Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Azərbaycanın milli rəsm sənətinin tanınmış simalarından biri olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 123-cü ildönümü münasibətilə “Yurdunu sevən rəssam” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva Bəhruz Kəngərlinin həyat və yaradıcılığı barədə ətraflı söhbət açdı.
Bildirildi ki, Azərbaycanın rəssamlıq üzrə təhsil alan ilk fırça ustası Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda doğulub. Çox qısa ömür yaşamasına baxmayaraq, onun hər bir əsəri Azərbaycan incəsənət tarixində xüsusi yer tutub. Yurdunu sevən rəssam Bəhruz Kəngərli ömrünün sonunadək Naxçıvanda yaşayıb və incəsənətimizin inkişafı naminə yorulmadan çalışıb. Bəhruz Kəngərli 1922-ci ilin fevral ayında dünyasını dəyişib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vurğuladı ki, qısa, lakin mənalı ömür yaşamış Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla həm də onu yeni ictimai məzmun, yeni janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmiş görkəmli sənətkar olub. Ulu öndər Heydər Əliyev Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək deyib: “Bəhruz Kəngərli nadir istedada malik olan bir insan idi.
O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olub. Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar”.
Ülviyyə Həmzəyeva qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanılan Bəhruz Kəngərli yaradıcılığına hər zaman qayğı hiss olunur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2001-ci il fevralın 15-də “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonu Bəhruz Kəngərli adına Sərgi Salonu adlandırılıb. 2002-ci ilin yanvarında istedadlı rəssam Bəhruz Kəngərlinin anadan olmasının 110 illiyi təntənəli şəkildə qeyd olunub. Həmin il Bəhruz Kəngərli irsinin daha geniş öyrənilməsi məqsədilə Bəhruz Kəngərli Muzeyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncamı Bəhruz Kəngərlinin yaradıcılıq irsinə göstərilən böyük diqqət və qayğıdır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizi, sənətşünas Nizami Alıyev dedi ki, Bəhruz Kəngərli vaxtilə Cənubi Qafqazın inzibati və mədəni mərkəzlərindən biri olan Tiflis şəhərində təşkil olunmuş “İncəsənəti təşviq cəmiyyəti” və ya digər mənbələrdəki adı ilə desək, “Rəssamları həvəsləndirən cəmiyyət”in nəzdindəki rəssamlıq məktəbini bitirən ilk azərbaycanlıdır. Yüksək istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan incəsənətində realizmin əsasını qoyan və öz yaradıcılığında qabaqcıl ideyaları əks etdirən sənətkarlardan biri olub. Rəssam sənətkarlığın əsas vasitələri olan rəsm, kompozisiya, rəng bacarığına böyük diqqət yetirib. Təsviri incəsənətin müxtəlif növlərində yaradıcılıqla məşğul olan Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.
Bəhruz Kəngərli Muzeyinin direktoru Mahir Məmmədov bildirdi ki, tanınmış rəssamın əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən birini tutur. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb. Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin dəyərli nümunələridir.
“Bu gün Bəhruz Kəngərli Muzeyində 800-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 353 rəsm əsəri vardır. Bu rəsm əsərlərindən 58-i orijinaldır”, – deyən Mahir Məmmədov qeyd etdi ki, sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb və maddi çətinliklərə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayıb, onların təhsil almasına köməklik göstərib. O təkcə bir rəssam deyil, həm də Azərbaycan xalqının görkəmli nümayəndəsidir.
Konfransda rəssam Məhəmmədəli Ələkbərov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sonsuz məhəbbətindən söhbət açaraq onun yaradıcılığının gələcək nəsillər üçün nümunə olduğunu bildirdilər.
Daha sonra konfrans iştirakçıları Bəhruz Kəngərlinin Naxçıvan şəhərində yerləşən məzarını ziyarət etdilər, Bəhruz Kəngərli Muzeyinə gələrək rəssamın rəsm əsərləri və digər eksponatlarla tanış oldular.
Rauf Əliyev