24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasovanın Əməkdar elm xadimi,  akademik İsmayıl Hacıyevin elmi məsləhətçiliyi, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın elmi redaktorluğu ilə 2014-cü ildə “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik səviyyədə işıq üzü görmüş kitabı ən qədim dövrdən XIX əsrin sonu, XX əsrin əvvəllərinədək əsrlər boyu böyük tarixin səhifələrində adı qızıl hərflərlə həkk olunmuş görkəmli qadınlarımızın həyat və fəaliyyətlərinə həsr olunmuşdur. 

Bəri başdan qeyd edilməlidir ki, əsərin ilk səhifəsində və sonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi yüksək fikirlərin verilməsi kitabın sanbalını və kamilliyini xeyli artırmışdır.

Əsərdə bütün tarix ərzində Azərbaycan xalqının yüksək mənəviyyat, cəsurluq və təmizlik simvolu olmuş görkəmli qadın nümayəndələrinin şəxsiyyət cizgilərinə və fəaliyyətlərinə nəzər salınır. Bir çox tarixçilərin haqqında həvəslə danışdığı döyüşkən və qorxmaz amazonkaların yaşadığı coğrafiyanı və onlara dair məlumatları dərindən təhlil edən müəllif Azərbaycan ərazisində də bu əfsanələşmiş qadın tayfalarının yaşadığı qənaətinə gəlir. Kitabda haqqında söz açılan Araz çayından şimala doğru uzanan Massaget şahlığının qadın hökmdarı Tomrisin (e.ə. VII-VI əsrlər) və onunla, təxminən, eyni dövrdə yaşayan Turan hökmdarı Alp Ər Tonqanın (Əfrasiyabın) nəslindən olan hökmdar Məhinbanu Şəmiranın dövlət başçısı və böyük sərkərdə kimi fəaliyyətləri, əslində, amazonkalar haqqında yazılanlarla həm tarixi baxımdan, həm də mahiyyətcə uyğun gəlir.
Orta əsrlər Azərbaycan tarixinin bütün tədqiqatçıları XII əsri xalqımızın tarix salnaməsində intibah dövrü kimi səciyyələndirirlər. Bu baxımdan məşhur rübailər ustadı Məhsəti Gəncəvinin, Eldənizlər dövlətinin (1136-1225) idarəçiliyində hökmdar anası, həyat yoldaşı və xeyriyyəçi kimi mühüm rol oynamış, dərin zəkaya malik Möminə xatın (Atabəy Şəmsəddin Eldənizin həyat yoldaşı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası), Zahidə xatın (M.C.Pəhləvanın həyat yoldaşı, Eldənizlərin sonuncu hökmdarı Özbəyin anası), Mehrican xatının (Səlcuq sultanı III Toğrulun qızı, atabəy Özbəyin həyat yoldaşı) bu dövrdə yaşamaları təsadüf sayılmamalıdır. Cahan Pəhləvanın kiçik qızı Cəlaliyyənin anası Zahidə xatından sonra Eldənizlərin mərkəzi vilayətinə çevrilmiş Naxçıvanı yüksək səviyyədə idarə etməsi haqqında məlumatlar isə yalnız iftixar hissi doğurur. Bu qadınların, habelə Ağsunqurilər dövlətinin (1117-1228) sonuncu hökmdarı Sülafə xatının və Hülakülər dövlətinin (1258-1357) ən qarışıq zamanlarında taxta çıxmış Satıbəy xatının fəaliyyəti əsərdə geniş təhlil edilir.
Ağqoyunlu (XV əsr) hökmdarı Uzun Həsənin anası, dövrünün görkəmli diplomatı Sara xatının dövlət idarəçiliyində mühüm rolu daim tədqiqatçıların böyük marağına səbəb olmuşdur. Belə ki, Uzun Həsən xarici siyasətdə ciddi problemə çevrilən bütün məsələlərin həllini, əslində isə bütün xarici siyasəti həm Teymuri və Osmanlı hökmdarları ilə münasibətlərdə, həm də avropalı tərəfdaşlarla danışıqlarda mahir diplomat kimi özünü təsdiqləmiş Sara xatına etibar etmişdi. Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin ömür-gün yoldaşı Taclı Bəyim (Şahbəyim), Şah I Təhmasibin qızı Pərixan xanımın Səfəvilər dövlətinin tarixində oynadıqları rol XVI əsrdə Azərbaycanın dövlət idarəçiliyində və cəmiyyətdə qadının yüksək səviyyədə təmsilçilik simasına ən bariz nümunədir. Qubalı Fətəli xanın həyat yoldaşı, bir müddət Dərbənd xanı olmuş Tuti Bikə və bacısı, Bakı xanlığının idarəçiliyində müstəsna rol oynamış Xədicə Bikənin, qızları Pəricahan (Pərixan) xanımın və Xanbikə xanımın göstərdikləri şücaət, ağıllı qadın və dövlət xadimi obrazı isə XVIII əsr Azərbaycanının siyasi pərakəndəlik mühitində heyranlıq doğurmaya bilmir. Qarabağ xanı İbrahim Xəlil xanın yüksək təhsil görmüş və xan sarayında xüsusi mövqeləri olan qızları, İngiltərə kralı I Georq tərəfindən “Müqəddəs Georgi” ordeninə layiq görülmüş yeganə türk qadını Ağabəyim ağa Ağabacı, şairə, böyük xeyriyyəçi, maarif və mədəniyyətin hamisi Gövhər ağa əvvəlki əsrlərdə adını tariximizə yazdırmış Azərbaycan qadınlarının növbəti nəslinin ləyaqətli nümayəndələri olmuşlar.
XVIII-XIX əsrlərdə yaşayıb-yaratmış qadın şairələrimizdən 4500 beytlik “Divan”ın müəllifi, yüksək təhsilə malik naxçıvanlı Heyran xanımın, Naxçıvan xanı Ehsan xanın qızı Qonçabəyimin, qarabağlı Xan qızı, lirik qəzəllərin böyük ustadı, xeyriyyəçi, maarifçi Xurşudbanu Natəvanın fəaliyyətləri Azərbaycan ədəbiyyatı tarixinin mühüm səhifələrini təşkil edir.
XX əsrin əvvəllərində Azərbaycan milyonçularının xeyriyyə fəaliyyəti ilə məşğul olan nümayəndələrindən biri də Təzə-Pir məscidini bərpa etdirmiş, kasıb təbəqəyə qarşı əliaçıqlığı ilə məşhurlaşmış Nabat xanım Aşurbəyova-Rzayeva olmuşdur. Azərbaycanın ilk maarifçı qadınlarından olan, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ömür-gün yoldaşı, Bakıda ilk qız məktəbinin yaradıcısı və 1901-1905-ci illərdə müdiri işləmiş Hənifə xanım Məlikova-Zərdabi, kitabın müəllifinin də haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan ziyalı qadınlarının mənəvi anası sayılır. Onun daha bir həmmüasiri, 1909-cu ildə oğlanlarla qızların birgə oxuduğu ilk məktəbin banisi, beynəlxalq konfransda məruzə edən ilk müsəlman qadın və böyük şair Mirzə Ələkbər Sabirin müalicə xərclərini öz üzərinə götürmüş tarixçi Əhməd bəy Cavanşirin qızı, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, maarifçi və xeyriyyəçi Həmidə xanım Cavanşir-Məmmədquluzadə olmuşdur. İsa Sultan Şahtaxtinskinin həyat yoldaşı Sofiya xanım Həmidə xanımla birgə 1905-ci ildə Tiflisdə Qafqaz Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətini yaratmışdı. Cəmiyyətin məqsədi yoxsullara yardım etmək, qız məktəbləri açmaq, Qafqazda qadınlar arasında maarifçiliyi və mədəniyyəti təbliğ etmək idi. 1922-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş ilk 4 azərbaycanlı qız – Ceyran Sultanova, Sona Axundova, Kəbirə Bağırbəyova və Ədilə Şahtaxtinskaya idi. Sonuncu İsa Sultanla Sofiya xanımın kiçik qızları idi. Daha bir naxçıvanlı qadın, Şərur rayonunun Kərimbəyli kəndindən olan Əfruz Kərimova isə Abbas­qulu bəy Şadlinskinin başçılığı altında “Qırmızı tabor”da erməni təcavüzünə qarşı rəşadətlə mübarizə aparmış qəhrəman qadınlarımızdandır.
Müəllif, ümumiyyətlə, öz əsərinə 30-dan artıq Azərbaycan qadını haqqında məlumatları daxil etmişdir. Kitabın dəyərini artıran mühüm amillər bir sıra yeni məlumatların ictimai dövriyyəyə daxil edilməsi və tədqiqatçının yeri gəldikcə tarixi hadisələrə də müraciət etməsidir. Bu müraciət tarixin bütün dövrlərindən səs-sədası gələn Azərbaycan qadınının ən mürəkkəb tarixi şəraitdə böyük qəhrəmanlıq, xeyriyyəçilik və maarifçilik nümunəsi olan obrazının ətraflı təsviri üçün son dərəcə faydalıdır. Qadınlarımız haqqında oxunaqlı bir əsər ərsəyə gətirmiş Sevinc Abba­sovanın “Nəsillərə örnək: Azərbaycan qadını (Qədim dövr – orta əsrlər – XIX əsr)” kitabının geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağına şübhəmiz yoxdur.

Elman CƏFƏRLİ
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR