Bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasından 90 il ötür. Qədim tarixə, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda şərəfli inkişaf və tərəqqi yolu keçmişdir. Ulu Naxçıvan torpağı həmişə özünün zəngin mədəniyyəti, ədəbiyyatı, incəsənəti və xalq yaradıcılığı nümunələri ilə Azərbaycan, ümumən, bəşər sivilizasiyası tarixində əhəmiyyətli rol oynamışdır.
1920-1924-cü illər Naxçıvanın çətin və mürəkkəb dövrü kimi tarixə düşmüşdür. Bu dövrdə xalqın maariflənməsində, ziyalıların təşkilatlanmasında Naxçıvan teatrı mühüm rol oynayırdı. Qədim diyarda mədəniyyətin, folklorun, mədəniyyət abidələrinin öyrənilməsində 1925-ci ilin mart ayında yaradılıb 1928-ci ilədək fəaliyyətini davam etdirmiş “Naxçıvanı Tədqiq və Tətəbbö” (araşdırma, öyrənmə) Cəmiyyətinin də rolu olmuşdur. Naxçıvan Muxtar Respublikasında mədəniyyət sisteminin dövlət tərəfindən tənzimlənməsinin təşkilatlanması uzun bir yol keçmişdir. Naxçıvan MSSR Ali Sovetinin 18 aprel 1953-cü il tarixdə keçirilən III çağırış 3-cü sessiyasında Naxçıvan MSSR Nazirlər Soveti yanında Mədəniyyət Müəssisələri Komitəsi, Radio Məlumat Komitəsi, İncəsənət İşləri İdarəsi və Kinolaşdırma İdarəsi birləşdirilərək Naxçıvan MSSR Mədəniyyət Nazirliyi yaradılmışdır.
1924-cü ilin fevralında Naxçıvan Muxtar Respublikası təşkil olunduqdan sonra, həmin ilin oktyabrında Naxçıvanda ilk muzeyin yaradılması haqqında qərar qəbul edilmişdir.
Muxtariyyətin ilk illəri kitabxana işi, kitabxana şəbəkələrinin yaranması ilə əlamətdardır. Hələ 1922-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən təsis edilən Naxçıvan Şəhər Kitabxanasının bazasında 1930-cu ildə Naxçıvan Respublika Kitabxanası yaradılmışdır. İlk uşaq musiqi məktəbinin yaradılması isə 1937-ci ilə təsadüf edir.
Naxçıvan Muxtar Respublikasında da mədəniyyətin inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq muxtar respublikada klub və mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilmiş, burada Bəstəkarlar Təşkilatı, Rəssamlar Birliyi, Musiqi Texnikumu fəaliyyətə başlamış, muxtar respublikanın bütün rayonlarında muzeylər yaradılmış, uşaq musiqi məktəbləri istifadəyə verilmişdir.
Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə, o cümlədən mədəniyyətin və incəsənətin inkişafında əldə edilən uğurların əsasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf və tərəqqi strategiyası dayanır.
Təkcə bir faktı göstərmək kifayətdir ki, 1995-2014-cü illər ərzində bu sahənin inkişafı üçün görülən işlər haqqında təsəvvür yaransın. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin mühafizəsi və bərpası, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması sahəsində 100-dən çox fərman və sərəncam imzalanmışdır.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində həyata keçirilən mühüm işlərdən biri yeni muzeylərin yaradılması, mövcud muzeylərin zövqlə yenidən qurulması olmuşdur. Bir sıra muzeylər üçün yeni binalar inşa olunmuş, muzeylərimizin bəziləri yeni binalara köçürülmüş, bəzi muzey binaları təmir edilmiş, onların ekspozisiyaları yenidən qurulmuşdur. Bu illərdə Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, C.Məmmədquluzadənin ev-muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Açıq Səma Altında Muzey, Xatirə Muzeyi fəaliyyətə başlamışdır.
Naxçıvan torpağının yetirdiyi görkəmli şəxsiyyətlərin adının əbədiləşdirilməsi üçün dəyərli işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 15 fevral 2001-ci il tarixli Sərəncamı görkəmli rəssamın adının əbədiləşdirilməsi üçün mühüm işlərin görülməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında”, “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında”, “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” və başqa çoxsaylı sərəncamları tarixi abidələrimizə, maddi-mənəvi dəyərlərimizə, inanc yerlərimizə diqqət və qayğının ən gözəl nümunələridir. Bu gün Naxçıvan Muxtar Respublikasında 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə alınmışdır.
Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, hazırda qədim diyarımızda 27 müxtəlifprofilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Bu gün təkcə Naxçıvan şəhərində 13 muzey vardır. 2010-cu ildə muxtar respublikada 2 muzey yaradılmışdır. Ali Məclis Sədrinin 9 fevral 2010-cu il tarixli Sərəncamı ilə yaradılan Şahtaxtinskilər Muzeyi, 23 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi qədim yurdun görkəmli şəxsiyyətlərinə ehtiramın ifadəsidir. Son illər muxtar respublikamızda dəniz səviyyəsindən 3700 metr yüksəklikdə Gəmiqaya muzeyi yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 28 iyun 2013-cü il tarixli “Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında”, 22 avqust 2014-cü il tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” sərəncamlarına uyğun olaraq yaradılan yeni muzeylər “Muxtariyyət ili”ndə qapılarını ziyarətçilərin üzünə açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2014-cü il tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 17 sentyabr 2014-cü il tarixli “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” sərəncamları bu sahədə aparılan işlərin ardıcıllığını və davam etdirildiyini göstərir.
Qədim diyarda mədəniyyətin və incəsənətin bütün sahələri qayğı ilə əhatə olunmuşdur. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illiyi dövlət səviyyəsində qeyd edilmişdir. 2013-cü ildə isə Rəssamlar Birliyinin yeni binası və B.Kəngərli adına Sərgi Salonu istifadəyə verilmişdir. Bu il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı keçirilmişdir.
Teatrlarımıza dövlət qayğısını muxtar respublikamızda fəaliyyət göstərən sənət ocaqlarının timsalında aydın görmək mümkündür. Naxçıvanın mədəni həyatında mühüm rol oynayan teatrlarımız yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Muxtar respublikamızda teatrın zəngin ənənələrinin qorunması, milli teatr sənətinin davamlı inkişafının təmin edilməsi, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Ölkə başçısının 31 yanvar 2008-ci il tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi təntənə ilə qeyd edilmişdir. 2012-ci ildə teatrın binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrı və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı beynəlxalq mədəni əlaqələrin yaradılmasında da fəal iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı ölkəmizdə fəaliyyət göstərən 2 uşaq teatrından biri kimi balaca tamaşaçıların sevimli ünvanına çevrilmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının fəaliyyəti də yaddaqalan mədəni hadisələrlə zəngindir. Dövlət qayğısı sayəsində filarmoniyanın maddi-texniki bazası möhkəmləndirilmiş, filarmoniya üçün səs avadanlıqları, musiqi alətləri, musiqi ədəbiyyatı, geyimlər alınmışdır. Bu illərdə Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Türkmənistan Respublikasında keçirilən müxtəlif tədbirlərdə uğurla çıxış etmişlər. “Muxtariyyət ili”ndə Naxçıvan Dövlət Filarmoniyasının musiqiçiləri, o cümlədən “Şərur” Xalq Yallı Ansamblı Polşa Respublikasının Krakov şəhərində muxtar respublikanın 90 illiyinə həsr olunmuş tədbirdə konsert proqramı ilə çıxış etmişdir. Son illər “Şərur” Xalq Yallı Ansamblının, filarmoniyanın kamera orkestrinin kompakt-diskləri hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 yanvar 2012-ci il tarixli “Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin yaradılması haqqında” Sərəncamı ilə Estrada Orkestri yaradılmış və orkestrin repertuar zənginliyinə diqqət artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2010-cu il tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyası musiqi mədəniyyətimiz tarixində mühüm hadisədir.
Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamı xalq yaradıcılığının müasir dövrümüzdə inkişafına və təbliğinə yeni üfüqlər açmışdır. Bu sərəncam həm də zəngin xalq yaradıcılığı ənənələrini yaşatmaq, gələcək nəsillərə çatdırmaq baxımından dəyərlidir. Bu gün muxtar respublikada xalq yaradıcılığına qayğı öz bəhrələrini verməkdədir. Muxtar respublikada Aşıqlar Birliyi yaradılmışdır. 2009-cu ildən başlayaraq Novruz bayramı ərəfəsində xalq yaradıcılığı günləri keçirilir. Bu şənliklərdə xalq sənətkarlarının əl işləri, Azərbaycan xalqının tarixini özündə yaşadan müxtəlif əşyalar, muzey eksponatları, milli mətbəx nümunələri nümayiş etdirilir, xalq oyunlarını və musiqisini, yallıları, xalq rəqslərini, toy adətlərini, aşıq musiqisini yaşadan folklor kollektivləri çıxış edirlər.
Bu gün muxtar respublikamızda xalq sənətkarlığının müxtəlif sahələrinə yeni həyat verilir. 2012-ci il muxtar respublikamızda “Milli dəyərlər ili” kimi yadda qalmışdır. Xalq sənətinin ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, toxuculuq, dəmirçilik, zərgərlik, misgərlik sahələrini özündə əks etdirən sahələr inkişaf etdirilir. Bu gün qədim diyarda 200-ə yaxın insan xalq yaradıcılığının müxtəlif sahələrini yaşadır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində qədim xalq sənətimizin nümunələrini yaşadan kurslar təşkil olunur, xalq sənətkarlarının əl işləri satış-sərgilərə çıxarılır.
Son 19 ildə muxtar respublikada gedən mədəni yüksəliş kitabxanalara da öz təsirini göstərmişdir. Muxtar respublikanın bölgələrində inşa olunan 100-dən çox kənd mərkəzində kitabxanalar üçün nümunəvi şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2012-ci il tarixli “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, burada elektron kitabxana yaradılmışdır. Yüksək zövq və nəfis tərtibatla nəşr olunmuş “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvan tikmələri”, “Naxçıvan mətbəxi”, “Azərbaycan xalçaları: Naxçıvan qrupu”, “Naxçıvan xalçaçıları” və başqa kitablar mədəniyyətimizin, incəsənətimizin təbliği baxımından olduqca dəyərli nəşrlərdir.
Naxçıvan torpağının yetirdiyi görkəmli şəxsiyyətlərin adının əbədiləşdirilməsi və yubileylərinin keçirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. M.T.Sidqinin, M.Şahtaxtlının, B.Şahtaxtinskinin, H.Cavidin, Ə.Cavidin, C.Məmmədquluzadənin, B.Kəngərlinin, M.S.Ordubadinin, İ.Səfərlinin, M.Arazın yubileylərinin dövlət səviyyəsində qeyd olunması Naxçıvanda böyük mədəni hadisələr kimi dəyərləndirilməlidir.
2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam Ölkələrinin Mədəniyyət Nazirlərinin VI Konfransında Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması muxtar respublikamızın nüfuzunun nəticəsi, ona göstərilən etimadın ifadəsidir. Mədəniyyətin inkişaf etdirilməsi həm də qədim diyarımızın regionda tanıdılması və mədəni mərkəz rolu oynamasını şərtləndirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir”.
Əli RZAYEV
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı