Həmyerlimiz, şair-publisist Cavad Cavadov uşaqlar üçün bir sıra maraqlı şeir, poema, mənzum-nağıl və pyeslərin müəllifidir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında müəllifin uşaqlar üçün yazdığı “Tovuzquşunun nəğmələri” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olub.
Tamaşada xeyirxahlıq, mərhəmət, ədalət hisləri təbliğ olunmaqla bərabər, zülmkarlıq, hiyləgərlik, xəyanət kimi mənfi keyfiyyətlər tənqid olunur. Müəllifin folklorumuzdan bəhrələnərək yazdığı bu əsərdə balaca tamaşaçılar Tovuzquşu, Maral, Şir, Tülkü, Canavar, Sağsağan, Qarğa kimi obrazlarla tanış olacaqlar. Tamaşanın məqsədi balaca tamaşaçılara nəcib duyğular aşılamaqdır. “Tovuzquşunun nəğmələri” tamaşasında şən mahnılar da uşaqların zövqünü oxşayacaq.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov, Xalq artistləri Kamran Quliyev, Yasəmən Ramazanova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, şair Zaur Vedili, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev çıxış edərək fikir və rəylərini bildiriblər. Əsərin müəllifi Cavad Cavadovun qızı Lalə Cavadlı isə çıxışında atasının uşaqlar üçün yazdığı pyesinin Naxçıvan Dövlət Kukla Teatrında tamaşaya qoyulmasına görə minnətdarlığını bildirib.
Qeyd edək ki, tamaşanın bəstəkarı Əli Məmmədovdur. Səhnə əsərinin quruluşçu rəssamı Murad Babayevin səhnə tərtibatı uğurludur. Tamaşanın quruluşçu rejissoru isə Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanovadır. Tamaşada Kukla Teatrının aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, Ulduz Süleymanova, Süleyman Süleymanov, İlham Babayev, İlqar Babayev, Səriyyə İsmayılzadə, İbad Nəbiyev rol alıblar.
Əli RZAYEV