azərbaycan tarixində tutduğu əhəmiyyətli və şərəfli yerinə görə, xüsusilə qalanı milli-mədəni sərvət kimi qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 11 fevral 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, müvafiq təşkilatlar qarşısında qalanın bərpa olunması və“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması bir vəzifə kimi qoyulmuşdur.
Ötən il Əlincəqalada geniş abadlıq-bərpa işlərinə başlanmış, keçən müddət ərzində xeyli iş görülmüşdür. Xalqımızın məğlubedilməzlik rəmzinə çevrilmiş Əlincəqalada abadlıq-bərpa işləri başa çatdıqdan sonra bu ərazi, təxminən, 1 km şərqdə yerləşən digər bir tarixi yadigarımız, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə bir neçə il bundan əvvəl yüksək səviyyədə bərpa olunmuş Əlincəçay xanəgahı – XIX əsrin II yarısından etibarən Azərbaycanda yayılan və əsasən, xarici müdaxiləçilərə qarşı mübarizə aparan Hürufilik təliminin banisi Fəzlullah Nəiminin türbəsi ilə birlikdə əhalinin, yerli və xarici turistlərin, muxtar respublikaya gələn qonaqların ziyarət etdiyi əhəmiyyətli bir tarixi məkana çevriləcəkdir.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya
və Arxeologiya İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR