Qış fəsli nə dərəcədə sərt keçsə də, xalqımız onun gəlişini bayram kimi qarşılayıb, onun gəlməsi ilə bağlı müxtəlif mərasimlər icra edib. Ümumiyyətlə, qış həm də aşıq məclisləri, qadınların toxuculuq işləri ilə yaddaqalan fəsil kimi tanınıb. İnsanlar bütün yorğunluqlarını qış mövsümündə atıblar. Qış görüləcək işlərin az olması səbəbi ilə həm də bir dincəlmə və əyləncə mövsümüdür.
Xalqımız qış dövrünü xalq təqviminə uyğun olaraq, çillə adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav çillə (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir. El arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. El-oba arasında bu iki bacı arasında deyilmiş bir söyləmə də vardır.
Rəvayət. Böyük çillə ömrünü başa vurub geri qayıdanda kiçik çillə ilə qarşılaşır. Kiçik çillə böyük çillədən soruşur: “Nə etdin?” Böyük çillə cavab verir ki, tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm. Kiçik çillə deyir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.
Xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” də adlanır. Ordubad və Culfa rayonlarında əhali qışın ən qorxulu dövrünü “cahar- cahar” adlanan dövr hesab edir ki, bu, dörd gün böyük çillədən, dörd gün isə kiçik çillədən hesab olunur. Xalq meteorologiyasına görə, böyük çillənin son dörd günü və kiçik çillənin ilk dörd günü qışın ən sərt günüdür. Culfa bölgəsindən topladığımız etnoqrafik çöl materiallarına əsasən, bu bölgədə böyük çillə qurtarıb yerini kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “çilləkəsdi” oyunu və ya şənliyi keçirilirmiş. Oyun zamanı qardan heyvan fiqurları düzəldib onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərməkdir.
Ümumilikdə, adamlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, bu, “çilləkəsmə” adlanırdı. Kiçik çillənin şaxtalı, boranlı olmasını “kiçik çillənin soyuğu, təndirə qatar toyuğu” və ya “kiçik qardaş xovlu olar” kimi el deyimlərində də görürük:
Kiçik çillə, vay çillə,
Qarlı, dumanlı çillə.
Gəbə, kilim toxuduq,
Cəhrəmiz də var, çillə.
Deyilənə görə, kiçik çillə daxil olduğu kimi, çıxanda da havada bir dəyişiklik yaradır. Lakin kiçik çillə vədəsində onun haqqında deyərlər ki, “ömrünə bir şey qalmayıb, heç nə edə bilməz” və ya “ömrün azdır, qabağın yazdır”.
Kiçik çillənin adı ilə bağlı xalqımız bir söz də qoşubdur:
Kiçik çillə –
Boyu bir belə
Hikkəsi iri belə...
Gəlişi oldu hayınan,
Gedişi oldu vayınan.
Ədəbiyyat materiallarına əsaslanaraq demək olar ki, Novruz bayramından əlli gün qabaq – böyük çillənin sonunda odla əlaqəli olaraq Səddə bayramı keçirilirdi. Bunu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında da görürük.
Etnoqrafik çöl materiallarına görə, xalq təqviminə uyğun olaraq, böyük çillənin sonlarına “qurdun insana yerikləyən dövrü” də deyilmişdir. Bu da onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edirmiş. El təqvimində qışın bərk şaxtalı günlərinə, böyük çillənin sonuna və kiçik çillənin əvvəllərinə həm də “qışın qulun (atın balası) salması” dövrü deyilir.
Araşdırmalardan məlum olub ki, Ordubadda böyük çillə ilə kiçik çillənin arasındakı “təhvil-təslim dövrü”ndə və ya böyük çillənin (ulu çillə) qurtarıb yerini kiçik çilləyə verən günü “Çoban bayramı”, yaxud “Sayagəzmə” adlı mərasim təşkil edilərmiş. Mənbələrin verdiyi məlumata görə, mərasimi keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, döl bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxarmaq idi. Eyni zamanda bu tariх maldar üçün yeni bir ilin başlanğıcı kimi də qəbul edilirdi.
Onu da qeyd edək ki, kiçik çillənin onuncu günü, yəni fevral ayının 9-da Naxçıvanda xalq arasında “Xıdır Nəbi” adı ilə bilinən mərasim qeyd olunur.
Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsinin
böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru