Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim edilib. Əsər müəllifin səhnəyə qoyulan ilk pyesidir.
Dilqəm adı, “Dilqəmi” saz havası çoxlarına məlum olsa da, əksəriyyət Yəhya bəy Dilqəm adlı aşığın həyat və yaradıcılığı haqqında geniş məlumata malik deyil. Bu baxımdan tamaşa maraq doğururdu.
Pərdə açılarkən tamaşaçını ilk cəlb edən rəssam işi oldu. Dumanlı dağların, yaşıl təpələrin ətəyində Yəhya bəy Dilqəm və onun sevgilisi Telli xanım görünüb keçir. Aşağıda – dağın ətəyində Yəhya bəyin atası Böyükağa bəy ömür-gün yoldaşı Nisəbəyim xanım və qızı Qumru ilə dünyanın gəliş-gedişindən söhbət edirlər. Səhnənin görünməsi ilə həmahəng səslənən vətənpərvər ruhlu qəhrəmanlıq havası olan “Misri” aşıq havası sanki tamaşadakı hadisələrin zaman və məkan mühiti ilə bərabər, mövzusundan da xəbər verir. Böyükağa bəyin (Xalq artisti Həsən Ağasoy) ailə üzvləri ilə söhbətindən məlum olur ki, Azərbaycanın çətin günləridir. Ruslar Azərbaycanı işğal etdikdən sonra Şəmkir mahalında və buraya yaxın yerlərdə Rusiyadan köçürülən malakanları və duxobor təriqətinin nümayəndələrini, erməniləri və digər başqa millətləri məskunlaşdırmaqla münaqişə yaratmaq istəyirlər. Bunun üçün hətta rus çarı fərman da imzalayıb.
Nisəbəyim xanım (aktrisa Nazlı Hüseynquliyeva) və Qumru (aktrisa Zəminə Baxşəliyeva) gündəlik qayğılarla yaşayan Azərbaycan qadınlarıdır. Onları elin oğlu Yəhya bəyin taleyi daha çox düşündürür.
Tamaşada Azərbaycan Respublikasının Əməkdar artisti Xəlil Hüseynovun yaratdığı mühacir Mirzə Əmir obrazı daha çox el ağsaqqalını xatırladır. Səhnə əsərindəki Telli xanımın atası Nəsib bəy (Azərbaycan Respublikasının Əməkdar artisti Yusif Allahverdiyev), anası Cəvahir xanım (aktrisa Zülfiyyə Zeynalova) surətləri dövrün koloritini səhnəyə gətirən obrazlardır. Onların qızı Telli xanım (aktrisa Nurbəniz Niftəliyeva) Yəhya bəylə ailə qurduqdan sonra tamaşaçı hadisələrin nikbin sonluqla bitəcəyini düşünür. Gənc ailənin övladsızlıq dərdi azmış kimi, bu dərdə daha biri – xəyanət barmağı uzanır. Telli xanımın əmisi oğlu Bağırbəy (aktyor Səyyad Məmmədov) bu məhəbbətin nakam sonluqla bitməsinə səbəb olur. Tamaşada Bağırbəy, Musa (aktyor Bünyat Səttarlı), Gülgəz (aktrisa Şölə Novruzbəyli) obrazlarını teatrın gənc aktyorları ifa edirlər.
Tamaşada rus zabitlərini Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov və Bəhruz Haxverdiyev canlandırırlar.
Tamaşada ictimai-siyasi xətdən fərqli olaraq, lirik xətt daha qabarıq görünür. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev Yəhya bəy Dilqəmin şeirlərini deyəndə də, məhəbbət səhnələrində də təbii və canlı görünür. Aktyorun təqdimatında el sənətkarının nakam, uğursuz məhəbbəti ilə yanaşı, zəmanədən şikayət motivli şeirləri də səslənir.
Tamaşanın son səhnəsində – Dilqəmin, onun ardınca atası Böyükağa bəyin ölümü məqamında aşıq havası “Dilqəmi”nin səslənməsi el sənətkarının vaxtsız vəfatından doğan kədəri və Vətənin bu halından yaranan qəm-qüssəni ifadə edir, tamaşaçıya Vətən tariximizin unudulmaz səhifələrini xatırladır.
Ümumilikdə, yaradıcılığının çox az hissəsi günümüzə gəlib çatmış Yəhya bəy Dilqəmi tanıtmaq baxımından maraq doğuran tamaşanın quruluşçu rejissoru, Xalq artisti Kamran Quliyevdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovun dövrün koloritini, etnoqrafik xüsusiyyətlərini göstərən rəssam tərtibatı və Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovun musiqi tərtibatı uğurludur.
Tamaşadan sonra səhnəyə çıxan əsər müəllifini və yaradıcı kollektivi teatrsevərlər alqışlarla qarşılayıblar.
Əli RZAYEV