Muzeylər bəşəriyyətin çoxəsrlik tarixinə şahidlik etmiş qiymətli sərvətlər qalereyasıdır. Xalqın tarixi, elmi və mədəni abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması, saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsində muzeylərin müstəsna əhəmiyyəti vardır.
Bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan torpağının qədim tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam etdirilir.
Dekabrın 27-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Açıq Səma Altında Muzeydə olmuşlar. Məlumat verilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamı əsasında yaradılmışdır.
Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yerləşən muzeyin üç hektara yaxın ərazisi var. XII əsrin yadigarı, Naxçıvan memarlıq məktəbinin dəyərli nümunəsi olan Möminə xatın türbəsi də bu ərazidədir. Açıq Səma Altında Muzeyin ekspozisiyası müxtəlif növ daşlardan hazırlanmış qoç fiqurları, qədim daş kitabələr, qəbirüstü daşlar, sütun altlıqları və digər eksponatlardan ibarətdir. Buradakı daş qoç, şir fiquru, sənduqə, zəyərəkdaşı, sinədaşı, dibəkdaşı və onlarla digər eksponatlar xalqımızın tarixi yaddaşını özündə əks etdirir. Muzeydə eramızdan əvvəl IV-I minilliyə aid olan Gəmiqaya abidəsindən gətirilmiş və Tunc dövrünə aid qayaüstü rəsmlər də nümayiş etdirilir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Açıq Səma Altında Muzeydə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Daxili İşlər Nazirliyinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Milli Təhlükəsizlik Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində, Dövlət Gömrük Komitəsinin və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Ədəbiyyat Muzeyində, Maliyyə, Vergilər nazirliklərinin kollektivləri isə Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.
Xəbərlər şöbəsi