24 Dekabr 2024, Çərşənbə axşamı

Qədim Naxçıvan diyarının tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam etdirilir.
Yanvarın 24-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurası və “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olublar.
Məlumat verilib ki, muzeydə 4500-dən çox eksponat vardır. Fəaliyyət göstərdiyi dövrdə muzeyin 250 mindən çox ziyarətçisi olub. Vurğulanıb ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisində tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.
Yanvarın 24-də Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Açıq Səma Altında Muzeydə, Dövlət Baş Sığorta Agentliyi, Dövlət Energetika Agentliyi, Dini Qurumlarla İş üzrə İdarənin kollektivləri Ədəbiyyat Muzeyində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin, Dövlət Arxiv İdarəsinin, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində, “Naxçıvanqaz” İstehsalat Birliyinin və Satınalmalar üzrə Dövlət Agent­liyinin kollektivləri isə Naxçıvan Dövlət Tarix Muzeyində olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR