24 Dekabr 2024, Çərşənbə axşamı

Bu dünyada hər insanın sürəcəyi bir ömür var,
Ömür var ki, qısa yoldu, ömür var ki, tarix yazar.

Tarix yazan ömürlərin imzasından yola çıxdım,
Bir insanı duymaq üçün bürc dolaşdım, qala çıxdım.

Hər gördüyüm mənzərədən Vətən eşqi boylanırdı,
Qara günlər inam adlı ağ rənglərə boyanırdı.

İnam varsa, Fərhad kimi qayaları çapmaq olar,
İnkişafa, yüksəlişə gedən yolu tapmaq olar.

İnam varsa, çətin anda bilirsən ki, neyləyərsən,
Zülmətləri əməlinlə işığa qərq eyləyərsən.

Bu gün mənim doğma yurdum, Nəqşi-cahan Naxçıvanım
Həm dünənim, həm sabahım – ilk beşiyim, son ünvanım...

Tarixinin ən qüdrətli zamanını yaşamaqda,
Hər keçən gün sabahıma nəğmə qoşur bu gün haqda.

Hər nəğmənin sədasından qabarlanır ürəyimiz,
Daha böyük uğurlarçün qanadlanır istəyimiz.

Mənim tarix dərslərimin saxlanc yeri qədim şəhər,
Gün keçdikcə yeniləşər, gün ötdükcə qədimləşər.

O, qədim bir qocadır ki, beş min ildir, yollar döyür,
Hələ bir gəldiyim qədər gedəcəyim yol var deyir.

Qədim-qayım Nuh yaşıdım, Şərqə qapı açan diyar,
Bu gün sənin övladların həm xoşbəxtdir, həm bəxtiyar.

Çünki bu gün kimə sorsan, çünki bu gün hara baxsan,
Gül-çiçəyə bürünübsən, ətirli bir gülüstansan.

Şəhərimdən kəndiməcən seyr eləsən hər bir yeri,
Görəcəksən hər qarışda əl qabarı, zəhmət təri.

Amma burda bir haşiyə çıxacağam, bilsin hamı,
Zəhmət ilə yoğrulubdur bu torpağın hər adamı.

İyirmi il bundan əvvəl bu şövq ilə kim yazardı?
Naxçıvanın bu gününü bax bu cürə kim yozardı?

İyirmi il bundan əvvəl kim deyərdi, gün gələcək,
Şərqin qoca qapısına Gün doğacaq, Gün gələcək.

Heç nə birdən-birə olmur, həyat sirli-soraqlıdır,
Həyat – ona məna qata bilsən əgər, maraqlıdır.

Öz ömrünə məna qatan yurdu da mənalandırar,
Canından can əskik etməz, can verərək canlandırar.

Yurduna can verənlərin Tanrı yazar savabını,
Kim ki açıb oxuyubsa “Qayıdış”ın kitabını


Bilər, əlbət, Vətən üçün can yandırmaq hardan gəlir,
Varın verən utanmaz ki, bu istək o vardan gəlir.

Bu dünyada kim eşitsə anaların alqışını,
Ataların öyüdünü, övladların çağrışını

O da gərək öz ömrünü el yolunda çıraq edə,
Vətənin hər dərd-sərini öz çiynində qalaq edə.

Nə qorxuya bir göz qırpa, nə diksinə sel səsindən,
Gücünə güc qata daim yurd eşqindən, el səsindən.

Bu gücdür ki, iyirmi ildir, hey çalışır Vətən üçün,
Naxçıvanın hər yerindən görünəcək baxsan bu gün:

Şahbuzundan Babəkəcən, Sədərəkdən Ordubada,
Kəngərlidən Culfayacan, hər kəndində, hər obada

Gündüzlərin sübh şəfəqi, gecələrin nur çələngi,
Kəndlərinin torpaq ətri, şəhərlərin öz ahəngi

Alıb səni ağuşuna xoşbəxtliyə aparacaq,
Dərdin-qəmin varsa əgər, yaddaşından qoparacaq.

Görəcəksən, Naxçıvanın kəndləri də şəhərləşib,
Deyəcəksən, nağıllardan güc alaraq sehrləşib.

Bir vaxt kələ-kötür yollar nə vaxt belə şüşələndi,
Dağ başında məktəblərin Günəş gəzən şüşəbəndi.

İyirmi il əvvəl üçün nağıl idi bütün bunlar,
Amma indi göz oxşayır tikilənlər, qurulanlar.

Hər sahədə tərəqqinin sevincini yaşayırıq,
Gələn günün uğurları ötən gündən daha artıq.

İyirmi il bundan əvvəl həsrət idik gör nələrə,
Yenilikdən bixəbərdik, sığınmışdıq köhnələrə.

Bu gün isə yeniliklər hər gün döyür qapımızı,
Dayanmadan yeniliyə hey səsləyir hamımızı.

Düşündükcə bütün bunlar inkişafın nəticəsi,
Qazanılan uğurların unudulmaz təntənəsi.

İndi mənim dağ qürurum sığan deyil yerə-göyə,
Sözlərimin qüdrətiylə bu işləri öyə-öyə.

Alqış deyib dastan qoşam bu işlərə qol çəkənə,
Məktəb tikib, körpü salıb, ağac əkib, yol çəkənə.

Hər əməl bir nümunədi, atalar da yaxşı deyib,
Bilməmək heç eyib deyil, öyrənməməkdir əsl eyib.

İndi mənim müasirim, gənc dostum, tələbə dostum,
Hər sahədə qazanmalı uğur və qələbə dostum,

Bütün mənfi cəhətlərdən uzaq olaq, tərk eləyək,
Bizim üçün yaradılan şəraiti dərk eləyək.

Müasir gənclər olaraq yumruq kimi birləşərək,
Qəlbimizdə, dilimizdə bircə şüar olsun gərək:

Azərbaycan anamızdır, onu daim sevəcəyik,
Lazım gəlsə, Vətən üçün canımızdan keçəcəyik.

Bunu bizə təlqin edir öyrədilən vətən dərsi,
Ruhumuza qida verən azərbaycanlılıq hissi.

İyirmi illik inkişafın intibahı göz önündə,
Yazmaq üçün aciz qalır qələm, vərəq, söz önündə.

Görmək üçün, duymaq üçün gərək hər gün, gərək hər an,
Hər tərəfi hərtərəfli addım-addım dolaşasan.

Anasından ayrı düşən şüşədə can Naxçıvanım,
Yavru Vətən, qədim torpaq, Azərbaycan Naxçıvanım...

Xəritədə öz evinin “eşiyində” dayanıbdır,
Amma hər an öz-özünün keşiyində dayanıbdır.

Yeri gəlsə əsgərdi O, yeri gəlsə generaldı,
Blokada əzabından inkişafla qisas aldı.

Düşündükcə iyirmi il bundan əvvəl olanları,
Blokada əjdahası əlimizdə qalanları

Dağıdırdı, məhv edirdi, tükənirdi ümidimiz,
Anarxiya girdabında yox olurduq hər birimiz.

Amma əzm, iradəylə, hər bir dərdi yenə bildik,
Milli ruhla cuşa gəlib səsimizlə dinə bildik.

Yollar tapıb addımladıq, dayanmadıq gecə-gündüz,
Ona görə gül-çiçəklə ətirlənib bu günümüz.

Sözlərimlə şeirləşən uğurlarda bir imza var,
Amma yenə bizi gözlər atılacaq çox imzalar.

Dünya ilə müqayisə edildikcə Naxçıvanım,
Qürurlanır hər insanım – budur mənim şöhrət-şanım.

Unutdurdu iyirmi il əvvəli və bu gün isə,
Naxçıvanın əhalisi bir ad verdi həmin şəxsə –

Ulu öndər məktəbinin ən layiqli müdavimi,
O da sevdi Naxçıvanı ümummilli lider kimi.

Elxan Yurdoğlu

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR